Baş xəbər, Müsahibə, Hüquq
20.04.2018 / 10:00

"Polisdə vicdanlı insanlarımız çoxdu..."- Qafar Cəfərli (Foto)

"Polisdə vicdanlı insanlarımız çoxdu..."-

Bu il Daxili İşlər Nazirliyinin yaradılmasının 100 yaşı tamam olur.

Bu münasibətlə İnform.az "AZƏRBAYCAN POLİSİ-100" rubrikası altında DİN-ə rəhbərlik etmiş nazirlərin, bu qurumun Qarabağ müharibəsı və peşə veteranları, şəhid polislər, eləcə də gənc polis əməkdaşları haqqında maraqlı silsilə yazılarla görüşünüzə gəlir:


Əvvəli burada:http://inform.az/index.php?newsid=30418

-Müharibə...O günləri kimsəyə arzulamıram Xalidə xanım, kimsəyə...

Müharibə bizi vaxtından əvvəl qocaltdı, müharibə bizim sevincimizi aldı...

O günlərimiz də unudulmaz xatirələrlə doludur.Sizi bir neçə dəqiqəliyə olsa da həmin hadisələrin başlandığı ilk günlərə aparmaq istəyirəm...

22 fevral 1988-ci il tarixdə Ağdam rayon sakinləri Əli Hacıyev və Bəxtiyar Quliyevin ermənilər tərəfindən qətlə yetirmələri ilə Ağdam bölgəsində vəziyyət kritik həddə çatmışdı. Artıq 25 fevral tarixindən başlayaraq respublikanın əksər rayonların milis əməkdaşları bu bölgəyə ezam olunmağa başlanıldı. Həmin vaxtı bölmə rəisi işlədiyim Puşkin (indiki Biləsuvar) rayon Polis Şöbəsi də tədbirdən kənarda qalmadı.

27 fevral tarixdə şöbə rəisi Telman Məmmədovun rəhbərliyi ilə on beş əməkdaş Ağdama ezam olunduq.

Axşam saat 19-30 radələrində Ağdama çatdıq.Ağdam rayon DİŞ-nin inzibati binası qərargah kimi fəaliyyət göstərirdi. Binanın ətrafında müxtəlif rayonlardan gəlmiş xeyli milis əməkdaşı var idi. Biz binanın qarşısındakı hündür ağacların yanında yığışıb baş verənləri müzakirə edirdik. Telman Məmmədovun qərargahdan çıxmağı təxminən bir saatdan bir az artıq çəkdi. Rəisi görən kimi hamımız yaxınlaşıb onu dövrəyə aldıq.

Telman Məmmədov zəhmli olmaqla yanaşı çox alicənab,zarafatcıl insan idi.Şəxsi heyət onu çox istəyirdi.Rəis vəziyətin çox ağır olması barədə qısa məlumat verəndən sonra gülə-gülə, amma astadan sözünə davam etdi:

Xahişimi nəzərə alıb bizi nisbətən sakit yerə- şəhərə yaxın Xıdırlı kəndinə növbəyə yazdılar. Təxminən yarım saata bələdçi gəlib bizi ora aparacaq.

İlk dəfə döyüş şəraitində, özü də nabələd bir yerdə olmağımızı nəzərə alıb hamımız bu xəbərə sevindik. Heç iyirmi dəqiqə keçmədi ki, orta yaşlı kişinin hay-küylə qərargahın qarşısına gəldiyini gördük.Bir anın içində yüzlərlə şəxsin əhatəsinə düşən həmin kişi fəryad edirdi:

-Ermənilər Xıdırlı kəndinə hücum etdilər.Camaat gecənin qaranlığında hara gəldi qaçır,güllə səsindən qulaq tutulur.

Bu xəbəri eşitcək hamımız rəisə zilləndik.Yazıq kişi suyu süzülə-süzülə yenidən Qərargaha getdi. On dəqiqənin tamamında kapitan rütbəsində bir milisin müşayiəti ilə çölə çıxdı.Uzaqdan zəhmli səsi eşidildi:

-Xıdırlı kəndinə gedirik. Avtobus mənim arxamca gəlir.Hər ehtimala qarşı tapançaları (biz ora Makarov tapançası ilə silahlanıb getmişdik) atəşə hazırlıq vəziyyətində saxlayın.

Bu sözləri deyəndən sonra rəis özünün xidməti Vaz-21011 markalı maşınına oturdu.Bizlər də maşınlara mindik. Xıdırlı kəndi həqiqətən rayon mərkəzinə yaxın imiş.Artıq saat 21 radələri olardı.

