Baş xəbər, Müsahibə, Hüquq
19.04.2018 / 10:00

Polissiz vətəndaş, vətəndaşsız polis olmaz... FOTO

Polissiz vətəndaş, vətəndaşsız polis olmaz...

Bu il Daxili İşlər Nazirliyinin yaradılmasının 100 yaşı tamam olur.

Bu münasibətlə İnform.az "AZƏRBAYCAN POLİSİ-100" rubrikası altında DİN-ə rəhbərlik etmiş nazirlərin, bu qurumun Qarabağ müharibəsı və peşə veteranları, şəhid polislər, eləcə də gənc polis əməkdaşları haqqında maraqlı silsilə yazılarla görüşünüzə gəlir:


Əvvəli burada:http://inform.az/index.php?newsid=29276

Onunla ilk tanışlığım qiyabi olub-"Günəşim ol" serialındakı Aslan obrazı ilə.

Düzü onun keçmiş polis əməkdaşı olduğunu bilmirdim. Əgər Lənkəran ŞRPŞ-nin Veteranlar Şurasının sədri Bəxtiyar Vəliyev və DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev onun keçmiş polis əməkdaşı olduğunu deməsəydilər.

Polis olduğunu biləndən sonra, Azərbaycan Daxili İşlər orqanlarının yaranmasının 100 illiyi münasibətilə start verdiyimiz, ideya müəllifi olduğum "Azərbaycan polisi-100" layihəsinin növbəti qəhrəmanı Qafar Cəfərlinin həyat və fəaliyyəti ilə maraqlanmağa başladım.

Araşdırdıqca zəngin bir tərcümeyi hala sahib olduğunu hiss edirdim.

Öncə onunla bağlı bir oçerk qələmə almaq istədim. Amma beynimdə suallar doğduğu üçün müsahibəyə qərar verdim.

Qafar müəllimlə Lənkəranda görüşdük, hər ikimizin doğulduğu məkanda. Həm də onu "Günəşim ol “ serialında tez-tez gördüyümüz "Boranı" restoranında.

Qarşımda canlı bir ensiklopediya, canlı bir xəzinə oturmuşdu. Asta danışığı, ilıq təbəssümü onun nə vaxtsa polis əməkdaşı olduğuna şübhə yaradırdı.

Polisdə işləyən dostlarımız, yaxınlarımız bəlkə də mənim bu sözlərimdən inciyəcəklər. Deyəcəklər ki, polisə nə olub ki, yəni o qədər zəhmlidir?

Amma cənab fakta diqqət versələr, dediklərimdə haqlı olduğuma inanacaqlar.

Onu da deyim ki müsahibim olduqca maraqlı insandır. Onunla istədiyin mövzuda rahat söhbət edib, müzakirə apara bilərsən.

Görüşümüz zamanı o,danışdıqca, mən ürəyimdə pıçıldayırdım: "kaş ki, polis dediyimiz bütün insanlar onun kimi ziyalı, onun kimi savadlı, onun kimi istedadlı olaydılar. O zaman hər şey çox fərqli olardi...

O zaman bu gün ürək ağrısı ilə müşahidə etdiyimiz polislə vətəndaş arasındakı inamsızlıq, qorxu hissi olmazdı...Kaş ki..."

Nə isə, keçək əsas məsələyə...

Keçmiş polis polkovnik leytenantı, əməliyyatçı Qafar Cəfərli ilə olan maraqlı söhbətimizə belə başladıq:

-Salam Qafar müəllim. Azərbaycan polisinin yubileyi ərəfəsində xoş gördük sizi.


-Xoş gününüz olsun. Polisin yubileyi həm də vətəndaşın yubileyidir desək yanılmarıq.

-Əminsinizmi?(gülürəm)

-Təbii, əminəm. Vətəndaş-polis bunların hər ikisi bir-birinə özlərinin də görmədikləri gözəgörünməz tellərlə bağlıdırlar. Amma nə edək ki, müəyyən nüanslar ucbatından vətəndaşın polisə inamı əvvəlki, sovet dönəmindəki kimi deyil.

-Qafar müəllim bu mövzuya bir azdan qayıdacağıq. Oxucuma da maraqlıdır, mənə də Qafar Cəfərli kimdir?

