Mədəniyyət, Müsahibə
25.04.2018 / 12:00

“Dili yaradan da, yaşadan da xalqdır...” - Firuz Mustafa

“Dili yaradan da, yaşadan da xalqdır...” -

Firuz müəllimlə müsahibəmizi təqdim etmədən öncə, onun facebook səhifəsində paylaşdığı və bizim söhbətimizə səbəb olan "burac"-la bağlı şərhini oxumanızı məsləhət bildik:

"Yeni bir söz: “burac”. Qəbulediləndirmi?

Mən ədəbi dilimizə arxaik sözlərin axınını yaxşı qarşılamıram. Düşünürəm ki, yalnız çox əsaslı zərurət yaranarsa köhnə sözlərə təzə nəfəs vermək olar.

Zənnimcə, saxta neologizmlər də qəbuledilməzdir.

Amma... Dilin daxili imkanlarından yararlanıb meydana çıxan yeni sözlərin geniş leksik dövriyyəyə buraxılması, yaşam pasportu alması hər zaman gərəklidir. Mən öz elmi və bədii əsərlərimdə neologizmlərə daim geniş yer verir, onları işlədir, təbliğ edirəm.

Hətta, bəzən dilimizin daxili-məntiqi qanunlarından çıxış edərək özüm də yeni sözlər yaratmağa cəhd edir və həmin sözləri əsərlərimdə işlədirəm.

Qısası.

Rus dilində usta aləti kimi işlədilən otvyorka (atvyorka) sözü bizim dilimizdə də geniş “istehlak” olunur.

Bəs öz dilimizdə həmin sözün bir əvəzləyicisi, adekvat variantı yoxdurmu?

Bədii yazılarımın birində həmin sözü işlətmək zərurəti yaranmışdı. Nəhayət, çox götür-qoy edəndən sonra onun qarşılıqlı əvəzedicisini yaratmalı oldum.

Beləliklə, otvyorka (atvyorka) sözünü bizim doğma dilimizdə BURAC kimi işlətmək qərarına gəldim.

Diqqət yetirin: burada sözün kökündə “burmaq” feli dayanır. Həmin feldən yaranan başqa bir söz də var: burğu.

Təklif etdiyim söz heç də “buraç” deyildir, dilimizin daxili qanunlarına və sözdüzəldici şəkilçilərinin tələbinə əsasən “burac” kimi işlədilməlidir.

Yadınıza salıram: dilimizdə “qulac”, “əlac” və s. bu kimi sözlər var və çox güman ki, konkret misal gətirdiyim həmin sözlərin kökündə “qol” və “əl” sözləri dayanır. Bundan başqa, “ac” sözşəkilçi şəkilçisi ilə “yamac”, “tıxac”, “turac” və sair sözlər də yaranıb.

Xahiş edirəm ki, innən sonra bu yeni sözü (neologizmi) öz mətnlərinizdə gen-bol işlədin.

Güman edirəm ki, terminologi quruma rəhbərlik edən dostlarım bu termini tərtib edəcəkləri lüğətə daxil edəcəklər.

Beləliklə. “burac”... Buyurun, bu leksemi söz ehtiyatınıza daxil edin."



-Firuz müəllim xoş gördük. Facebook səhifənizdə tez-tez maraqlı fikirlərinizi oxuyuruq.

Şərhlərinizdən birində dilimizin leksik dövriyyəsi üçün yeni bir söz təklif edirsiniz-"BURAC".

Niyə "Buraç" yox "Burac"?

-Salam, xoş gördük.Minnətdaram diqqətiniz üçün.

Niyə "buraç" yox, burac"?

Çünki burada təkcə vinti burub açmaqdan söhbət getmir, axı onun bağlanması da var. İkincisi, “bur” və “aç” sözlərinin hər ikisi feldir. Yeni sözlərin yaranmasında qoşa felə ehtiyac duyulmur.

Və dilimizdə “ac” sözdüzəldici şəkilçisi ilə yaranan çoxlu sözlər var. Məsələn: qulac, yamac, tıxac və sair.

- Dilimizin bu günki durumu sizi qane edirmi? Etmirsə, səbəb?

Dilimizin bu günkü qurumunun məni qane edib-etməməsi sırf subyektiv amillərlə bağlı ola bilər. Və elə buna görə də mənim şəxsi fikrim bütün hallarda subyektiv mahiyyət kəsb edə bilər.

Obyektiv qiymətləndirmə üçünsə geniş imkan və şərait lazımdır. İndiki halda qısaca bunu deyə bilərəm: bəzi istisnalarla əsasən qane edir.

.-Dilimizə yeni sözlərin sizin tərəfinizdən gətirilməsi təklifi dilçiləri qısqandırmazmı?


-Qətiyyən. Niyə də qısqandırsın ki?

Mən fəlsəfə ilə yanaşı ali məktəblərdə bir müddət dil problemləri üzrə də mühazirələr demişəm.

“100 türk etnosu” adlı kitabın (rusca) tərtibçisiyəm. Dil və dilçilik məsələlərinə aid bir çox məqalələrin müəllifiyəm.

Bundan başqa, mən AMEA-nın aspiranturasında çalışan və dərs deyən zaman dilçilərin bir çoxu ilə təmasda olmuş, bəzilərinə isə dərs demişəm.

Onlar məni anlayırlar, mən də onları. Yəni dilçilərlə indiyəcən aramızda heç bir “insident” olmayıb.

-Əgər siz Dil qurumunun rəhbəri olsaydınız hansi islahatları aparardınız?

-Əslində yeni sözlərin yaranmasında və dilin qorunmasında Dil qurumları rəhbərlərinin heç bir rolu olmur.

Təbii ki, əgər söhbət “təyinatlı”, “təzyiqli” dil qurumlarından getmirsə. (Zira tarixdə bu cür hallar da olmuş). Dildə leksemlərin, neologizmlərin yaradıcısı adətən ədəbiyyat və elm adamları olur.

Dilçilər və dil qurumları isə dil faktorlarını, necə deyərlər, yalnız ratifikasiya edir, sənədləşdirir, təsdiqləyirlər. Dil canlı orqanizmdir. Onun yaradan da, yaşadan da xalqdır. Bu prosesdə fərdlərin rolu epizodik və subyektiv səciyyə daşıyır.

İnform.az

Baxış sayı: 701