Araşdırma
14.04.2018 / 11:00

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri- Araşıdrma

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri-
Murad Əzizov/Lənkəran rayonu Tükəvilə kənd məscidi dini icmasının sədri

Əvvəli burada:http://inform.az/index.php?newsid=30252

Bu hadisə Təzəpir məscidi və onun axundu Ağa Əlizadənin millətin həyatında baş verən bütün siyasi məsələlərdə öncül yerdə durduğunu göstərirdi.

Həmin dövrdə özbaşınalıq və hərc-mərclikdən yorulmuş Azərbaycan əhalisi ölkədə sakitlik və əmin-amanlığı bərpa edə biləcək güc axtarışında idi.1918-ci ilin oktyabrında Pişnamazzadənin təşəbbüsü ilə həm şiə, həm də sünni cərəyan başçılarının yığıncağı keçirildi.

Müfti Hüseyn Qayıbzadə 1917-ci ildə dünyasını dəyişdiyindən yerinə yeni müfti təyin edilməmişdi. Müftinin vəzifəsini İdarənin yığıncağında işçilər tərəfindən seçilən Mustafa Əfəndizadə icra edirdi. Mustafa Əfəndi Pişnamazzadə ilə yaxın münasibətdə idi və uzaqgörən, millətini sevən, müdrik şeyxülislama dərin hörmət bəsləyirdi.

Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə bağlı 1918-ci il dekabrın 10-da idarənin sədri və şeyxülislam vəzifəsindən istefa verdi. Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin tövsiyəsi ilə dekabrın 12-də Təzəpirin axundu 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam seçildi. Beləliklə, müsəlmanların dini işlərinin idarə edilməsində bir-birinə münasibətdə muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yaradıldı. Şeyxülislam idarənin rəhbəri, yəni Qafqaz müsəlmanları Ruhani İdarəsinin başçısı, müfti isə onun müavini oldu. 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının bir illiyi milli bayram kimi qeyd olundu.

Həmin gün xalqa müraciətində Şeyxülislam Ağa Əlizadə deyirdi: “Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidə və fikrini şövqlə söyləmək və öz iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Müstəqil tədris ocaqlarında, orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-Təalanın buyurduqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişar etdirmək olar”.

Şeyxülislam Ağa Əlizadə 1919-cu il sentyabrın 15-də Çəmbərəkənd qəbiristanlığında Bakının azad olunması uğrunda şəhid olan osmanlı və azərbaycanlı əsgərlərin məzarı önündə tarixi bir nitq söylədi. Bu mərasimdə Azərbaycanın dövlət, hökumət və parlament üzvləri iştirak edirdi. Şeyxülislam Ağa Əlizadə Azərbaycanın istiqlalı yolunda şəhid olanlara Allahdan rəhmət dilədi və Qarabağ cəhbəsinə yollanan milli ordunun yüzlərlə əsgərini Quranın altından keçirərək onlara vətəni şərəflə qorumağı dilədi.

Ölkə vətəndaşlarının hüquqlarının təmin edilməsinə yönəlmiş qərar və tədbirlərdə əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tutdu. Azərbaycan Demokratik Respublikası milli ənənələrin qorunması, o cümlədən əhalinin dini ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli addımlar atdı. Cümə günü istirahət günü elan edildi, dini bayram günlərində bütün dinlərin nümayəndələri işdən azad olundu. Hökumət din sahəsində də islahatlar həyata keçirdi. Hökumətin qərarı ilə ruhanilər və dini idarələr büdcədən maliyyələşdi, dini vergilər də bilavasitə dövlət xəzinəsinə daxil oldu.

23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti çox işlər görmüş oldu. Müstəqilliyi dadan Azərbaycan xalqı XX əsrin 90-cı illərində yenidən müstəqilliyini bərpa etmiş oldu. Müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində inkişafa doğru addım-addım irəlilədi. Heydər Əliyevin yeritdiyi uğurlu siyasət Azərbaycan Respublikasını tezliklə Dünya və Avropanın bir sıra qabaqcıl inkişaf etmiş ölkələri ilə bərabər inkişaf səviyyəsinə gətirdi. Heydər Əliyevin Dünyanın aparıcı ölkə başçıları ilə görüşləri, beynəlxalq təşkilatlarda çıxışları Azərbyacanı bütün dünyaya tanıtmış oldu.

Hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Heydər Əliyevin yeritdiyi siyasəti uğurla davam etdirir. Həm Ulu Öndər Heydər Əliyev, həm də Cənab Prezident İlham Əliyevin dövründə ölkədə dövlət-din münasibətləri ön yerlərdə gedib. Dövlətimiz İslam ölkələri içərisində, müsəlman dövlətləri sırasında inkişaf səviyyəsinə görə heç də geri qalmır. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bununla Azərbaycan Respublikasının Prezidenti Azərbaycanın dünya ölkələri arasında nə qədər inkişaf etdiyini bir daha əyani sübut etdi.

Ulu Tanrı Azərbaycanı qorusun!

Qeyd: Məqalə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.

İnform.az

Baxış sayı: 181