Onun tərcümeyi halında nələr qızıl hərflərlə yazılıb, nələri xatırladıqca acı çəkir, nələr ona yaşamaq həvəsi verir?

Bir sözlə kimsiz siz Qafar Cəfərli?


- Mən, Cəfərli Qafar İltifat oğlu 07 mart 1957-ci ildə Lənkəran rayonu, Viyən kəndində müəllim ailəsində doğulmuşam.

1963-cü ildə Viyən kənd səkkizillik məktəbin 1-ci sinfinə getdim. Amma tam orta məktəbi Lənkəran şəhər 1 saylı orta məktəbdə oxudum.1973-cü ildə həmin məktəbi bitirdim.

Həmin ildə ADU –nun (indiki BDU) jurnalistika fakültəsinə imtahan versəm də müsabiqədən keçə bilmədim. Lənkəran rayonundakı B.O.Abbasov adına sovxozda fəhlə, Lənkəran radio verilişləri redaksiyasında müxbir kimi çalışmağa başladım.

1974-cü ildə ADU-nun filologiya fakültəsinə (qiyabi) qəbul olundum.

Lənkəran şəhər komsomol Komitəsində təlimatçı işlədim.1975-ci ilin noyabr ayından 1977-ci ilin noyabr ayına kimi Sovet Ordusu sıralarında Ukraynanın Donetsk şəhərində hərbi xidmətdə oldum.
Xidmətimin son bir ili Donetsk vilayət hərbi Prokurorluğunda köməkçi-əsgər kimi keçdi.

Həmin vaxtdan içimdə hüquqşünas olmaq arzusu doğdu.1978-ci ilin yanvar ayında Bakı şəhərindəki 79 saylı Texniki Peşə Məktəbində ştamplayıcı ixtisası üzrə təhsil almağa başladım və iyul ayında məktəbi fərqlənmə diplomu ilə bitirdim. Həmin ilin avqust ayında qəbul imtahanlarını müvəffəqiyyətlə verib S.M.Kirov adına ADU-nun (indiki BDU) hüquq fakültəsinin əyani şöbəsinə qəbul olundum.

1983-cü ildə həmin fakültəni bitirərək “hüquqşünas” ixtisası aldım.

1983-cü ilin oktyabr ayından 2012-ci ilin mart ayına kimi Daxili İşlər Nazirliyi sisteminə daxil olan şöbələrdə: Puşkin (hazırkı Biləsuvar), Masallı, Astara,təkrar Biləsuvar və Astara rayonlarında, Lənkəran şəhərində müxtəlif vəzifələrdə: sıravi inspektordan tutmuş Polis Şöbəsi rəisinin 1-ci müavini-əməliyyat işi üzrə rəis müavini vəzifələrində çalışdım.

Xidmətimin 22 ilini əməliyyat sahəsi üzrə, on ilə qədərini isə rəis müavini kimi fəaliyyət göstərmişəm.

2012-ci ildə şəxsi raportumla orqandan təqaüdə çıxmışam. Dağlıq Qarabağ hadisələri başlanandan sonra bölgənin bütün rayonlarında xidməti ezamiyyətlərdə olmuşam.

Qarabağ müharibəsinin iştirakçısıyam.Müharibə və polis veteranıyam.

-Qafar müəllim, uzun illər milis-polis sistemində işləmisiniz.Bu işin şərəfli , həm də son dərəcə məsuıiyyətli olduğunu hamımız bilirk. Əvvəllər el arasında belə bir ifadə də var idi:"Mənim milisim məni qoruyur."
Bəs polis?


- Polisin hüquq və vəzifələri ümumən “Polis haqqında” ,”Əməliyyat-axtarış fəaliyyəti haqqında” olan Qanunlarda öz əksini tapıb.

Təbii ki, bu qanunlar əsasında qəbul olunmuş müvafiq Əsasnamələr,Təlimatlar da vardır. Polis ümumən ölkədə ictimai asayişin mühafizəsini, cinayətkarlıqla mübarizə işini həyata keçirtməklə məşğul olur.

Bu bir cümlənin içində isə saysız-hesabsız işlər cəmləşib.

