Mədəniyyət
25.04.2018 / 21:50

Ülviyyə Heydərova “Next Stage Europe 2018” festivalına dəvət alıb

Bu il Almaniyanın Höte adına İnstitutu tərəfindən “Next Stage Europe 2018” festivalı keçiriləcək. 13-17 iyun tarixlərində Almaniyanın Potsdam şəhərində təşkil olunacaq festivalda Azərbaycan, Belarusiya, Gürcüstan, Ukrayna, Rusiya və Ermənistandan olan 12 gənc dramaturq iştirak edəcək.

Azərbaycanı bu festivalda yazıçı-publisist Ülviyyə Heydərova təmsil edəcək. O, bu festivala “Uşaqlıq” adlı monopyesi ilə qatılacaq.

Bu barədə İnform.az-a Ü.Heydərova özü bildirib.

Qeyd edək ki, festival iştirakçılarının dram əsərləri Höte adına İnstitutun xüsusi təyin etdiyi münsiflər heyəti tərəfindən seçilib. Festival çərçivəsində müəlliflərin əsərləri müzakirə olunacaq, alman aktyorları tərəfindən ifa ediləcək, bəzi əsərlər isə səhnələşdiriləcək.

Festivalda məşhur alman ssenaristləri Pol Brodovski, Mişel Dekar, Yonas Lyüşer və b. seminarları keçiriləcək. Festivalın məqsədi gənc dramaturqları Almaniyada tanıtmaq, qonaqları Almaniyadakı beynəlxalq ədəbi mənzərə ilə tanış etməkdir.

İnform.az

Baxış sayı: 231