Xıdırlı kəndi bizi od-alovla-tonqallarla qarşıladı. Demək olar ki,böyük əksəriyyət evlərin yanında tonqal qalanmışdı. Tonqalların ətrafı qocalı-cavanlı, qadınlı-kişili adamla dolu idi. Cavan və orta yaşlı kişilərin bəzilərinin çiynində tək və ya qoşa lülə ov tüfəngləri var idi. Bəziləri isə əllərində lapatka,yaba tutmuşdular.Kəndin bütün giriş-çıxışlarını yoxladıq, sakinlərlə söhbət etdik. Sakinlər

ermənilərin hücuma keçə biləcəkləri barədə xəbəri eşitdiklərini təsdiq etsələr də öz ev-eşiklərini son damla qanlarına kimi müdafiə edəcəklərini deyirdilər.Onlarda olan böyük əzm və iradəyə

heyran qalmamaq mümkün deyildi. Söhbət əsnasında məlum oldu ki, tonqallar kənd sakinlərinin oyaq olub yatmadıqlarına bir işarə imiş. Səhərə kimi kəndin giriş-çixişlarını nəzarətdə saxladıq.

Səhər tezdən bizi təcili Qərargaha çağırdılar. Orda olduğumuz bir –iki saat ərzində gecə Xıdırlı kəndinə ermənilərin hücumunu xəbər verən şəxsin kim olduğunu məyyənləşdirə bilmədik. Növbəti əmrlə bizi Əsgəranla (26 noyabr 1991-ci ildən Xocalı adlandırıldı) Ağdam arasındakı yola göndərdilər.Bu gedişlə on üç gün həmin yolda gecə-gündüz növbə çəkdik.

Vəzifəmiz yolda hərkət edən, xüsusən Ağdama düşən maşınları yoxlamaq,baş verə biləcək hər hansı qanunsuz hərəkətlərin qarşısını almaq idi. Hər kəs vəzifəsini vicdanla yerinə yetirirdi. Biz cavan idik,hər cür çətinliyə dözə bilirdik. Amma əslən Tovuz rayonundan olan şöbə rəisi Telman Məmmədovun həmin vaxtı təxminən 55 yaxın yaşı olardı, hündür boylu,kök kişi idi. Gecələr onun Ağdam rayon mərkəzinə getməsinə çox təkid etsək də razı olmadı. Nə qədər çətin olsa da rəis bir dəqiqə belə bizi tək qoymadı.

On üç gün paltar əynimizdən çıxmadı. Bu müddətdə bir neçə şübhəli şəxsi və şübhəli maşınları tutub Qərargaha təhvil verdik.

On dörd gündən sonra Puşkin rayonuna, xidməti iş yerimizə qayıtdıq.

İnanın ki, həmin vaxtı istər yerli,istərsə də tədbirə cəlb olunmuş milis əməkdaşlarının çox böyük əksəriyyəti xidməti vəzifələrini layiqincə yerinə yetirdilər. Bəlkə də bu xidmət sayəsində onlarla cinayətin, xüsusən erməni faşistləri tərəfindən törədilə biləcək qanlı cinayətlərin qarşısı bir müddət alındı.

Təsadüfi deyil ki, Sovet Ordusunun dağıldığı və Milli Ordunun formalaşmadığı həmin dövrdə milis əməkdaşlarının torpaqlarımızın müdafiəsindəki fədakarlığı insanlarımız tərəfindən indi də ehtiramla xatırlanır.

-Dünyanın düzəni dəyişir. Bütün sahələrdə olduğu kimi bir güc strukturu olara polis sistemində də müxtəlif yeniliklər, dəyişikliklər baş verir.

Güclü texnika, dünya standartlarına cavab verən texnoloji avadanlıqlar və s. Bütün bunların əhatəsində bəs müasir polisimizin mənəvi durumu sizi qane edirmi?

Sizcə yüz yaşlı, başı müsibətlər çəkən polisimizin bu gün vətəndaşla arasındakı soyuqluğun, inamsızlığın əsas səbəbi nədir?


-Səbəb bir tərəfli deyil, səbəb hər iki tərəfdəndi. Münsibətlərin belə fomalaşmasında vətəndaşın da, polisin də günahı var.

Birinci növbədə düşünürəm ki,insanların inamını polisə qaytarmaq lazımdır. Və insanlarda polisə qarşı hörməti bərpa etmək lazımdır. Bunların hamısı bir-biriylə vəhdət təşkil edir. Yəni, biri olmasa o biri olmaz.

