İqtisadiyyat, Hüquq
02.05.2018 / 15:45

Səfər Mehdiyev ÜGT baş katibinin müavini ilə görüşüb

Səfər Mehdiyev ÜGT baş katibinin müavini ilə görüşüb

Mayın 2-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Bakıda keçirilən Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Assambleyası və Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatı baş katibinin müavini Rikardo Trevino ilə görüşüb.

İnform.az DGK-nin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Səfər Mehdiyev Azərbaycan Gömrük Xidməti ilə ÜGT arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlara toxunan Komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən bir sıra fərman və sərəncamların imzalandığını diqqətə çatdırıb. Səfər Mehdiyev müstəqil Azərbaycan gömrüyünün təkmil bir struktura çevrildiyini, gömrük sistemində kadr potensialının gücləndirilməsilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkür edən ÜGT baş katibinin müavini Rikardo Trevino Bakıya səfərindən məmnunluğunu bildirib.

Təmsil etdiyi qurumla Azərbaycan Gömrük Xidməti arasındakı əlaqələrdən bəhs edən ÜGT baş katibinin müavini ölkənin gömrük orqanlarının fəaliyyətini yüksək qiymətləndirdiklərini, bu fəaliyyətin bir sıra ölkələrə nümunə olduğunu diqqətə çatdırıb. ÜGT rəsmisi onu da bildirib ki, Azərbaycan Gömrük Xidməti hər zaman təmsil etdiyi qurumun ən fəal üzvlərindən biri olub, istər potensialın gücləndirilməsi, istərsə də gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı layihələrdə səmərəli fəaliyyəti ilə fərqlənib.

Sonra görüşdə ÜGT-nin bu ilin iyununda keçiriləcək Şura sessiyalarında qaldırılacaq məsələlər - strateji plan layihəsinin hazırlanması və Kioto Konvensiyasına yenidən baxılmasıyla bağlı işçi qruplarının yaradılmasına dair müzakirələr aparılıb.

İnform.az

Baxış sayı: 220