Hüquq
13.04.2018 / 21:25

Vətənə xidmət, onlar üçün həm də ailə dəyəridir

Vətənə xidmət, onlar üçün həm də  ailə dəyəridir

Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olan Rafael Abbasov 1979-cu ildən daxili işlər orqanlarında xidmətə başlayıb.

Əvvəlcə Bakıda xidmət edib, sonradan doğulduğu rayona qayıdıb. Ermənilərin torpaq iddiaları başlayan vaxtdan, həmin qanlı-qadalı günlərdə R.Abbasov əvvəl manqa komandiri, sonra isə tağım və bölük komandiri kimi düşmənə qarşı həmişə ön cərgədə yer alıb.

Bu gün polis veteranıdır. Təqaüddə olan polis mayoru, Cəbrayıl RPŞ-nin Veteranlar Şurasının sədri kimi bu gün də iş başındadır. Ötən illərdən söz düşəndə deyir ki, müharibə dövründə heç kim xidmətində və işində bir an olsun belə tərəddüdə qapılmadı. Çünki vətən sevgisi ali dəyər, dövlətə xidmət ən mühüm vəzifədir...

2015-ci ildə təqaüdə çıxsa da xidmətini bitmiş hesab etmir. Gənc əməkdaşlarla görüşüb təcrübəsini paylaşmağı, vətənpərvərlik hissinin təbliğini özü üçün ən ümdə bir tapşırıq hesab edir. Deyir ki, daxili işlər orqanlarında xidmət edən iki oğlumu da məhz bu ruhda böyütmüşəm.

Çünki vətəninə bağlılıq, yurd sevgisi məhz ailədən başlanır. Övladları Yasər Abbasov Yasamal, Asəf Abbasov isə Sabunçu Rayon Mühafizə İdarəsində polis nəfəri kimi xidmət göstərirlər.

Dəfələrlə nümunəvi xidmətinə görə mükafatlandırılan veteran bildirir ki, bu gün yüksək peşəkarlığı, nizam-intizamı ilə seçilən paqondaşlarını gördükcə polis orqanlarında xidmət etdiyi üçün özünü xoşbəxt hiss edir.

Məhəmməd Rzayev/polis leytenantı

Baxış sayı: 109