Araşdırma
17.04.2018 / 10:30

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri- Araşıdrma

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri-
Ruhulla Ruhullayev/Lənkəran rayonu Şağlaser kənd məscidi
dini icmasının sədri

Əvvəli burada:http://inform.az/index.php?newsid=30298

AXC-nin elan olunmasından 2 ay əvvəl erməni-rus şovinistlərinin birgə hazırladıqları və həyata keçirtdikləri tarixi cinayətə AXC-nin münasibəti hakimiyyətinin elə ilk aylarında dövlət-din münasibətlərinin nə qədər vacib olmasına və eyni zamanda nə qədər düzgün qurulmasına bariz nümunədir. 1918-ci ilin mart ayında “Daşnaksutyun” partiyasının Bakı komitəsinin üzvü, Sovet Rusiyasının Qafqaza fövqəlada komissar təyin etdiyi S.Şaumyan və onun rus-erməni əlaltıları Rusiyadan aldığı böyük dəstəyi hesabına Azərbaycanda misli görünməmiş Mart soyqırımını törətdilər.

Bakı Soveti rəhbərliyi Təzəpir məscidinin din xadimlərindən tələb etmişdir ki, Şimali Azərbaycan torpaqlarını bolşevik-daşnak qüvvələrindən azad etməyə gələn türk əsgərlərinin hərəkətlərini lənətləyən fətva versinlər. Bütün bunlara baxmayaraq 1918-ci il sentyabr ayının 15-də Bakını düşmən qüvvələrindən azad edən Qafqaz İslam ordusu və onun 29 yaşlı komandanı Nuru Paşa bütün şəhər əhalisinin arzusu ilə Təzəpir məscidinə dəvət olunmuşdu. Axund Ağa Əlizadənin dili ilə desək: “Allah-Təala müsəlmanları kafirlərdən qorumaq üçün Osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərmişdi”. Beləliklə, Təzəpir məscidi millətin həyatında baş verən bütün siyasi məsələlərdə öncül yerdə durmuşdur.

Milli hökümət 1919-20-ci illərin 31 mart gününü Milli Qırğın günü kimi qeyd etdi. Şeyxülislam Ağa Əlizadənin göstərişi ilə həmin günlərdə Azərbaycanın bütün məscidlərində təziyələr təşkil olundu, ehsanlar verildi.

Şeyxülislam Ağa Əlizadə Şimali Azərbaycanda ilk Demokratik Respublikasının yaranmasını nəinki ürəkdən alqışlayan, həm də dövlət-din münasibətlərini günün tələbləri səviyyəsində saxlamağa çalışan və onun daim inkişaf etməsinə səy göstərən din xadimlərindən idi. Onun fəaliyyətini Demokratik Respublikanın yaranmasının 1-ci ildönümü tədbirində söylədiyi aşağıdakı sözlərlə çox gözəl qiymətləndirmək olar: “Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqlə söyləmək və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında,-orta və ali məktəblərdə ölkə camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-Təalanın buyurduqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar. İstiqlal hər bir tayfaya və şəxsiyyətə lazımdır.”

AXC dünyəvi dövlət olsa da dini dəyərlərin qorunmasına, dini azadlığın təmin olunmasına, həmçinin dövlət-din münasibətlərini daim inkişafına böyük diqqət və qayğı göstərmişdir. Lakin 1920-ci il aprelin 28-də AXC XI qırmızı ordu tərəfindən işğal edildikdən sonra Azərbaycanda sovet höküməti quruldu və dinimiz, milli-mənəvi dəyərlərimiz yenidən qadağalara və təzyiqlərə məruz qaldı. Məhz sovet hakimiyyətinin göstərişi ilə 1920-ci ildə ZMRİ-nin fəaliyyətinə qadağa qoyuldu. 1944-cü il aprelin 14-də SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə ZMRİ 24 illik fasilədən sonra yenidən bərpa edildi. Ağa Əlizadə yenidən idarənin sədri seçildi. Ağa Əlizadədən sonra müxtəlif illərdə Axund Mirmehdi Həkimzadə, Əliağa Süleymanzadə, Mirqəzənfər İbrahimov Şeyxülislam olmuşlar.
1980-ci ildən isə Hacı Allahşükür Paşazadə ZMRİ-nin sədri seçilmişdir. Çox gənc olmasına və SSRİ-nin dinə ateist münasibətinə baxmayaraq idarənin fəaliyyətini respublikamız daxilində inkişafına və islam ölkələri ilə əlaqə yaratmağa nail ola bilmişdir.

1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyyini əldə etdi. Bu, eyni zamanda, dinimizin müstəqillik və azadlıq əldə etməsi demək idi. 1992-ci ildə Şimali Qafqaz və Zaqafqaziya dini idarələri vahid qurumda,-Qafqaz Müsəlmanları Ruhani İdarəsində (QMRİ) birləşdilər. Elə həmin il Hacı Allahşükür Paşazadə qafqaz xalqları Ali Dini Şurasının sədri seçildi.

1993-cü ildə Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev cənablarının Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət-din münasibətlərinin yeni bir mərhələsi başlanır. Gənc Azərbaycan dövlətinin İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin formalaşmasında və inkişafında həm Ulu Öndərimizin, həm də Şeyx həzrətlərinin misilsiz xidmətləri olmuşdur. Ulu Öndər dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətlərinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Ulu Öndərimizin dövlət-din münasibətləri sahəsində ardıcıl həyata keçirdiyi uzaqgörən siyasəti qısa vaxt ərzində öz müsbət nəticələrini verdi. Sağlığında söylədiyi,-“Azərbaycan islam həmrəyliyi mərkəzlərindən birinə çevriləcək” – fikri tezliklə reallaşdı. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan multikultiralizm və tolerantlıq siyasəti Azərbaycanın bir dövlət olaraq həm müsəlman, həm də xristian dövlətləri arasında nüfuzunu və mövqeyini gücləndirdi. Ulu Öndərimizin bu siyasətini onun layiqli davamçısı hörmətli prezidentimiz İlham Əliyev cənabları uğurla davam etdirir.

Dövlət-din münasibətlərin daha yüksək səviyyədə tənzimlənməsində, dinimizin islam radikalizmi və ektremist qüvvələrindən qorunması üçün, informasiya müharibəsinin tüğyan etdiyi bir dövrdə, xüsusən də gənc nəslin müxtəlif yanlış təsirlərdən müdafiəsi üçün ölkə daxilində yeni bir dini təşkilatın yaradılmasına ehtiyacı nəzərə alaraq Ulu Öndərimiz 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasına sərəncam vermişdir. Dövlət-din münasibətlərinin İslam dünyası ölkələri və digər dövlətlərlə dini sahədə əlaqələrin yüksək səviyyədə inkişafın əldə edilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və xüsusilə bu komitəyə rəhbərlik edən hörmətli Mübariz Qurbanlı cənabının da böyük əməyinin və səmərəli fəaliyyətinin qeyd edilməsi yerinə düşərdi. Bu qurumun QMİ ilə birlikdə ictimaiyyətlə, xüsusən də gənc nəslin maariflənməsində mühüm rolu vardır.

Azərbaycanda dövlət-din münasibətləri çox möhkəm əsaslar üzərində qurulub. Bu əlaqələr sarsılmaz və əbədidir. Necə ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir. Bütün bunları uzaqgörənliklə görən Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Azərbaycanın müstəqilliyi sarsılmaz, dönməz və əbədidir”.

Qeyd: Məqalə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.

İnform.az

Baxış sayı: 108