Baş xəbər, Hüquq
27.04.2018 / 13:00

"Müharibənin yazılmamış qanunları var"- Yelmar Quliyev

"Müharibənin yazılmamış qanunları var"-
Bu il Daxili İşlər Nazirliyinin yaradılmasının 100 yaşı tamam olur.

Bu münasibətlə İnform.az "AZƏRBAYCAN POLİSİ-100" rubrikası altında DİN-ə rəhbərlik etmiş nazirlərin, bu qurumun Qarabağ müharibəsı və peşə veteranları, şəhid polislər, eləcə də gənc polis əməkdaşları haqqında maraqlı silsilə yazılarla görüşünüzə gəlir:


Əvvəli burada:http://inform.az/index.php?newsid=30474

Bundan əvvəlki müsahibəmdə "Bu son deyil, yolumuz Kəlbəcərədir, bəli Kəlbəcərə..."demişdim.

Bəli, indi bizimlə olmayan, yuxularımıza tez-tez gələn, düşmən tapdağında iniltisi qulaqlarımızı dələn, yolunda neçə-neçə övladı şəhid olan, övlad yasını gizli-gizli tutub, gizli-gizli ağlayan Kəlbəcərə...

Düşmən hər dəfə torpağına ayaq basanda, hıçqırtısını düşməndən gizlədən Kəlbəcərə...

Əziz oxucum!

Bu gün sənə təqdim etdiyim şəxs, polis adını şərəflə daşıyan soydaşlarımızdan biri Kəlbəcər torpağının övladıdır.

Hər dəfə Kəlbəcər deyiləndə ani olaraq baxışları sonsuzluğa dikilən, hər dəfə Kəlbəcər deyiləndə içində xısın-xısın nalə çəkən, acısını ürəyində vətən həsrətinə büküb, nisgillə Kəlbəcərə dönəcəyi günü gözləyən insanla-Kəlbəcər RPŞ-nin əməliyyat işi üzrə rəis müavini Yelmar Quliyevlə tanış olacaqsan.

Onunla söhbətə layihəmizin ənənəvi sualı ilə başladıq:

-Salam, Yelmar müəllim. Doğma polisimizin yubileyi ərəfəsində xoş gördük sizi. Həmkarlarınıza ünvanladığım sualla sizə də müraciət edim:
Yelmar Quliyev kimdir?


Susur...Ani sükutdan sonra:

-Xoş gördük. Layihənizdə mənə də yer ayırdığınıza görə təşəkkür edirəm.

1964-cü ilin 11 yanvarında, şaxtalı bir qış günündə, indi həsrətlə yollarına boylandığım Kəlbəcər rayonunun Mozqaraçanlı kəndinə dünyaya göz açmışam.

1981-ci ildə orta məktəbi bitirdikdən sonra indiki Sankt-Peterburq şəhərində hərbi xidmət keçmışəm.

1986-il ildə Qazaxıstan Respublikasında Daxili İşlər orqanlarında milis nəfəri kimi çalışmışam. 1989-1991-ci illərdə isə Çimkənd şəhər xususi orta milis məktəbində təshil almışam.
Məktəbi bitirdikdən sonra isə, yəni 1991-ci ildən etibarən zabit kimi fəaliyyətimi xüsusi vəzifələrdə davam etdirmişəm.

Bədnam qonşularımızın qəfləti hücumu, xalqımıza qarşı amansızlıq göstərdiyi bir zamanda digər qeyrətli oğullarımız kimi, mən də gənc milis zabiti olaraq bu hadisələrə bqala biganə qalma bilməzdim.

Ona görə də,vətənimin müdafiəsi üçün öz arzumla 1993-cü ildə Qazaxıstandan ayırlaraq Azərbaycana qayıtdım.

Və raportla Azərbaycan Daxili İşlər Nazirliyində xidmətə qəbul olundum. Azərbaycanda ilk xidmət yerim Kəlbəcər Rayon Polis şöbəsində xidmət üzrə baş inspektor vəzifəsi oldu.

