Şərhlər
07.05.2018 / 10:00

Dil təcrübə bazası deyil...

Dil təcrübə bazası deyil...Firuz Mustafanın facebook səhifəsindən:

Alınma sözlərin hansısa bir dilin lüğət tərkibinə, leksikologiyasına daxil olub yaşamaq haqqı qazanması müəyyən prinsiplərlə bağlıdır.

Tarixilik və ənənəvilik də məhz həmin prinsiplərə daxildir.

Nədənsə dilçi və ədəviyyatşünaslarımızın bir çoxu dildə bu prinsipləri (tarixilik-ənənəvilik prinsipini) ya unudur, ya da sadəcə olaraq bundan bixəbərdirlər.

Qoy dilçi dostlarım inciməsin... Xüsusən, son zamanlar bu və ya digər alınma sözlərin dilimizdəki “köhnə statusuna” yenidən baxmaq, başqa sözlə desək, alınma sözlərin “orijinal variantını” təklif etmək sanki bir dəb halını almaqdadır.

Məsələn, tutaq ki, bizim indi gen-bol işlətdiyimiz “arqument” sözü orijinalda “argumentum” kimi yazılır. Və təklif olunur ki, biz də bu qaydaya rayət edək.

Əgər bütün alınma sözlərin “ilkinliyinə” bu “prinsip” üzrə qayıtsaq onda bir görün nə alınar?

Bir-iki misalla fikrimi izah etməyə çalışacağam.

Məlumdur ki, əksər slavyandilli xalqların “Kitay” dediyi ölkəni biz “Çin” adlandırırıq.

Çinlilər (kitaylar) isə özlərinə nə desələr yaxşıdır?

“Xan”. Bəli, onlar özlərini öz dillərində “Xan” adlandırırlar. Bəs “xan” sözü haradan yaranıb?

Mərkəzi Çində Xan-su (Xan-şuy) adlı çay var, Xan sülaləsinin əsasını qoyanlar həmin çayın ətrafında yaşamışlar.

Rusların işlətdiyi “kitay” sözü isə türk mənşəlidir. Uyğurların və bir çox türk xalqlarının dilində “qəsr”, “qala”, “divar”, əksər hallarda “katay” adlanır.

Bəs “çin” sözü haradan meydana gəlib?

Çinin cənub hissəsi uzun müddət Sun sülaləsinin hökmranlığına tabe olub. Buna görə də Hindistan əhalisi öz qonşularını çin və ya və “maxa-çina” adlandırıblar. Əgər xatırlayırsınızsa Mollla Pənah Vaqif bir qoşmasında belə deyirdi:

“Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Cini-maçində”.


Bu beytdə “Cini-maçin” Hind-çin mənasındadır.

Yaxud başqa bir xalqın adını götürək.

Yəqin çoxunuz bilir ki, almanlar özlərini “doytş” adlandırır. Di gəl ki, ruslar bu xalqa “nemes”, onların dövlətinə isə “Germaniya” deyirlər.

Bəs bizim bu xalqa “alman” deməyimiz haradan qaynaqlanır? Məsələ burasındadır ki, fransızlar almanlara “Aleman” deyirlər. Və biz də bu sözü onlardan götürmüşük.

Əgər biz “orijinal variantı” qəbul etməli olsaq onda gərək “alman” sözünü “Die Deutsche” kimi, Almaniyanı isə “Deutschland “ kimi yazaq.

Qısaca olaraq bunu demək olar. Biz yuxarıda qeyd etdiyimiz tarixilik və ənəvilik prinsipini unutsaq, hər sözün mənşəyini axtarıb tapmağa çalışsaq dildə böyük hərc-mərclik yaranar.

Necə deyərlər, dili təcrübə bazasına və bazara çevirmək olmaz.

İnform.az

Baxış sayı: 97