Araşdırma
16.04.2018 / 11:00

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri- Araşıdrma

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri-
Ruhulla Ruhullayev/Lənkəran rayonu Şağlaser kənd məscidi dini icmasının sədri


Zəngin milli-mənəvi dəyərlərə və ənənələrə malik Azərbaycan tarixən çox konfessiyalı məkan olub.

Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə özlərinə daimi sığınacaq tapıblar.

Tarixin ayrı-ayrı dövrlərində Azərbaycanda müxtəlif dini etiqadlar-bütpərəstlik, zərdüş-tlik, xristianlıq və s. mövcud olub. VII əsrdən başlayaraq Azərbaycanda islam dini yayılmağa başlamış və zaman-zaman bu din əhali arasında hakim dinə çevrilib. İslam dininin xalqımızın formalaşmasında, milli-mənəvi dəyərlərimizin zənginləşməsində misilsiz rolu olub.

Xalqımız daim bu dini etiqada sadiq olaraq, onun dəyərlərini qoruyub və yaşadaraq gələcək nəslə ötürüb.

Tarix boyu dinimiz və milli-mənəvi dəyərlərimiz çox təzyiqlərə və qadağalara məruz qalmışdır. Lakin buna baxmayaraq heç bir qüvvə xalqımızı öz saf əqidəsindən, dinindən, islami dəyərlərindən döndərə bilməyib.

XIX əsrdə Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra dinimizə qarşı təqib və təzyiqlər daha da artdı. Çarizm “parçala və hökmranlıq et” siyasətinə sadiq qalaraq islam dini daxilində parçalanmanı daha da dərinləşdirmək məqsədi ilə sünni və şiə məzhəbləri arasında ədavəti qızışdırmaq siyasətini həyata keçirirdi.

Bu məqsədlə 1823-cü ildə Tiflisdə şiələr üçün Şeyxülislam, 1832-ci ildə sünnilər üçün Müfti vəzifəsi təsis edildi. Şeyxülislamlıq Zaqafqaziya şiələrinə başçılıq etmək üçün yaradıldı.

İlk Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə oldu. O 1852-ci ilədək bu vəzifədə çalışır.

1872-ci il aprelin 5-də çarın fərmanı ilə Zaqafqaziya Ali Ruhani idarəsi təsis edilir. Bu idarə Tiflis şəhərində yerləşirdi və 1918-ci ilədək orada fəaliyyət göstərir.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri iki idarə-şiə və sünni idarəsi tərəfindən tənzimlənirdi.

XX əsrin əvvəllərində Azərbaycanda beynəlxalq hüquqa əsaslanan dünyəvi dövlət qurulması 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə gerçəkləşdi.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə Şərqdə, Türk və müsəlman aləmində ilk dəfə demokratik quruluşlu, parlament üsul-idarəli Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıldığı elan edildi. Bu çox mühüm tarixi hadisə idi,-itirilmiş dövlətçiliyimizin bərpası demək idi.

AXC-nin elan edilməsi ilə nəticələnən milli dirçəliş, demokratikləşmə, maarifçilik və xeyriyyəçilik hərəkatlarında din xadimləri də fəal iştirak edirdilər.

Bu hərəkatlar din xadimlərinin köməyi olmadan vüsət ala bilməzdi. Çünki maarifçiliyə yönəlmiş xeyriyyə addımlarını, elm və savadın təbliği işini insanlar arasında böyük təsir gücünə sahib nüfüzlu şəxsiyyətlərin köməyi olmadan aparmaq cəhdləri uğursuzluğa düçar olardı. Ona görə də AXC-nin ilk günlərində dövlət-din münasibətləri yeni müstəvidə vüsət tapmağa başladı. Ölkədə artıq islama qarşı ayrı-seçkiliyə son qoyulmuş, dini dəyərlər milli ideologiyanın tərkib hissəsi kimi qəbul edilir və dövlət bayrağında rəmzləşdirilir.

