Mədəniyyət
16.04.2018 / 12:25

Günay Əfəndiyeva Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşüb

Günay Əfəndiyeva  Macarıstanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşüb
Aprelin 13-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva ilə Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi arasında görüş keçirilib.

Fondun Mətbuat xidmətindən İnform.az-a verilən xəbərə görə, rəhbərlik etdiyi Fondun fəaliyyətindən söz açan G.Əfəndiyeva macarların tarixən türkdilli xalqlar ilə bağlılığını, bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşdüyünü bildirmişdir. G.Əfəndiyeva Macarıstanda türkologiyanın inkişafının və bu sahədə bir çox elmi araşdırmaların aparılmasının, eləcə də Macarıstanın türkdilli qurumlarla əməkdaşlığının hər iki xalqın tarixi-mədəni irsinin mühafizəsi və təbliği üçüngörülən işlərin əhəmiyyətindən söz açıb.

V.Szederkenyi Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi, bütövlükdə Türk dünyasının birliyi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulamış, yaxın gələcəkdə Macarıstanla birgə layihələrin keçirilməsinə dəstəyini ifadə etmişdir. V.Szederkenyi Macarıstanda türk mədəniyyətinin və irsinin daha da təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Səfirlik arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri qarşılıqlı müzakirə edilib.

İnform.az

Baxış sayı: 205