Şərhlər
23.04.2018 / 11:00

"Hansı yaxşıdır, ölü, yoxsa ilana zəhər verən kərtənkələ?"- Hacıbala Abutalıbova

"Hansı yaxşıdır, ölü, yoxsa ilana zəhər verən kərtənkələ?"-

Mahir Qabiloğlunun facebook səhifəsindən:

Mən bu yazımda Hacıbala Abutalıbova daha çox ailəmizin baxış bucağından baxacağam: Atamın, anamın və mənim. Sağlığında qiymət verək insanlara. Vəzifədən çıxandan sonra... çifayda.


BUĞA


1995-ci il idi. Atam dedi ki, “gəl maşını götür, apar məni Suraxanıya. İcra başçısı Hacıbala dəvət edib. Yaxşı kişidir. Səni də tanış edəcəyəm. Nə qədər dedi ki, “Qabil müəllim, maşın göndərim dalınca...”, razı olmadım. Dedim ki, Mahirlə gələcəyəm”.

Səhəri gün atamla gəldik Suraxanı rayon İcra Hakimiyyətinə. Binanın qarşısında qələbəlik vardı. Qonaqlar, sakinlər. Yol aldıq Zığ qəsəbəsinə. Burada buğa heykəlinin açılışı idi. Mən sonra bildim ki, cavanlığı Leninqradda (indi Sankt-Peterburq) keçən Hacıbala müəllim artıq rayon ərazisində bir neçə heyvan heykəli ucaldıb. Bəs niyə məhz buğa. Sonradan məlum oldu ki, onun da, bizim də ideal kimi baxdığımız Heydər Əliyev buğa bürcündənmiş. Ona görə.

Tədbir bununla yekunlaşmadı. Ev tikdirməyə ehtiyacı olanlara torpaq sahələrinin sənədləri də təqdim olundu.

Sonra da Hacıbala müəllim elan etdi ki, “mənim qəbul günüm yoxdur. Günün hansı vaxtı gəlsəniz qulluğunuzda hazıram”.

”HACIBALA MÜƏLLİM, SU GƏLMİR”

AzTV-nin “Xəbərlər”ində işləyirdim. Baldızım işə zəng elədi. Bacanağımgil Suraxanı rayonunun Günəşli qəsəbəsində 9 mərtəbəli evin 8-ci mərtəbəsində yaşayırdılar. Şikayətləri də bu idi ki, “Mahir, bir həftədir binada su yoxdur”. Zəng elədim 09-a. İcra Hakimiyyətinin nömrəsini aldım. Telefonu Hacıbala müəllimin özü götürdü. Çaşıb qaldım. Demə məlumat bürosuna öz nömrəsini veribmiş.

Məni tanıdı. Dərdimi dedim:

- Hacıbala müəllim, zəng eləmişdilər sakinlər. Şikayətləri var. Filan binada bir həftədir ki, su yoxdur.

- Mahir, Suraxanı rayonunda su problemi yoxdur.

- Necə yəni yoxdur. Baldızım zəng eləmişdi ki, bəs “suyumuz gəlmir”.

- Suyumuz gəlmir ola bilər. Amma Suraxanı rayonunda su problemi yoxdur. İnanmırsan zəng elə baldızından bir də soruş.

Dəstəyi asdı. Yenidən baldızıma zəng etdim. Məlum oldu ki, xətdə su var, sadəcə nasos işləmədiyindən 8-ci mərtəbəyə su qalxmır. Yenidən suyu süzülə-süzülə zəng etdim. Məsələni yenidən anlatdım.

- Mahir, bax bu başqa məsələ. İndi dərslərin verərəm ki, niyə nasos xarabdır.

İki saatdan sonra baldızım zəng elədi ki, “Mahir, su gəldi!”.

HACIBALANIN TƏCRÜBƏSİ

Ümummilli lider Heydər Əliyev tərəfindən və xüsusi sərəncamıyla işi-gücü, fəaliyyəti bütün ölkəyə nümunə göstərilən Hacıbala müəllim atamın da yaxın dostu idi. Bu sərəncamdan sonra atam ona “Alim-Hakim” adlı şeir də həsr etdi:

Qapısında polisi yox,
Cangüdəni-dəlisi yox.
Qana həris zəlisi yox,
Yalan “bəli-bəli”si yox.
Hər tədbiri əsl bayram,
Bilməz yaz-qış-fəsil, bayram.
İş otağı tikintilər
Hacıbala.
Çöllərdədir axşam-səhər
Hacıbala.