Bəli, əvvəllər də, indi də polisin ən başlıca vəzifəsi son məqamda insanları qorumaqdır, baxmayaraq ki, “Mənim polisim məni qoruyur” ifadəsinə indi çox az rast gəlinir.

Polis həyatı çox şərəfli və məsuliyyətli, həm də çox təhlükəlidir. Evdən çıxıb xidmətə gedən polisin evə qayıtmaq şansı əlli əliyə bərabərdir. Xüsusən əməliyyatçının həyatı həmişə təhlükə içində olur. Əməliyyatçı hər gün müxtəlif cinayətkarlarla rastlaşır.

İnanın, digər əməliyyatçılar kimi mənim də ölümlə üz-üzə dayandığım anlarım çox olub, həyatım bəzən tükdən asılı qalıb.

Ölümün qaşla-göz arasında olduğu çoxli təhlükələrdən çıxmışam. Amma həmin vaxtlar bunun fərqində olmamışam. Fikirləşmişəm ki, polis həyatı məhz bu cürdür və bu cür də olmalıdır. Xalqımızın həyatında yaşanan bütün önəmli hadisələrdə polisin rolu danılmazdır. İstər Qarabağ müharibəsi dövründə, istər Qanlı Yanvar hadisələrində, istərsə də digər olaylarda polis həmişə xalqın yanında olub.

-20 yanvar hadisələrini xatırlayaq...Həmin dönəmdə ölkə inanılmaz durumda idi. Xalq ayaqdaydı. Polis əməkdaşı olaraq o günlərdə şahidi olduğunuz hadisələrdən danışardınız mümkünsə.

-O günlər barədə həyacansız danışmaq mümkün olmasa da həmin dövrdə baş verən bəzi hadisələri qısa nəql etmək istərdim.

1990-cı ilin yanvar ayının ortalarında Bakıda keçirilən mitinqlər rayonlarda da həyatı iflic etmişdi.

İşlədiyim Puşkin (indiki Biləsuvar) rayonu ərazisində də eyni vəziyyət hökm sürürdü.Həmin dövrdə ən ağır iş milis əməkdaşlarının boynuna düşürdü. Vəzifəmiz meydanda, rayon mərkəzində və ümumən rayon ərazisində ictimai asayişi qorumaq,həm də cinayətkarlıqla mübarizə aparmaq idi. 1989-cu ilin dekabr ayının son günlərində Cəlilabad rayonunda,1990-cı ilin yanvar ayının əvvəllərində isə Lənkəran şəhərində sovet hakimiyyəti devrilmiş, cəbhəçilər hakimiyyəti ələ almışdılar.

Lənkəran hadisələrindən bir-iki gün sonra, yanvar ayının 14-də bir qrup şəxslər (təbii ki, bir neçə cəbhəçi və onlara qoşulmuş tüfeyli,avara,milisdən narazı olanlar) axşam üstü qəfil rayon Polis Şöbəsinə hücum etdilər.

Belə bir hücum barədə əvvəlcədən məlumatımız olduğundan bir gün əvvəl şöbə rəisi Ağabala Cəfərovun göstərişi ilə rəis müavini Ağaisa Şahkərəmov, CAB rəisi olaraq mən, baş müstəntiq Saroğlan Vahabov, əməliyyatçılar və digər əməkdaşlar şöbədə olan bütün silah-sursatları,xüsusi vasitələri, cinayət işlərini, yoxlama materiallarını və məxfi sənədləri gecə ikən etibarlı yerdə gizlətdik.Dırnaqarası üsyançılar şöbədə bütün otaqların qapılarını sındırıb içəridəki inventarları darmadağın etdilər,əllərinə düşən kağızları cırıb yandırdılar.

Restoran müdiri Fərhad Qazıyev bir neçə saat şöbə rəisi vəzifəsini “icra etdi”.

Səhərə yaxın bütün əməkdaşların ciddi səyi və bəzi rayon ağsaqqallarının köməyi ilə şöbə həmin şəxslərdən təmizləndi.