Polisdə vicdanlı insanlarımız çoxdu. Təbii ki, aralarında nadürüstləri də, polis adına ləkə gətirənləri də var.

Bunlar da gec-tez üzə çıxarılıb, polisdən uzaqlaşdırılırlar.

Bu olub, var, yenə də olacaq.Çünki, insan psixologiyasını bilmək olmur və hamını mütəmadı nəzarətdə saxlamaq qeyri mümkündür.

Məgər Daxili İşlər orqanlarında işləyənlərin hamısı bu işin məsuliyyətinə, şərəfinə görəmi gəlib polis olurlar? Xeyir. Hərənin özünə görə "xəyal"ları, özünə görə "plan"ları olur bu peşəyə qədəm qoyanda.

Polisdə işləmək istəyənlər polisə qazanc mənbəyi kimi baxmamalıdırlar. Baxın ən böyük bədbəxtçiliyimiz bu gün budur.

Mən də uzun illər işləmişəm və çox problemlərlə üzləşmişəm.Çox vaxt məni bir sual düşündürürdü: İnsanlar nəyə görə polis üçün hal şahidliyi etmək istəmirlər?

Təsəvvür edin ki, məcburiyyət qarşısında qalındı və ictimai əsaslarla insanlar polis orqanlarına işə götürüldü ki, şahidlik problemi nisbətən həll olunsun.

Peşəkar polis əməkdaşı olaraq bunu düzgün hesab etmirəm. Çünki eyni şəxslərin müxtəlif hadisələrə şahidlik etmələri başqa nöqsanlara səbəb ola bilər.

Əslində insanlar şahidlik etməyi özlərinin vətəndaşlıq borcu hesab etməlidirlər. Çünki, bu gün göz yumduğun, şahidlik edib haqqı demək istəmədiyin bir cinayət, lap elə inzibati xəta belə sabah

sənin başına gələ bilər və yanında olanların sənin haqq sözünü müdafiə etməmələri, haqqa şahid durmamaları səni çox ağrıdar.

Amma burda bir vacib məqam da var: İnsanların könüllü şahid olmaları üçün də polis vətəndaşın sevgisini, hörmətini, inamını qazanmalıdır.

Bilrisiniz bizim polis əməkdaşlarımız arasında əsil ziyalı çox azdır.

- Bir çox nöqsanlara səbəb də elə bu deyilmi?

-Polislər vətəndaşlara bilirsiniz necə baxırlar. Sanki bunlar başqa planetdən gəliblər, sanki bunların hakimi mütləqlik etməyə haqları çatır. Bunlar polisdirlər deyə insanların başına qışqıra da bilərlər, tehqir edə də bilərlər, döyə də bilərlər.

Şəxsən mən bir polis veteranı kimi bəzən bu kimi faktların şahidi oluram. Bəzi şöbələrə, idarələrə gedirsən, adamla elə hikkəylə, iddiayla danışırlar ki, özün də peşman olursan ora getməyinə.
Bu belə olmamalıdır. Vətəndaş özü gəlməlidir, özü polisə dəstək olmağa çalışmalıdır.

Vətəndaşların isə ən əsas bəlaları hüquqi savadsızlıqdır.

-Polissiz vətəndaş, vətəndaşsız polis...Bunları ayrı təsəvvür etmək imkansız.

-Sizinlə həmfikirəm. İnanaq ki, yaxın zaman kəsiyindən başlayaraq polis vətəndaşın sevgisini, inamını qazanmaq üçün addımlar atacaq.

Polisin öz üzərində işləmədən, intelektini artırmadan, özündə ziyalılığı yetişdirmədən istədiymizə nail olmaq bir xəyal olaraq qalacaq.

-Qafar müəllim, tərcümeyi halınızı dönə-dönə oxumuşam. Və diqqətimi çəkən ən önəmli məqam sizin, ruhən fərqli insan olmağınızdı. Mənə çox maraqlıdı, bir polis olaraq sizin bu xasiyyətiniz sizdən nələri aldı, nələri qazandırdı?


- Bəlkə də müsahibədə ən çox gözlədiyim sual elə budur. Səbəbini izah edim:

Söhbətin əvvəlində demişdim ki,uşaqlıq arzum aktyor olmaq idi.Yeniyetməlik dövründə isə jurnalist olmaq istəyirdim. Hələ orta məktəbin səkkizinci sinfində oxuyanda rayon və respublika mətbuatında çap olunurdum.

Amma həyat elə gətirdi ki, hüquqşünas oldum, fikir verdinizsə “həyat elə gətirdi” -dedim.