Atam xəstələnəndə məndən əvvəl birinci o özünü yetirərdi. Sovqatıyla. Anamın əlindən öpürdü. Hal-əhval tuturdu. Onların ikisini haradasa bircə şey birləşdirirdi. Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramları. Ümummilli liderimiz öləndən sonra Hacıbala müəllim iş gününə onun qəbrini ziyarət etməmiş başlamır. Atam xəstələnəndən sonra bir yerdə yaşayırdıq. Hər səhər yuxudan duranda “Allah Heydərə rəhmət eləsin. Nə yaxşı ki, bu evi mənə bağışladı. 28 kvadrat metrə 6 adam necə sığışacaqdıq?” deyirdi.

TOY

Hacıbala müəllimin oğlunun toyu idi. Atamı, anamı da dəvət etmişdi. Prezidentimiz Heydər Əliyev də xeyir-dua verəndə soruşmuşdu ki, ziyalılardan kimi çağırıb? Demişdi ki, təkcə Qabili. Ulu öndərimiz də “Düz eləmisən. Onda bir stol ətrafında otuzdurarsan onları: Qabili, Cəlalı (Cəlal Əliyev), İlhamı (İlham Əliyev) və həyat yoldaşlarını”.

SÜRÜŞMƏ ZONASINDA

Nərimanov heykəlinin yanında sürüşmə zonası yaranmışdı. Daha dəqiq desək, sürüşmə mifi. Nə məsələydi deyə bilmərəm. Çünki o boyda hay-küydən sonra tikintisi dayandırılmış ev də tikilib başa çatdı. Sürüşmə də guya ki, öz-özünə dayandı. Bu məsələdə təkcə Hacıbala müəllimin adı hallanırdı. Düzün desək, arada qalmışdı. Bütün televiziyalar, qəzetlər düşmüşdük üstünə. Biz AzTV olaraq rəsmi məlumatlara əsaslanırdıq. Digərləri isə Hacıbala müəllimi dirəmişdilər divara.
Etika xatirinə kimliyini demək istəmirəm. O da kamerasıyla gəldi sürüşmə zonasına. Bir-iki dənə də əndrabadi sual verdi. Hacıbala müəllim etika xatirinə susdu, cavab vermədi. Maşınına tərəf yönəldi. Hərəkət edə-edə “burnunuzdan gəlsin sizə elədiyim yaxşılıqlar” deyə gileyləndi. Jurnalistlərdən ilk incikliyini orda gördüm.

İLANA ZƏHƏR VERƏN KƏRTƏNKƏLƏ

Həmkarım Akif Məcidoğluyla çəkilişə yollanmışdıq. Mətbuat prospektində asfalt çəkirdilər. Hacıbala müəllim də işin başında. Yaxınlaşdıq. Müsahibə götürmək istədik. Razılıq verdi. Uzaq 1992-ci ildə, Heydər Əliyevi müdafiə və yaş senzinin aradan götürülməsi məqsədilə Milli Məclisin qabağında keçirilən mitinqdə Hacıbala müəllimdən ilk müsahibə götürüb “Xəbərlər”də efirə verən məhz Akif Məcidoğlu olmuşdu. Ulduzu da məhz o vaxt parlamışdı. (İndi də parıldayır). Ona görə xətrini çox istəyirdi. Məni də... əlbbəttə ki, Qabilə görə. Anar demişkən Adamın adamıydım.
Nə isə, Akifin əlinə fürsət düşmüşdü. 5-6 sual verdi. Akifə yaxınlaşdım. Qulağına pıçıldayıb daha bir sualı yadına saldım.
- Hacıbala müəllim, Nərimanov rayonu ərazisində erməni qəbiristanlığının sökülməsi və yolun çəkilişi yarımçıq qalıb. Səbəbi?
Hacıbala müəllim fikirləşmədən:
- Akif müəllim, Mahir kimi ilana zəhər verən kərtənkələlər olmasaydı, çoxdan yolu çəkib qurtarmışdım.

