Dünya, Hərbi, Qarabağ
19.04.2018 / 14:57

“Qarabağ” klanı Ermənistanda, yoxsa cəbhədə döyüşür? – EKSPERT ŞƏRHİ

“Qarabağ” klanı Ermənistanda, yoxsa cəbhədə döyüşür? –

Bir müddət öncə Еrmənistanda start verilən konstitusiya islahatları əhali tərəfindən sakit qarşılansa da, aprel ayında Serj Sarkisyanın özünü parlamentdə baş nazir təsdiq etdirməsi planı problemlərlə qarşılaşıb.

Əhali artıq bir neçə gündür ki, İrəvan küçələrində izdihamlı yığıncaqlar keçirir, etiraz aksiyaları keçirirlər.

Əslində “Parlament respublikasına” keçid nəticəsində səlahiyyətləri artacaq baş nazir vəzifəsinin yenidən Sarkisyanın tutacağı məsələsi Ermənistandakı nüfuzlu siyasi qruplaşmalarla razılaşdırılmış bir qərar idi. Bununla Sarkisyan öz hakimiyyətini konstitusiyaya yalnız bir dəyişiklik nəticəsində yox, konseptual islahatlar donu geydirməklə saxlamaq istəyirdi. Belə islahatlar Qarabağ ətrafında danışıqlar prosesindən hər bir bəhanə ilə yayınmaq niyyəti olan erməni cəmiyyəti üçün də əlverişli idi.

Belə ki, bir çox ölkələrdə olduğu kimi, baş nazir prezidentdən fərqli olaraq, demək olar ki, imzaladığı bütün sənədləri parlamentin təsdiqinə verməlidir. Əsasən də beynəlxalq razılaşmalara aid sənədləri. Bu isə beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadan hansısa bir müqavilənin təsdiqini illərlə yubatmağı çox asan edir. Erməni cəmiyyəti də “fərasətdə” öz hakim dairələrindən geri qalmadığından, özgə xalqlarla belə bir ünsiyyət konsepsiyası onları tam təmin edirdi. Ona görə də bu ölkədə konstitusiyaya dəyişiklik etmə prosesləri başlayanda, cəmiyyət tərəfindən biganəlik yox, hətta bir məmnunluq hissi də müşahidə olunurdu. Deyəsən, bu məsələdə erməni cəmiyyəti öz “fərasətinin” tələsinə düşdü.

Erməni cəmiyyəti ənənəvi olaraq Qarabağın köklü erməni əhalisini bir o qədər də sevmir. Hər bir ölkədə regionlar arasında rəqabət və lağlağı etmək problemləri var. Hətta ən inkşaf etmiş qərb ölkələrində belə. Lakin erməni cəmiyyəti artıq bəşəriyyətin yaddan çıxandığı “etnik təmizlik” nəzəriyyələrinə yenidən aludəçilik göstərdiklərindən, Qarabağın erməni əhalisini erməniləşmiş qafqaz albanlarının nəsli hesab edir və onları aşkar dərəcədə özlərindən ayırırlar. Bu etnik nəzəriyyələr onların siyasi səhnəsinə də güclü təsir edir. “Qarabağ klanı” və “Ermənistan klanı” arasında ildən-ilə dərinləşən siyasi rəqabət mövcuddur. Resursları az olan bu kasıb dövlətdə hakim zümrə material ehtiyatların sahibinə, hakimiyyətdən kənarda qalan qüvvə isə material ehtiyatlara sahiblik imkanlarından tam məhrum olunurlar. Ölkənin məhdud qazancları bu sahədə balans yaratmağa imkan vermir. Bu isə hakimiyyət uğrunda mübarizəni daha çılğın edir. Əsasən də, rəqabətdə iştirak edən tərəflərdən birinin sırf regional klan olması, Ermənistan dövlətinin resurslarının böyük hissəsinin bu klanın çıxdığı Qarabağı işğal altında saxlanmasına sərf olunması, bu cəmiyyətdə iqtisadi zəmində də kəskin konfrontasiya yaradır.