İstiqlal Bəyannaməsində milli və dini məsələlərlə bağlı müddəalar da öz əksini tapır, AXC-nin dövlət və din münasibətlərinin əsas istiqamətləri təyin edilir: milli, dini, ictimai vəziyyətindən; cinsindən; məzhəbindən asılı olmayaraq bütün vətəndaşları dövlət hüdudları daxilində sosial-siyasi bərabər hüquqlarla təmin edilməli; ölkə daxilində yaşayan bütün millətlərə və milli azlıqlara sərbəstanə inkişafları üçün geniş meydan yaradılmalı.

1918-ci il iyunun 17-də AXC-nin 2-ci hökumət kabineti təsis olundu. Bu hökumətin sərəncamı ilə milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədi ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradıldı. Nəsib bəy Yusifbəyli bu quruma rəhbər təyin olundu. Bu nazirlik elə ilk gündən dövlət-din münasibətlərini inkişaf etdirmək məqsədi ilə din xadimləri və dini qurumlarla sıx əməkdaşlığa başladı. AXC-nin parlamentində Azərbaycanın milli və dini tərkibi nəzərə alındı. Belə ki, parlamentdə müsəlmanlara 80, xristianlara isə 35 yer ayrıldı.

AXC Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, sünni və şiə ruhani idarələrinin əməkdaşlığına nail oldu. Tiflisdə yerləşən hər iki ruhani idarəsinin rəhbərləri-Şeyxülislam Məhəmməd Pişnamazzadə və müfti Mustafa Əfəndizadə Azərbaycana köçmək qərarına gəldilər. XMDEN-nin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar əvvəlcə Gəncəyə köçdülər və könüllü olaraq 1918-ci il sentyabrın 1-də vahid orqanda birləşərək Bakıya köçmək qərarına gəldilər. Bu idarə Məşixət (ərəbcədən “şeyxlik” deməkdir) adlanırdı. 1918-ci il sentyabrın 7-də XMDEN bu qərarı təsdiq etdi və sentyabrın 15-də Məşixət Bakıya köçürüldü.

1918-ci il dekabrın 10-da Molla Məhəmməd Pişnamazzadə səhəti ilə əlaqədar idarənin sədri və şeyxülislam vəzifəsindən istefa verdi. AXC-nin Dini Etiqad naziri Musa bəy Rəfiyevin tövsiyəsi ilə dekabrın 12-də Təzəpir məscidinin axundu 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin (ZMRİ) sədri və Şeyxülislam seçildi. Müfti Şeyxülislamın müavini oldu.

Bu birləşmə AXC daxilində islam həmrəyliyinin ən gözəl nümunəsidir və həm də dövlət-din münasibətlərinin inkişafına güclü təkan verdi.

AXC-də dövlət-din münasibətlərinin inkişafında, dövlət quruculuğunda siyasi arenada olmayan din xadimlərinin və dini təyinatlı obyektlərin də, xüsusən Təzəpir məscidi və İsmailiyyə binasının əhəmiyyətli rolu olmuşdur. Bu mərkəzlərdə nəinki xalq məşvərətləri keçirilir, eyni zamanda vətəndaşların və ölkənin taleyi ilə bağlı məsələlər barədə dövlət xadimləri və ziyalıların müraciətləri də səsləndirilirdi.

Hələ 1918-ci ilin mart soyqırımınadək Lənkəran, Bakı və Gəncədə hazırlanan milli ordunun əsgərlərinə ilk xeyir-dua Təzəpir məscidində verilmiş və onlar Quranın altından keçiriləndən sonra hərbi hissələrə yola salınmışdır. Belə tədbirlər, əlbəttə ki, əhalidə böyük ruh yüksəkliyi yaradır, vətənpərvərlik hisslərini gücləndirirdi.

Ardı var...

Baxış sayı: 69