Hüquq
04.05.2018 / 15:14

Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransı başa çatıb

Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransı başa çatıb
Mayın 4-də Bakı şəhərində Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransı başa çatıb.

Konfrans bugünkü iş gününə "Gömrük-biznes əməkdaşlığı: iqtisadi inkişafa dəstək" adlı panel iclasla başlayıb. Uruqvay Gömrük İdarəsinin baş direktoru Enrike Kanonun moderatorluğu ilə keçirilən iclasda ÜGT-nin Özəl Sektor üzrə Məşvərət Qrupunda ASAPRA-nın daimi nümayəndəsi Alfonso Rojas del Kastillo, Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Antonio Vidales, Tallin Texnologiya Universitetinin əməkdaşı Kristina Juan Karrion təqdimatlarla çıxış ediblər.

Konfransın bu gün "İpək yolu: intermodal daşıma və logistika perspektivləri" mövzusundakı əsas məruzə bölümündə isə Bakı Beynəlxalq Ticarət Limanının Əməliyyat Xidmətinin rəhbəri Yugen Şou və "Azərbaycan Dəmir Yolları Ekspress" MMC-nin direktor müavini Elçin Əhmədov nəqliyyat və logistika sahəsində ölkəmizdəki mövcud potensial və gələcək perspektivlər barədə iştirakçıları məlumatlandırıblar.

Sonra Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayevin moderatorluğu ilə "Blokçeyn" mövzusunda sonuncu iclası keçirilib.

İqbal Babayevin mövzu ilə bağlı qısa məlumatından sonra blokçeyn və kriptoqrafiya üzrə mütəxəssis Alvaro Llobet, "Maersk" şirkətinin qlobal ticarətin rəqəmsallaşdırılması üzrə kommersiya direktoru Nikolas Bahmann və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Fondunun icraçı direktorunun müavini Azər Bayramov təqdimatlarla çıxış ediblər.

Daha sonra Dövlət Gömrük Komitəsi ilə Gömrük və Logistika üzrə SİO Beynəlxalq Assosiasiyası arasında Fəaliyyət Planına dair protokol imzalanıb.

Protoklu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Gömrük və Logistika üzrə SİO Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo imzalayıblar.

Konfransın sonunda çıxış edən DGK sədri Səfər Mehdiyev tədbirin qlobal ticarətin asan və sürətli həyata keçirilməsi, gömrük-biznes münasibətlərində daha innovativ yanaşmaların ortaya qoyulması baxımından əhəmiyyətli olduğunu bildirib. Komitə sədri qeyd edib ki, istər qlobal ticarətdəki xüsusi elementlərin müəyyənləşdirilməsi və bu elementlər barədəki məruzələr, uğurlu təqdimatlar, istərsə də dövlət-gömrük, gömrük-biznes əməkdaşlığının inkişafı istiqamətində səslənən fikirlər iştirakçılar üçün yeni çağırışlar müəyyənləşdirməyə, qlobal ticarətin inkişaf etdirilməsinə öz töhfəsini verəcək.

Gömrük və Logistika üzrə SİO Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo isə çıxışı zamanı rəhbərlik etdiyi qurum adından DGK-ya təşəkkürünü bildirdi, özəl sektorla gömrük arasında inamın yaranması istiqamətində bu tədbirin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

İnform.az

Baxış sayı: 152