Qarabağın işğalını ən birinci dövlət maraqları seçimi hesab edən erməni cəmiyyəti bu məsələni yüksək kürsülərdən səsləndirməyə çəkinir. Və hətta demək olar ki, utanır. Azərbaycandan işğal etdikləri ərazinin erməni əhalisi Ermənistan dövlətində hakimiyyəti tam ələ keçirib. Erməni dövlətinin 100 il hazırlayıb həyata keçirdiyi ekspansiyanın məqsədi, Azərbaycanın ərazisinin bir hissəsi olan Dağlıq Qarabağı ələ keçirib, öz ərazilərinə qatmaq idi. Onlar, bütün dünya ermənilərinin maddi ehtiyatlarından, siyasi nüfuzundan istifadə edərək Dağlıq Qarabağı işğal ediblər. Amma gerçəkdən elə alınıb ki, onu Ermənistan respublikasına yox, Ermənistan Respublikasını Dağlıq Qarabağa qatıblar. Bu məsələ Ermənistanda ən populyar mətbəx, kuluar, ara söhbətlərdir. Yəni, qonşu ölkədə qeyri-formal şəraitdə, sosial şəbəkələrdə ən geniş müzakirə olunan məsələ budur.

İrəvanda gedən etirazlar əsasında qarşıduran qüvvələr Qarabağ kartından dolayısı və birbaşa yolla istifadə etməyə can atırlar. Məsələn, bu protestlərdə aktiv iştirak edən “bizim addımımız” siyasi hərəkatının rəhbəri parlament deputatı Nikol Paşinyan dolayı yolla Qarabağda Sarkisyan klanının üzvlərinə müraciət edərək bildirdi ki, İrəvanda Qarabağ qruplaşmasının hakimiyyətdə qalmasına dəstək üçün Qarabağdan gələn silahlı birləşmələr Azərbaycanla cəbhə xəttini zəiflədə bilərlər. Dolayı yolla məlumat alırıq ki, regional qruplaşmalar hakimiyyət uğrunda mübarizədə bu regionları təmsil edən silahlı dəstələrdən də istifadə edə bilərlər.

Hakim zümrənin bu mənada manevr imkanları daha genişdir. Belə ki, onun cəbhə bölgəsində kontrakt sistemi ilə qulluq edən həmvətənlərinin İrəvanda güc aksiyalarında iştirakından başqa, daha bir yolu var - cəbhədə gərginlik.

Cəbhədə gərginlik yaratmaq çox riskli bir yoldur. Çünki Azərbaycan tərəfi bu “zarafatı” ciddi qəbul edib, çox sərt reaksiya verə bilər. Lakin, erməni tərəfi başa düşür ki, Azərbaycan rəhbərliyinin erməni tərəfinin belə hərbi provokasiyasından istifadə edərək, genişmiqyaslı əks-hücuma başlaması ehtimalı da çox kiçikdir. Müharibəni başlayan tərəf onu yalnız öz ssenarisi və öz təqvim planları əsasında həyata keçirir. Düşmənin təklif etdiyi təqvimi və ssenarini qəbul etmək, məğlubiyyətin yarısı deməkdir. Əgər hamısı deyilsə... Ən uzağı Azərbaycan tərəfi 2016-cı ildəki əməliyyat səviyyəsində hərbi cavab tədbirləri görə bilər. Görünür, Ermənistanın 2016-cı ildəki aprel döyüşlərində itkilər səviyyəsi “Qarabağ klanı”nın öz hakimiyyətini qoruyub saxlamaqdan ötrü hazır olduqları qiymətdir. İrəvanda etirazların başladığı ilk günlər ərzində erməni mətbuatı öz ərazilərinin bizim Qazax-Tovuz rayonları ərazisindən, Naxçıvan Muxtar Respublikası ərazisindən atəşə tutulması haqqında informasiya dalğası yaradır və dövlət sərhəddinin bu hissələrində təxribat yaratmaqdan çəkinmirdilər. Əvvəlki yazılarımızda bu məsələyə bir qədər geniş toxunmuşuq. Dövlət sərhəddi ərazisində təxribatlar Ermənistanın öz müttəfiqlərini Azərbaycana qarşı hərbi tədbirlərə güclə sürükləmək deməkdir.