Doqquz il Kəlbəcər polisində bir çox vəzifələrdə işlədikdən sonra 2002-ci ildə cənab nazirin əmri ilə Lerik Rayon Polis Şöbəsinə Cinayət Axtarış Bölməsinə rəis təyin olundum.

2003-2006-cı illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almışam.

2006-cı ildən Kəlbəcər Rayon Polis Şöbəsində Əməliyyat İşləri üzrə rəis müavini vəzifəsində çalışıram.

- Polis olmaq asandı yoxsa döyüşçü?

-Bilirsiz hər bir sahənin özünəməxsus çətinlikləri, məsuliyyəti var.

Əgər insan öz peşəsinin məsuliyyətini dərk edirsə, öz peşəsini sevirsə bu çətinliklər onu qorxutmayacaq.

Daima öz üzərində çalışan, savadını və təcrübəsini artıran, intellekt səviyyəsini inkişaf etdirən polis əməkdaşına xidmət etmək bir o qədər çətin deyil. Qanun tələbini yerinə yetirmək, vəzifə və hüquqlarını bilmək polis peşəsinin ən birinci tələbidir.

Bu tələbləri yerinə yetirdikdən sonra hər şey öz axarında davam edəcək.

Ancaq müharibə də isə hər şey tamam başqadır. Müharibənin yazılmayan qanunları var.

Sağ qalmaq üçün, döyüşü davam etdirib, gərək o qanunlara əməl edəsən. Burda döyüş qabiliyyəti ilə bərabər möhkəm iradə, vaxtında qərar qəbul etmək tələb olunur.

İşğala qədər rayonmuzun polis şöbəsinin əməkdaşları olan bizlər, strateji postlarda xidmət etmişik.

O vaxtki hakimiyyətin səriştəsizliyi, ordunun qeyri-peşəkarların əlində cəmlənməsi səbəbindən, rayonun etibarlı müdafiəsini təmin etmək mümkün olmadı. Çox heyf...

Mən müharibə iştirakçısı kimi millətimə, xüsusən də gənclərimizə müharibə arzu etmirəm.

Çünki həqiqətən də müharibə ağır bir şeydir. Xüsusən də düşmənimiz, bədnam qonşumuz erməni kimi hiyləgər, amansız biridirsə.

Bilirsiniz, vətənpərvərlik insanın qanında, canında olmalıdır.

Bu sualınızın cavabını Ulu öndərin bu fikri ilə tamamlamaq istərdim:

"Vətənpərvərlik insanın daxilindəki duyğularıdır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır"

-Doğma torpaqdan ayrı yaşayan polis üçün bu gün daha çətin olan nədir?

-Nəinki polis üçün, hər bir vətəndaş üçün öz torpağından ayrı düşmək, doğulub boya başa çatdığı yerlərdə gəzə bilməmək, havasını udub, suyunu içə bilməmək olduqca çətindir.

İnsan dünyada hər bir dərdə tab gətirə bilər, hər bir kədərini zamanla unuda bilər lakin torpaq həsrəti, vətən dərdini unutmaq mümkün deyil.

Doğrudur bu gün bütün kəlbəcərlilərin adından deyə bilərəm ki, dövlət bizə xüsusi qayğı ilə yanaşır, daim diqqət mərkəzində saxlayır.

Digər məcburi köçkünkər kimi bizim də öz yurdumuzdan didərgin düşdükdən sonra, həyat şəraitimiz xeyli ağırlaşdı.

Lakin Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişaf bizim həyat şəraitimizə öz müsbət təsirini göstərdi.

O, daima məcburi köçkünlərlə görüşür, onların yaşayışı ilə yaxından tanış olur, bir çox problemlərimizi yerindəcə həll edirdi.

Bu gün onun layiqli davamçısı möhtərəm prezidentimiz, cənab İlham Əliyev də, Ulu öndərin siyasi irsini davam etdirərək bizlərə xüsusi qayğı göstərir.

Mən əminəm ki, tezliklə onun siyasi iradəsi nəticəsində biz öz torpaqlarımıza qayıdacağıq.

-Ənənəvi suallarımızdan biri: Polis-vətəndaş münasibəti, bu gün niyə bu iki qüvvə arasında soyuqluq var?
Səbəb?