HACIBALANIN MƏKTƏBİDİR

Həmkarim Akiflə Suraxanı rayon İcra Hakimiyyətinə çəklişə getmişdik. İcra başçısı bir vaxtlar Hacıbala müəllimin müavini işləmiş Natiq Mehdiyev idi. Bizi qəbul otağında qarşıladı. İçəri dəvət etdi. Öz kreslosunda oturmadı. Bizimlə üzbəüz əyləşdi. Çay gətirtdi. Mehribanlıqla söhbət etdi. Başqa icra başçılarını da görmüşdüm. Kreslolarından güclə tərpənirdilər salam verəndə. Ona görə də Natiq müəllimi qəribə-qəribə seyr edirdim. Bu Akifin nəzərindən qaçmamışdı. Çıxanda dedi:
- Mahir, məəttəl-məəttəl baxma. Burda hamını belə qarşılayırlar. İstəyir AzTV olsun, istəyir şikayətçi sakin. Hacıbalanın “şkola”sıdır...

QABİLİN SONUNCU ŞEİRİ

2007-ci ilin fevral ayı idi. Hacıbala müəllim atamın son kitabı olan (əlbəttə ki, onda bunu nə atam bilirdi, nə də o) “Ömrün gecə qatarı”nın nəşrini öz üzərinə götürmüşdü. Xərcini də ödəmişdi. Kitab atamın 40 mərasiminə hazır oldu. Kitabı varaqlayanda məlum oldu ki, atam son şeirini 1 yanvar 2007-ci ildə yazıb və “Söz ardı” adlanır. 1999-cu ildə Hacıbala Abutalıbova həsr etdiyi “Alim-hakim” şerinə “Söz ardı:

Bu gün Bakı şəhərinin
Pərvanəsi Hacıbala.
Abadlığın-gözəlliyin
Divanəsi Hacıbala.

Yaxşı işlər şövqündədir
Vüsətiylə Hacıbala.
Müasirlik zövqündədir
Xislətiylə Hacıbala.

İşindədir-gücündədir,
Yorulmayır.
Acı dildən qanadları
Qırılmayır.
Bakı meri
Sadə, həlim Hacıbala.
Beş-onuna xoşa gəlməz,
Camaata xoşagəlim Hacıbala.

Onu da bildirim ki, Hacıbala Abutalıbov yeganə icra başçısı, vəzifəli şəxsdir ki, prezident sərəncamıyla yox, prezident fərmanıyla vəzifəyə təyin edilib.

BÜST


Atam artıq rəhmətə getmişdi. Fəxri xiyabana ziyarətə gedəndə Hacıbala müəllimlə rastlaşdıq. Özü yaxınlaşdı, salamlaşdı. O sahəyə cavabdeh Cavanşir müəllim də yanındaydı. Dedi:
- Mahir, Cavanşir müəllimə də göstəriş verəcəyəm. İcazə ver Qabilin, dostumun qəbrinin üstünü mən götürüm. Büstünü qoydurum.
Əlbəttə ki, mən razı olmadım. Çünki, atamın başqa dostu ondan əvvəl heykəl söz vermişdi (amma əməl eləmədi).
Hacıbala müəllim, mən əminəm ki, siz dediyinizi edəcəkdiniz. Gec də olsa MİNNƏTDARIQ.

HANSI YAXŞIDIR ÖLÜ, YOXSA İLANA ZƏHƏR VERƏN KƏRTƏNKƏLƏ

Hacıbala müəllim, 2005-ci ildə mən jurnalistə “zəhərə ilan verən kərtənkələ” dediniz. Düzgün bənzətməydi. Razılaşıram. Bir güllə ilə iki jurnalist vurmuşdunuz. Hər məmura qismət olmur. Akif “ilan”, mənsə “kərtənkələ”. Bu gün də danışıb-gülürük. Heç kimə də deməmişdik. Bu günlərdə eşitdim ki, bəzi jurnalistlərə “jurnalist görəndə elə bil ki, qəbirdə ölü görürəm” demisiniz. İndi görəsən hansı yaxşıdır? Ölü, yoxsa ilana zəhər verən kərtənkələ?

2013

İnform.az

Baxış sayı: 844