Buna baxmayaraq rayonda ictimai asayişin mühafizəsi sahəsində ciddi problemlər qalmaqda idi. Artıq bir neçə gün idi ki, insanlar arasında Bakıdakı mitinqlərin dağıdılacağı barədə söz-söhbət gəzirdi. 19 yanvar tarixdə,təxminən saat 20.00 radələrində bizə məlumat verildi ki, Lənkəran diviziyasına məxsus tanklar və BTR-lər Cəlilabad rayonu ərazisindən keçib Bakı istiqamətində hərəkət edirlər. Mən rəhbərliyin göstərişi ilə dərhal ətrafımda olan bir qrup milis əməkdaşlarını götürüb Xalq Cəbhəsinin Qərargahına yollandım və burda böyük bir insan izdihamı ilə rastlaşdım. Heç bir saat keçmədi ki, körpünün yuxarı başındakı uğultu səsindən az qala qulaq tutulurdu. Uğultu yaxınlaşdıqca bunun tank və BTR səsi olduğunu bildik. İnanın, səkkiz tank və üç BTR maşını insan selinin qarşısında yolun düz ortasında dayansalar da adamları tapdalayıb xurd-xəşil etmək üçün dinazavrlar kimi nərə çəkirdilər.

Hay-küy, qışqırıq, fit səsləri texnikanın qulaq batıran uğultusuna qarışıb əsil vahimə yaradırdı. Biz adamları aralayıb irəlidə dayanan tanka yaxınlaşanda ordan, sonra isə digər bir neçə tank və BTR-dən zabitlərin yerə düşdüyünü gördük.

Yəqin onlar milis formasında əməkdaşları görüb ürəklənmişdilər. Hərbçilərdən mayor rütbəli bir rus göstərişlə Qaradağ rayonuna getmək barədə göstəriş aldıqlarını bildirdi. Təxminən bir saatlıq müzakirədən sonra Cəbhə liderləri ilə qərara aldıq ki, bütün texnikalar yoldan kənarda saxlanılsın, sabah səhər Müdafiə Nazirliyi ilə əlaqə qurulandan sonra qərar qəbul olunsun. Hərbçilər mızıldansalar da sonda bizim təklifimizlə razılaşdılar. Texnikalar həmin yerə istiqamətləndi.Orda növbə çəkmək üçün milis əməkdaşlarından ayırdıq.

Yenidən meydana qayıdıb vəziyyətə nəzarət etməyə çalışdıq. Səhərə yaxın saat təxminən 05.40 dəqiqədə məntəqədə saxlanılan texnikaya və hərbçilərə baş çəkmək üçün meydandan çıxdıq.Yaxın olduğundan yolu piyada gəldik. Növbə çəkən milislər xidmətlərini layiqincə davam edirdilər.Hərbçilər isə dəstə halında yol kənarında yandırılan təkərin tonqalına yığışmışdılar. Söhbətimiz təzəcə qızışmışdı ki, meydandakı və Qərargahdakı səs gücləndiricilərdən Bakı şəhər hərbi komendantı Dubinyakın əmri oxunmağa başlandı.

Ətraf elektrik dirəklərindən asılan lampalarla işıqlansa da eşitdiyim sözlərin vahiməsi məni basdı. Qarşımda duran rus zabitinin simasından anidən xəfif bir təbəssümün gəlib keçdiyini hiss etdim. Hirsimdən üzümü yana çevirdim.Amma daxilən sevinirdim ki, bu texnikanı saxlamaqla bəlkə də onlarla həmvətənimin həyatını xilas etmişdik.

Hər anı bir xatirə, bir tarix olan o günləri yada salmaq çox çətindi.Sanki o həyacanları yenidən yaşamış olursan.

-Bəs Qarabağ? Düşmənlə səngərdə üz-üzə dayanmaq? Bir vaxtlar filmlərdə izlədiyiniz müharibə səhnələrinin, birbaşa canlı iştirakçısı olmaq yəqin ki, asan deyildi...

Polissiz vətəndaş, vətəndaşsız polis olmaz...


Polissiz vətəndaş, vətəndaşsız polis olmaz...


Polissiz vətəndaş, vətəndaşsız polis olmaz...


Polissiz vətəndaş, vətəndaşsız polis olmaz...


Polissiz vətəndaş, vətəndaşsız polis olmaz...


Polissiz vətəndaş, vətəndaşsız polis olmaz...


Davamı var.


Xalidə Xalid/İnform.az

Baxış sayı: 1619