Gündəm, Hüquq
08.05.2018 / 12:17

Vətəni qorumaq üçün

Vətəni qorumaq üçün
Mədəniyyətimizin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Şuşa artıq 26 ildir ki, təcavüzkar Ermənistan tərəfindən işğalda saxlanılır.

Şəhər 1992-ci il mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçılar bu tarixi diyarı ələ keçirdilər. Şuşa uğrunda gedən döyüşlərdə hərbçilərlə yanaşı daxili işlər orqanlarının əməkdaşları da iştirak ediblər.

Vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Qax RPŞ-nin də 10 nəfər polis əməkdaşı Qarabağa ezam olunub. 1992-ci il mayın 8-də Şuşanın müdafiəsində iştirak edən həmin 10 nəfərdən 4-ü polis kapitanı Əli Musayev, Soltan Mehdiyev, baş leytenant Əhməd Məmmədov və baş serjant Rəcəb Lətifov şəhid olublar. Vuruşdular, igidlik göstərdilər, canlarını fəda etdilər Vətən yolunda.

Gözlərinin gördükləri, ayaqlarının apardığı yerə qədər getmişdilər. Arxalarına belə baxmadan. Vətən üçün doğulmuşdular, Vətən üçün yaşayırdılar, Vətən üçün də şəhid oldular.
Onların xatirəsi Qax RPŞ-də daim əziz tutulur, qəhrəmanlıqlarından, yaşadıqları qürur və şərəf tarixindən gənc əməkdaşlara geniş məlumat verilir.

Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 36