-Mən belə deməzdim. Bilirsiz bu gün cənab nazirimizin rəhbərliyi altında Daxili İşlər orqanlarının vətəndaşlarımızın və əcnəbi qonaqlarımızın hüquq və azadlıqlarının qorunmasında əvəzsiz fəaliyyəti var.

Bunu isə Azərbaycan xalqı görür və yüksək dəyərləndirir. Hər bir vətəndaşımızın polisə güvənməsi, ona qarşı hörmət bəsləməsi isə polis-vətəndaş arasındakı isti münasibətdən xəbər verir.

Cənab nazirimizin göstərişi ilə biz tez-tez əhali arasında profılaktiki tədbirlər keçirir, vətəndaşlarla “Erkən nigah”, “Dini radikalizm” “Narkotikanın fəsadları” və digər mövzularda söhbətlər aparırıq.

Həmin tədbirlərdə vətəndaşların necə fəal iştirak etməsi, öz fikirlərini bildirməsi bu tədbirlərin düzgün qərar olduğundan xəbər verir.

Sizə primitiv bir faktı qeyd edim. Əvvəllər evində qanunsuz silah olan şəxslər polisdən qorxaraq, ya da başqa səbəblərdən o silahı gizlədərdilər.

Amma indi vətəndaş könüllü şəkildə silahı gətirib polisə təqdim edir ki, bu da marifləndirici tədbirlərin real nəticəsidir.

Hər hansı bir hüquqpozma əməlinə görə vətəndaşın ilk müracət etdiyi subyektin polis olması, bu gün xalqımızın bizə olan etimadının nəticəsidir.

-Səmimi etiraf edin, özünüz istəmədən nə vaxtsa hansısa günahsız insanı günahkar qismində həbs etmisiniz?


-Bu heç bir zaman olmayıb. Çünki polis əməkdaşı daima qanunla hərəkət edir və etməlidir.

Əgər qanundan kənara çıxılsa rəhbərlik dərhal bunun fərqinə varacaq. Bundan başqa peşəsindən aslı olmayaraq hər bir şəxs vicdan amilini unutmamalıdır.

- Gənc polis əməkdaşlarına məsləhətiniz.

-Bu gün Daxili İşlər orqanlarında kifayyət qədər savadlı, intelektual əməkdaşlarımız var.

Cənab nazirimiz gənc əməkdaşlara xüsusi diqqət göstərir. Daxili İşlər Nazirliyinin təhsil ocaqlarında onlara yüksət təhsil verilir, peşə hazırlıqları tədris olunur. Bu da hər bir fərdin gələcəkdə peşəkar kadr kimi fəaliyyət göstərməsinə köməklik edir. Bizim şöbədə də belə gənc əməkdaşlarımız az deyil.

İstər şöbə rəisimiz, istərsə də digər əməkdaşlarımız onlarla öz təcrübəsini bölüşür, onlarla çalışmaqdan məmnunluq duyurlar.

Mən mütəmadi olaraq gənc polis əməkdaşları ilə söhbətlər edir, bəzən yol verdikləri nöqsanları diqqətlərinə çatdırıram.

Beləliklə həmin əməkdaş növbəti dəfə o nöqsana yol vermir. Tövsiyyəm isə ondan ibarətdir ki, rəhbərliyin verdikləri əmr və tapşırıqları vaxtında yerinə yetirsinlər, öz üzərlərində daima işləsinlər, təcrübələrini, savadlarının artırsınlar ki, xalqımıza layiqli xidmət edə bilsinlər.

Bir də təkrar edirəm intelektual səviyyəsi yüksək olan polis əməkdaşı, istər vətəndaşla münasibətində , istərsə də verilən tapşılıqların layiqincə həyata keçirilməsində çətinlik çəkməz.

Hər addımlarında çalışsınlar ki, dövlətin onlara ayırdığı bütün imkanlardan istifadə edərək polis adını daha da ucalara qaldıra bilsinlər.

Xalidə Xalid/İnform.az

Baxış sayı: 492