Gündəm, Şərhlər
25.07.2015 / 11:53

Şəkil cəmiyyəti ...

Şəkil cəmiyyəti ...

İşğal olunmağın bir sirri


Xanəmir TELMANOĞLU / İnform.az


Ey şəklindəki şarlatanlığa şəhadət gətirən şəngülümlər, sizin o şəkillərdəki şələquyruğunuz şaqraq gülüşlərimizlə çoxmu şenlənəcək...
Azərbaycanlılardan çox surətpərəst, şəkilpərəst heç bir toplumu acından qan qusa- qusa özünü belə tox gözə soxmasını heç gavurun qəzəbinə tuş gəldiyimiz zamanlarda da görməmişəm. Biz öz siyasi yanlışlıqlarımızı əsrlərdi araz çaylarının üzərinə yıxan azərbaycanlılar, insana qabliyyətinə, bacarığına, mənəviyyatına, əməlinə görə deyil, göylərə buxarlanan boy-buxununa, sir-sifətinə, rənginə, ənlik-kirşanına, üst-başına, boğazdan yuxarı qırıldatdığı şüarlara, boş vədlərə görə insana qiymət veririk. Ama bu qiymətlər bir gün gəlir, real həyatda özümüzlə bağli ölüm tempuraturunu göstərən rəqəmə çevriləndə, insan çarəsiz, köməksiz, kimsəsiz qalır, heç bir gücün onu xilas edə bilməyəcəyini anlayır.
Oysa bir zamanlar bu millət təfəkküründə “hər gördüyünü bir Xızır bil” anlayışı onun yaşamından xəbər verdiyi halda, indi “hər gördüyün geyimli-keçimli, bazburutlu deyilsə, onunla kəlmə kəsmə” təfəkkürü milli mənəvi ərazilərimizdə nə qədər məsafələr qət etdiyimizdən xəbər verir.
Deyirlər, adamlar var, onlara yaxın düşmək mümkün deyil. Uzaq başı bir məktəb direktoru, ferma müdiri, bələdiyyə başqanı, sıravi polis, hansısa idarənin süpürgəçisidir. Nə vaxtsa Heydər Əliyevlə düşərinə necə olubsa şəkil çəkdirib. İndi qardaş, sən bu adamlara yaxın düş görüm, necə düşürsən, adamın anasından əmdiyi südü burnundan gətirir. Hansı ki, H.Əliyevin sevmədiyi bir hərəkət idi bu.
Hələ mən hər bir azərbaycanlının bir ömür içərisində hansı pozalarda nə qədər –bəlkə neçə yüz min şəkil çəkdirdiyindən danışmıram. Yazar camaatımız isə bu həngamədə lap müsibətdir. Əlinin birini qoyar çənəsinin altina, dalğın baxışlarla uzaqlara doğru baxar, biri əllərini qoynuna salıb gözlərini qıyaraq yazıq bir görkəm alar, biri hardansa bir palıd ağacı tapıb budağından , ya gövdəsindən yapışar. Elə bilər ki, bu görkəm onun qələminin gücünü təsdiq edir. Bu öz yerində.
Bu günlərdə təsadüfən ucqar bir rayonun ucqar bir kənd məktəbinin direktoru ilə söhbət edərkən sözümüz çəp gəldiyində o qoltuq cibindən millət vəkili, H. Əliyev fondunun prezidenti Mehriban Əliyevayla kollektivlə birgə çəkilmiş, bu şəxsin də orada yer aldığı bir şəkli rəsmi göstərib mənim başıma istəsə hər türlü oyun açacağını söyləmək istədi. Mən o adama başa sala bilmədim ki, biz şəxsi zəmində söhbət edirik. Bu şəkillərin bizim söhbətimizə aidiyyatı yoxdur. Ağlı başında olan oxuma-yazmağı ən azından bilən bu adam isə israrla bu şəklin nə demək olduğunu mənim anlamağımı istəyirdi. Hansı ki, onun bu hərəkətini M.Əliyeva bilsə, belə bir səviyyəyə mənsub adamla görüntülənməsinə bəlkə də təəssüf edər.
H.Əliyevlə bir yerdə nə vaxtsa təsadüfən şəkil çəkdirmiş bir jurnalistin isə, o şəkil vasitəsi ilə özünə ev, torpaq, maşın aldığını, iş qurduğunu xatırladıqca, ümüumiyyətlə, bu hərəkətlərin bizim üçün nə anlam daşıdığını bilmək istəyirəm.
