Gündəm, Din
26.04.2018 / 18:12

“Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib- Qazaxda(Foto)

 “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib-
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qazax rayonunda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarındakı yerli strukturlarının məsul nümayəndələri, prokurorlar, ziyalılar, dindarlar, ərazidəki N saylı hərbi hissənin zabit və əsgərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Qazax rayon Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Daha sonra ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev mövzunun əhəmiyyətindən danışıb. O, eyni zamanda, rayonda keçirilən bu cür tədbirlərin önəminə də toxunub.
Məmməd Alıyev bu istiqamətdə son illər Qazaxda görülən məqsədyönlü işlər barədə danışaraq dövlət-din münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tənzimlənməsi məqsədilə əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər, tələbələr və şagirdlər arasında dini maarifləndirmə işlərinə diqqətin daha da artırıldığını bildirib.

O, ötən ilin noyabr və cari ilin yanvar aylarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin layihəsi əsasında rayon icra hakimiyyəti tərəfindən rayonun təhsil müəssisələrində “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda silsilə tədbirlərin keçirildiyini, nümayiş olunan “Fitnə” və “Şəhadət” filmlərinin pedaqoji kollektivlərin müəllim, tələbə və şagirdləri tərəfindən maraqla qarşılandığını qeyd edib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, ölkəmiz dünyəvilik prinsiplərinə əsaslanmaqla multikultural dəyərləri yaşatmaqda və inkişaf etdirməkdədir.

Azərbaycan bu sahədə tarixi təcrübəyə malikdir və ölkəmizdə müxtəlif etnik, dini qrupların birgəyaşayış mühiti sağlam təməllər üzərində qurulub.


O, Azərbaycan dövlətinin bu mövzuya hər zaman həssas yanaşdığını qeyd edib. Vurğulayıb ki, dövlətimiz multikulturalizmi və dini tolerantlığı dövlət siyasətinə çevirməklə bu şəraiti ölkəmizdə nümunəvi bir şəkildə formalaşdırmağı bacarıb.

Milli təhlükəsizliyimizə əsas təhdidlərdən biri olan dini radikalizmin fəsadlarından da bəhs edən S.Heydərov bildirib ki, bəzi qrupların din adı altında xüsusən gənclərimizi çirkin məqsədlərində alətə çevirməsinə və Azərbaycan gənclərinin bu məqsədlərə qurban getməsinə heç bir vəchlə imkan vermək olmaz. Onun sözlərinə görə, İslam dininin siyasiləşdirilməsi cəhdləri onun terror və müharibədə qorxulu silaha çevrilməsinə səbəb ola bilər.

İslamın sağlam təməllərinin əsas götürülməsinin önəminə toxunan sədr müavini bunun sayəsində bir çox problemli məsələlərin asanlıqla öz həllini tapa biləcəyini deyib. Diqqətə çatdırıb ki, bunun üçün, ilk növbədə, İslam dini siyasətdən uzaqlaşdırılaraq sırf elmi-mədəni müstəvidə öz inkişafını tapmalıdır.

Bu gün İslam mədəniyyətinin, İslamın elmi gücünün ön plana çıxarılması, problemlərin silah gücü ilə deyil, qarşılıqlı anlaşma və tam elmi əsaslarla həll edilməsi dünyadakı bir çox münaqişə ocaqlarını söndürməyə qadirdir. S.Heydərov bu baxımdan ötən ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmasının zamanın çağırışlarına cavab verən addım olduğunu qeyd edib.

Tədbirdə, həmçinin Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev mövzu ilə bağlı çıxış ediblər. Natiqlər təmsil etdikləri qurumların dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdikləri profilaktik və inzibati tədbirlərdən söz açıblar.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi İlham Süleymanov bildirib ki, ölkəmizdə dindarlara dövlət səviyyəsində diqqət və qayğı göstərilir, yeni məscidlər tikilir və ya təmir edilir.

Seminar-müşavirə mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

 “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib-


 “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib-


 “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib-


 “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib-


 “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib-


 “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib-




Baxış sayı: 67