Araşdırma
18.04.2018 / 11:00

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri- Araşıdrma

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri-
Eldar Bünyadov/Lerik rayonu Vizəzəmin kənd məscidi dini icmasının sədri

Azərbaycan xalqı tarixən İslam dininə bağlı olmuşdur. Bu din insanların həyatını, məişətini, yaşayış tərzini müəyyən edən başlıca amil rolunu oynamışdır. Məscidlər ibadət yeri olmaqla bərabər, yerləşdiyi bölgənin mədəni mərkəzi rolunu oynamışdır. Mədrəsələr İslam elmlərinin, dini dəyərlərin nəsildən-nəsilə ötürülməsi funksiyasını yerinə yetirmiş və bu nizam əsrlərlə davam edib.

Azərbaycanda adi məktəblərdən başqa, orta ruhani məktəbləri-mədrəsələr də fəaliyyət göstərirdi. Bu məktəblər adətən böyük məscidlərin nəzdində açılır və onların hesabına saxlanılırdı.

Mədrəsələrdə təhsil və yaşamaq pulsuz idi. Mədrəsəni bitirən şagirdlər dini rütbə alırdılar. Ərəb dilinə sərbəst yiyələnməyə əsaslanan proqram Quranı, ilahiyyatı dərindən öyrənməklə yanaşı ümumtəhsil fənləri: Tarix, fəlsəfə, coğrafiya, astronomiya, təbabət, müsəlman hüququ və digər elmlər daxil idi. Həmin elmlər İslam mövqeyindən tədris olunurdu.

Türk-islam dünyasında, eləcə də Şərqdə ilk demokratik, dünyəvi dövlət quruluşuna malik olan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən vətəndaşların hüquq, siyasi və dini azadlıqlarına böyük önəm vermişdir. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə Şimal torpaqlarda Azərbaycan Demokratik Respublikasının yaradıldığını elan etdi.

İstiqlal Bəyannaməsinin IV bəndində deyilirdi: Azərbaycan Respublikası öz sərhədləri daxilində milliyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar verilir. Bayraqdakı İslamın rəmzi olan yaşıl rəng Cümhuriyyətin dini dəyərlərə necə böyük önəm verdiyini əks etdirirdi.

Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində bütün dinlərə hörmətlə yanaşılmışdır. Həmin dövrdə məscidlərlə yanaşı başqa dinlərin və təriqətlərin ibadət evləri və tədris məktəbləri də sərbəst şəkildə fəaliyyət göstərirdi.

Bütün dinlərin və millətlərin nümayəndələri parlamentdə təmsil olunurdu. Vicdan azadlığı sahəsində tam tolerantlıq təmin edilirdi.

Təəssüf ki, müstəqillik dövrü uzun çəkmədi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu. İslam və müsəlman xalqları ağır məhrumiyyətlərə düçar edildilər.

“Dinsizlərin mübarizə ittifaqı” şuraları məscidləri sökür, dağıdır, yerlə-yeksan edirdilər. Dinsizlik pərdəsi altında tarixi mədəniyyət abidələri, məscidlər, məbədlər “sinfi düşmən yuvası” elan edilərək bağlanılır, ambarlara, muzeylərə çevrilirdi.

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dini və milli-mənəvi dəyərlərin qorunması sahəsində hüquqi bazanın yaranması həyata keçirilmişdir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilib.

Sovet dövründə müxtəlif məqsədlər üçün istifadə edilən köhnə məscidlər təmir edilərək dindarların istifadəsinə verilmiş, yeni məscidlər tikilmiş, dini ayinlərin keçirilməsinə qoyulmuş qadağalar aradan qaldırılmış, dini bayramlar dövlət səviyyəsində qeyd edilməyə başlanmışdır. Bunlara misal olaraq Bakıda Bibiheybət məscidinin yenidən tikilməsi, Heydər məscidinin və digər onlarla məscidin tikilməsi, əsaslı təmirini, həmçinin Ramazan və Qurban bayramlarının dövlət səviyyəsində keçirilməsi bunun bariz nümunəsidir.

İslam dininin bəşəriyyətə bəxş etdiyi mənəvi dəyərlərin əhəmiyyətindən və onların öyrənilməsinin vacibliyindən danışan Ulu Öndər Heydər Əliyev hələ 1996-cı ilin fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda söylədiyi fikirlər də bu gün üçün çox aktual səslənir,- “Bizim konstitusiyamıza görə ölkəmizdə dünyəvi dövlət qurulur, din dövlətdən ayrıdır. Təbiidir ki, bütün dünyəvi dövlətlərdə bu belədir. Bu heçkəsdə təəccüb doğurmasın. Ancaq gənclərin İslam dinini mənimsəmələri üçün hesab edirəm ki, lazımi tədbirlər görülməlidir.”

Tarixiliyi və müasirliyi özündə təcəssüm etdirən, Şərqlə Qərb arasında mədəni və coğrafi körpü rolunu oynayan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və dinlərarası diaoloqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verir. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər dostluq, qarşılıqlı hörmət şəraitində yaşayır, dövlətin diqqət və qayğısından yararlanırlar.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, onun məntiqi davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması dövlətin dini və milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verilən dəyər kimi yüksək qiymətləndirilir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən ölkə prezidenti Cənab İlham Əliyevin İslam həmrəyliyi ideyası yalnız İslam dünyası daxilində deyil, həm də bütün dünyada dinlərarası həmrəyliyə çağırışdır. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi bu siyasətin növbəti təzahürüdür.

Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində Azərbaycan multikulturalizm, İslam həmrəyliyi ideyalarının mərkəzində duran bir ölkə kimi beynəlxalq aləmdə böyük uğurlar əldə etməkdədir.

Azərbaycandakı multikultural hərəkat bir katalizator rolunu oynadı və dünyanın müxtəlif ölkələrində, intellektual dairələrində bu prosesə dayaq və dəstək oldular. Azərbaycan multikulturalizmi bir model kimi bu ölkələrdə öyrənilməyə başlandı. Bu gün Avropanın 10-larla ölkəsində “Azərbaycan multikulturalizmi” fənni tədis olunur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə milli-mənəvi dəyərlərimizlə bağlı müxtəlif konfrans, seminar və digər tədbirlər keçirilir.

Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Xoşbəxtlikdən müxtəlif dinlərin yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb. Milli, dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Bu da dövlətimizin bu sahədə apardığı doğru, düzgün siyasətin nəticəsidir. Və ya başqa sözlə dövlətimizin bu sahəyə həmişə həssaslıqla yanaşmasının, qayğının təzahürüdür.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə həm müsəlman dünyasında, həm də bütün dünyada sülh, həmrəylik, humanitar mərkəz rolunu inamla yerinə yetirir. Azərbaycandan bütün dünyaya sülh mesajları verilir.

Ulu Tanrı Azərbaycanı qorusun!

Qeyd: Məqalə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında“Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.

İnform.az



Baxış sayı: 83