Birincisi, mən şəkil çəkdirməyin əleyhinə deyiləm. Özəlliklə, dövlət rəhbərlərinin sadə insanlarla çəkdirdiyi şəkillər, sizləri bilmirəm, mənə sonsuz ləzzət verir, həzz yaşadir. Ama, bizinən olmur, vallah, olmur. Bir dəfə Bakıxanovda bir taksi sürücüsünün polisi H.Əliyevin rəsmiylə necə qorxutduğunu, onun rəsmini özüylə gəzdirdirməsiylə necə cinayətini yumasının şahidi olmuşdum. Axı bu rəsimlər nə üçün bu duruma salınmalıdır. Bizim adamlarımızın rəsmilərin rəsmi ilə elə davranması cəmiyyətin, onun təfəkkür tərzinin hələ də cadu-piti, falçılıq kimi axmaq bir yaşam tərzinə, şüuruna sahib olmağından xəbər verir.
Bilirsinizmi, vətəndaş özünü qanunlarla deyil, şəkillərlə- bir anlıq dondurulmuş surətinin imkanıyla müdafiə etmək istəyir. Əslində belə çıxır ki, vətəndaş bu şəkildə qorunmaq, sığortalanmağa meyillidirsə, bu əməlini üstün tutursa, onun istənilən çətin anında, vəziyyətində H.Əliyev gərək yanında ola. Demək o düşdüyü istənilən çətin durumunda həm də dövlətin başçısını yanında görmək istəməsindən, amma bu istəyinin içində saxtalığını gizlədərək bir tərəfdən də müdafiəsini reallaşdırarkən qorxusunu da göz ardı etməməsindən xəbər verir. Dövlət başçısının isə istənilən vətəndaşının istənilən zor durumunda yanında ola bilmək imkanı mümkün olmadığından, qanun dövrəyə girər. Bu situasiyada qanun vətəndaşı qurtarmaq yerinə, onun düşüncəsini təlqinlərindən doğan hərəkətlərinə adekvat cavab verdiyində, vətəndaş səhv deyil, artiq cinayətkardı. Söylədiyimiz kimi, rəsimlərdən onun bu şəkildə yararlanma hərisliyi məntiqcə yanliş olduğundan, onu komik rola saldığından, bu yerdə qanunlar vətəndaşı həm işlədiyi failə görə, həm də girdiyi rola görə, cəmiyyəti, insanları,ən azından içində bulunduğu situasiyanı çaşdırdığı, qarışdırdığı üçün iki qat çinayətkar olmasını göstərir.
İnsan elə bir cəmiyyətdə yaşamalıdır, nəyin ki heç bir rəsimdən, hətda heç kimin rəsmindən mədət umub, kömək gözləməməlidir. Bu isə insanın canlıya deyil, o insanın cansız bir halına, durumuna, anına müraciət etmə şüuru, məcburiyyəti yer üzündə indiyə qədər formalaşmış bəşər mədəniyyətinə sanki bir növ etirazından da işartı vermirmi?
Bu şəkil anlayışı bir adı da “ayrılarmı könül candan” dediyimiz Azərbaycanın insanının nə qədər qorxaq, güvəncsiz, özündən, öz ilahi gücündən və imkanlarından uzaq düşmüş bir “təkamül prosesi “ keçirməsiylə xurafat yüklü eşalonlarının gecə -gündüz demədən düşmən tərəflərindən dolu – dolu iç ərazilərimizə adlamağından xəbər verir. Mən az qalıram ki, mağaralarımızda, elə Qobustan qayaları üzərindəki rəsimlərə gedib bir daha diqqətlə baxım görüm, o rəsimlərin içində ulu əcdadlarımızdan indiki duruma düşənləri varmı.Bəlkə o zamanlar bu oyunları, oyunbazlıqalrı qədim əcdadlar atın, inəyin, öküzün yanında, günəşin fonunda, yaxud elə tonqal ətrafında, yalllı gedərək “bəyan edirmişlər”...

Baxış sayı: 521