Ola bilsin ki, müttəfiqlər bağlı kanallarla erməni rəhbərliyinə bildirib ki, onları öz daxili siyasətləri naminə Azərbaycanla hərbi münaqişəyə təhrik etmək cəhdlərindən əl çəksinlər. Müttəfiqlərindən yardım almayacağı siqnalı alan erməni rəhbərliyinin ümidi ATƏT strukturlarının, Minsk qrupunun mənəvi yardımına yönəldiyini fərz edirik. Çünki artıq aprelin 18-i hərbi provokasiyaların coğrafiyası Qarabağa dəyişdi. Dünən Qarabağda yerləşən işğalçı ordunun hərbiçiləri Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini müxtəlif çaplı silahlardan atəşə tutaraq, bir dinc sakini yaralayıblar. Əslində Qarabağda hərbi provokasiyalar və atəşkəsin pozulması halları tez-tez baş verir. Əsasən belə atışmalar qarşı-qarşıya duran orduların səngərləri arasında baş verir. Erməni rəhbərliyi gözəl bilir ki, Azərbaycanın siyasi və hərbi rəhbərliyi cəbhəyanı ərazidə yaşayan dinc əhalinin atəşə tutulmasına çox əsəbi yanaşır.

2016-cı ilin aprel əməliyyatları göstərdi ki, qüvvələrimiz atəş nöqtələrini artilleriya zərbələri ilə susdurmaqla yanaşı, birbaşa ələ keçirməkdən də çəkinmirlər. Ölkəmizin işğal olunmuş 14500 kvadrat kilometr ərazisində cəmi 146 min erməni yaşayır. Bu rəqəm yalanını dövlət siyasəti etmiş Еrmənistan aşkarladığı rəqəmdir. Gerçəkdə isə daha da az ola bilər. Ərazisi cəmi 987 kvadrat kilometr olan cəbhəyanı Bərdə rayonunda isə 152 min əhali yaşayır. Əhalinin belə sıxlığı elə şərait yaradıb ki, cəbhə xəttinidə, birbaşa ordumuzun səngərləri arxasında yaşayış məntəqələri yerləşir. Erməni rəhbərliyi bu şəraiti hər dəfə özünə lazım olanda provokasiya məqsədləri üçün istifadə edir.

Ağcabədi sakini Rəhim Hacıyevin öz evində erməni hərbiçiləri tərəfindən yaralanması növbəti dəfə “keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtür” atalar sözünü təsdiqləyir. Ordumuz bu provokasiyanı cavabsız qoysa, ermənilər cəbhəyanı ərazidə yaşayan azərbaycan əhalisini vahiməyə salıb, oradan qovmaq planlarını daha həyasız vüsətlə davam etdirəcəklər. Cavab tədbirləri isə siyasi vəziyyəti gərgin olan Serj Sarkisyana “Azərbaycan hücum edir!” şüarı altında öz tərəfdarlarını mobilizasiya etməyə və Qarabağın işğalını prioritet sayan erməni cəmiyyətindəki təlatümü sakitləşdirməyə kömək olacaqdır. Azərbaycan ordusu cavab tədbirləri görərsə, bu provokasiyanın müəllifinin sudan quru çıxmağa şansı da var. Bu münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün aidiyyəti beynəlxalq qurumlar, bunu ölkəmizin Ermənistandakı bu şəraitdən bəhrələnmək istəyi kimi də qəbul edə bilərlər.

Seçim Azərbaycan siyasi və hərbi rəhbərliyindədir. Ümidvarıq ki, onlar özlərinə məlum olan nəhəng informasiya massivini təhlil edərək, daha düzgün gediş edəcəklər./ordu.az

Baxış sayı: 119