Baş xəbər, Dünya
02.05.2018 / 16:24

Rusiyadan Paşinyana ciddi xəbərdarlıq-

Vladimir Cabbarov: "Ermənistan üçün ciddi fəsadlara səbəb olacaq."

Rusiyanın Federasiya Şurasının Beynəlxalq məsələlər Komitəsinin sədr müavini Vladimir Cabbarov Ermənistanın müxalifət lideri Nikol Paşinyanın bəyanatı ilə bağlı xəbərdarlıq edib.

İnform.az Real TV-yə istinadən xəbər verir ki, xəbər verir ki, Paşinyan ötən gün baş nazir seçilmədikdən sonra müxalifət lideri tərəfdarlarını ölkənin bütün yollarını, metro stansiyalarını, hava limanlarını bağlamağa səsləyib. O, mayın 2-də bütün ölkə üzrə tətil elan edib.

Vladimir Cabbarov bəyan edib ki, Paşinyanın güc variantından istifadə edərək Ermənistandakı siyasi böhrandan çıxmağa qərar verməsi ölkə üçün ciddi fəsadlara səbəb olacaq.

O bildirib ki, Paşinyan bu cür qərarlar verməklə ölkədə baş nazir seçilməsinin legitimliyini şübhə altına salır.

Paşinyan dünən on minlərlə tərəfdarı qarşısında mitinqdə deyib: “Sabah bütün Ermənistanda ümummilli tətil elan edilir. Saat 8:15-dən etibarən Ermənistanın bütün küçələri, metro, aeroportlar, mümkün olan hər yer bağlanır. Mən baş nazir postuna namizəd kimi bütün dövlət qulluqçularına müraciət edirəm – tətil elan edirik”.

Artıq Ermənistanda tələbələr şəhərin mərkəzi və beynəlxalq yollarını bağlayıblar. Hazırda paytaxt İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir.

Ötən gün parlamentdə baş nazir seçkilərinin uğursuz olması ölkədə siyasi gərginliyi daha da artırıb.

Ölkənin Müdafiə Nazirliyi hərbi avtomobillərin sərbəst hərəkəti üçün etirazçılara müraciət edib. Nazirliyin mətbuat xidməti bildirib ki, MO seriya nömrəli avtomobillər şəhərin küçələrində maneəsiz hərəkət etməlidir.
Bu, ölkənin milli təhlükəsizliyini təmin etmək üçün vacib təlimatdır.

Baş nazir postuna əsas və yeganə namizəd olan Nikol Paşinyan seçkilər zamanı yetərli sayda səs toplaya bilməyib. Səsvermə nəticəsində o, cəmi 45 səs toplaya bilib. Paşinyanın baş nazir seçilməsi üçün isə, o, 53 səs toplamalı idi.

Ermənistan qanunlarına əsasən, bir həftə sonra parlamentdə növbəti seçkilər keçiriləcək. Seçkilər növbəti dəfə uğursuz olarsa, ölkə parlamenti buraxılacaq.

Rusiyadan Paşinyana ciddi xəbərdarlıq-


İnform.az

Baxış sayı: 43