Dünyaca məşhur fransız dramaturqu Jan Batist Molyer deyir ki, “Həyatımız ağıla gəlməyən bir sözdən,bir baxışdan və ya hadisədən asılı ola bilər”.

Arzularımın dalınca deyil, hüquqşünas olmağım da məhz bu cür oldu- desəm yəqin səhv etmərəm.

Böyük ingilis yazıçısı və ictimai-siyasi xadimi Bencamin Dizraeli yazır ki, “Gənclik səhv edir, yetginlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmançılığını çəkir”.

Qocalıq olmasa da ömrümün bəlli bir yaşındayam. Keçdiyim həyat yolu barədə söz deməyə ağlım və təcrübəm imkan verir.Yaşadığım həyata görə peşmançılıq çəkirəm- desəm düz olmaz.

Ömrümün 30 ilini milis-polis orqanlarında işlədim.Yaşadığım cəmiyyətin yazılmış və yazılmamış qanunları ilə işimə vicdanla, insanlara qarşı isə namuslu və ədalətli olmağa çalışdım.Amma bu bəs edirmi? Məncə yox...

Keçən bu illər bütün həyatım deməkdir, geri dönüşü mümkün olmayan illər deməkdir. Bu illərdə uşaqlıq və yeniyetməlik arzularım da dəfn olundu.

Bəlkə arzularıma tabe olsaydım indi tamam başqa həyat yaşayardım, bəlkə də ...

Bu ilərin həyatımdan nəyi alıb-almadığının cavabı da elə burdadır.

Allahıma şükür edirəm ki, uşaqlıq və yenuiyetməlik arzularıma 55 yaşımdan sonra çatdım.

Filmlərdə, seriallarda çəkildim, bədii kitablarım nəşr olundu, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü oldum, bir neçə ədəbi mükafatlar aldım.

Deməli, Böyük Yaradandan gərək sidq-ürəklə istəyəsən, amma istəmək də azdır, gərək arzun, istəyin üçün mübarizə aparasan.

Gənclərimizə də tövsiyyəm budur ki, arzu, istəklərinə çatmaq üçün mübariz olsunlar.Onda qələbə gec-tez onlarla olacaq.

Xalidə xanım yeri gəlmişkən deyim ki, "ruhən fərqli insan olduğumu" işlədiyim vaxtlarda mənə dəfələrlə müxtəlif insanlar deyiblər.

İnanın heç vaxtı heç kimi heç nəyə məcbur etməmişəm. Bu müsahibənin yayılacağını və işi məndən keçmiş insanların da oxuya biləcəyinin də fərqindəyəm. Çəkinmədən bu sözləri deyirəm.Vaxt olub ki,həbs etdiyim və illərlə həbsxanada yatan şəxs çıxdıqdan sonra sovqatla görüşümə gəlib.

Əslində həmin şəxs mənə düşmən kəsilməliykən, görüşümə gəlib deyib ki,səndən çox razıyam,çünki nə imkanın olub mənə kömək etmisən.

Etdiyim kömək də kiminsə hüquqların pozulması ilə müşayiət olunmayıb. Səbəb odur ki,qanuni çərçivdə minnətsiz, heç bir təmənna güdmədən kömək etmişəm və bu mümkündür.

İnanın ki,indi də işlədiyim rayonlara alnı açıq,üzü ağ gedə bilirəm. Dediyiniz ruhda olmağım mənə bunları qazandırıb.

-Qafar müəllim, çox sağ olun, maraqlı söhbətiniz üçün. Zəngin tərcümeyi hala sahib insansınız. İnşallah sizinlə gələcək müsahibələrimiz fərqli ampulada olacaq.

-Siz sağ olun, ayırdığınız vaxta və göstərdiyiniz diqqətə görə...

Bizi qoruyan daha bir polislə söhbətim beləcə sonlandı.

Bu son deyil, yolumuz Kəlbəcərədir, bəli Kəlbəcərə...
Maraqlıdırsa o zaman "Azərbaycan polisi-100" layihəsinin növbəti qonağını izləməyi unutmayın.


"Polisdə vicdanlı insanlarımız çoxdu..."-


"Polisdə vicdanlı insanlarımız çoxdu..."-


"Polisdə vicdanlı insanlarımız çoxdu..."-


"Polisdə vicdanlı insanlarımız çoxdu..."-


"Polisdə vicdanlı insanlarımız çoxdu..."-


"Polisdə vicdanlı insanlarımız çoxdu..."-


Xalidə Xalid/İnform.az

Baxış sayı: 1256