Sosial
07.05.2018 / 11:55

Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib - FOTO

Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib -
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

İnform.az "APA-Economics"-in məlimatına istinadən xəbər verir ki, komitə sədri Kərəm Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı, uğurlu islahatlar iqtisadiyyatın fundamental inkişafını təmin etməklə, ölkədə sosial-iqtisadi inkişaf dinamikasının stabilliyini qoruyub saxlayır: "Dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illərdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər daşınmaz əmlak idarəçiliyində fəaliyyətin elektron müstəviyə keçidinin təmin olunmasına, innovasiyaların tətbiqinə, şəffaflığın artırılmasına, vətəndaş rahatlığının və məmnunluğunun təmin olunmasına istiqamətlənib".

Komitə sədri qarşıdakı hədəfləri açıqlayaraq bildirib ki, dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndiriləcək, özəlləşdirmənin tam elektronlaşması təmin ediləcək: "Həmçinin daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında prinsipi əsas götürülür. Bundan başqa, torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi reallaşdırılacaq, ölkədə mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sistemi qurulacaq. Eləcə də göstərilən bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası təmin ediləcək, müasir kadr potensialı formalaşdırmaqla çevik idarəçilik həyata keçiriləcək. Komitə də dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı, torpaqların elektron uçotunun qurulması, torpaq inzibatçılığı istiqamətindəki görülən işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” müvafiq fərmanına əsasən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsində müasir yanaşmaların tətbiqi, prosesin tam olaraq elektronlaşdırılması, investorlar üçün özəlləşdirmədə əlçatanlığın və geniş məlumatlandırmanın təmin edilməsi, şəffaflığın artırılması ilə bağlı mühüm layihələr reallaşdırılır. Bu sahədə həyata keçirilən ən mühüm layihələrdən olan elektron hərracların tətbiqi Azərbaycanın özəlləşmə prosesi tarixində yeni mərhələnin başlanğıcı olub. “Elektron hərrac” modeli dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhali və investorlar üçün prosesdə əlçatanlığı artıraraq zaman və məkan məfhumlarını aradan qaldırır. Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq onlayn hərraclara əhali tərəfindən yüksək maraq müşahidə edilir. Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərraclarının onlayn rejimdə izləmək imkanı isə investorlar üçün proseduralar barədə dolğun informasiyaların əldə etməsinə imkan verir. Hərraclarda iştirak etmək üçün elektron sifarişlərin verilməsi də vətəndaş-məmur ünsiyyətini minimuma endirməklə şəffaflığı daha da artırır. “Özəlləşdirmə portalı” investorlar üçün özəlləşdirməyə çıxarılan əmlaklar və müəssisələr barədə informasiya açıqlığını geniş şəkildə təmin edir".

Qeyd edilib ki, “Özəlləşdirmə portalı”-na cari il ərzində 800 minə yaxın baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 1,5 milyondan çoxdur.

Özəlləşdirmə prosesinə xarici investorların cəlb edilməsi məqsədilə ABŞ, Fransa, Rusiya, Ukrayna, Çin, Türkiyə, İngiltərə, Hindistan, İran, Küveyt və BƏƏ-dən olan potensial investorlarla görüşlər keçirilib, onlara özəlləşdirmə portfelinə daxil olan müəssisələr haqqında məlumatlar verilib. Yerli sahibkarların özəlləşdirmə prosesi barədə məlumatlandırılması, eləcə də onların prosesdə daha fəal iştirakının təmin olunması məqsədi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə işgüzar forumlar keçirilir.

Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş mühüm yeniliklərdən biri isə artıq çıxarışların 1 iş günü müddətində verilməsi olub. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunacaq. Qeydiyyat sahəsində tətbiq olunan Elektron çıxarış, Əmlakın qeydiyyatı kalkulyatoru kimi funksional layihələr də idarəetmənin müasir prinsiplər əsasında həyata keçirilməsinə imkan vermişdir. Elektron çıxarış sisteminin tətbiqi qeydiyyat prosesinin tam olaraq avtomatlaşdırılmasına imkan verib. Sistemin istifadəsi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır.

Qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün “əks zəng” xidməti və sosial sorğu layihələrinə start verilib. Bu layihələr vasitəsilə vətəndaşlardan qeydiyyat prosesinin keyfiyyətinə olan münasibətlərinin canlı olaraq öyrənilməsi və təkliflərin alınması mümkündür.

Sosial layihə olan “kütləvi çıxarış” kampaniyaları və mobil qeydiyyat ofisləri vətəndaşı xidmət məkanına deyil qeydiyyat xidmətlərini birbaşa vətəndaşın ünvanına çatdırmaq prinsiplərinə əməl edir.

Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən “Qiymətləndiricilərin Beynəlxalq Assosiasiyasına” həqiqi üzv seçilib.

Müasir çağırışlar əsasında effektiv torpaq idarəçiliyi istiqamətində də mühüm layihələr reallaşdırılır, bu sahədə mütərəqqi texnologiyalar və qabaqcıl beynəlxalq təcrübə tətbiq edilir. Ölkədə ilk dəfə Torpaqların Elektron kadastr Uçotu Sistemi yaradılır.

Torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək.

Torpaqların keyfiyyətinin müəyyənləşdirilməsinə, münbitliyin operativ qaydada öyrənilməsinə imkan verən yeniliklərdən biri də mobil torpaq laboratoriyalarının istifadəyə verilməsidir. Birbaşa yerlərdə xidmət göstərən mobil laboratoriyaların başlıca məqsədi kəndli və fermerlərə yaxından dəstək olmaqdır.

Komitə İSO standartı üzrə 2 sahəyə aid beynəlxalq sertifikata layiq görülüb. Bunlar Keyfiyyət İdarəetmə Sistemi (9001) və Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemidir (27001). Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən ictimai xidmətlərin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsi, eləcədə xidmətlərə olan əlçatanlığın artırılması amili bu sertifikatın əldə olunmasının başlıca səbəblərindəndir.

Əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, xidmətlərdən real vaxt rejimində yararlanması məqsədilə Komitə fəaliyyət göstərdiyi sahələrdə avtomatlaşdırılmış xidmətlər şəbəkəsini təkmilləşdirir. Komitə tərəfindən 37 elektron xidmət, 3 SMS və 2 onlayn xidmət vətəndaşların istifadəsindədir. 2018-ci ilin ilk 3 ayında elektron və onlayn xidmətlər vasitəsilə 19 mindən çox müraciət daxil olmuş və cavablandırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib -


Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib -


İnform.az

Baxış sayı: 40