Baş xəbər, Ədəbiyyat
26.04.2018 / 09:43

Mir Cəlal Paşayev-110 FOTO

Mir Cəlal Paşayev-110
Bu gün görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlərolan Mir Cəlal Paşayevin doğum günüdür.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda, 1918-ci ildə atası vəfat etmiş, o, böyük qardaşının himayəsində yaşayıb.

Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilib. O, 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə darülmüəlliminə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırmışdır. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Ali təhsilimizin beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir".

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə demək olar ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" ... hekayələrini çap etdirib. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunub.

Mir Cəlalın ilk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazıb: "Mir Cəlal "Dirilən adam"la diqqətli bir realist yazıçı olduğunu göstəribr".

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilib. "Bir gəncin manifesti" bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti" Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

Mir Cəlalın "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının "İnsanlıq fəlsəfəsi" (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. "İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Vicdan əzabı", "Hesab dostları", "Təsadüf, ya zərurət", "Qocaların uşaq söhbəti" və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. "Seçilmiş əsərləri" (2 cilddə, 1956-57), "Seçilmiş əsərləri" (4 cilddə, 1967-68), "Seçilmiş əsərləri" (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət "Şəfəqdən qalxanlar" (1972), "Dağlar dilə gəldi" (1978), "Ləyaqət", hekayələrdən ibarət "Bostan oğrusu" (1937), "Gözün aydın" (1939), "Vətən" (1944), "Həyat hekayələri" (1945), "Sadə hekayələr" (1955), "Xatirə hekayələri" (1962), "Gülbəsləyən qız" (1965), "Silah qardaşları" (1974) və s. bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub.

XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının bariz nümunəsidir.

Onu sevən ürəklərdə ən uca zirvədir Mircəlal şəxsiyyəti, Mircəlal sənəti.

Nə qədər ki, Azərbaycan var, nə qədər ki, azərbaycan xalqı var, o qədər də unudulmaz insan, unudulmaz alim, unudulmaz yazıçı MİRCƏLAL var.

Mir Cəlal Paşayev-110


Mir Cəlal Paşayev-110


Mir Cəlal Paşayev-110


Mir Cəlal Paşayev-110


İnform.az

Baxış sayı: 673