Hüquq
13.04.2018 / 16:15

Həm xidmətdə, həm idmanda öndədir

Həm xidmətdə, həm idmanda öndədirDaim cinayətkarlıqla mübarizənin önündə, asayişin keşiyində olan polis əməkdaşlarının üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməsində fiziki hazırlıq əsas xüsusiyyətlərdəndir.

Bu baxımdan sıralarımızda nümunəvi xidməti ilə yanaşı fiziki hazırlıq səviyyəsinə görə də fərqlənən əməkdaşlarımız yetərincədir. Təsadüfi deyil ki, istər respublika səviyyəli, istərsə də beynəlxalq yarışların qalibləri sırasında çox sayda polis əməkdaşlarına rast gəlirik.

Cəbrayıl Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Vətən İsgəndərov da istər fiziki hazırlığı, istər nümunəvi davranışı və nizam-intizamı, istərsə də peşə bacarıqları ilə fərqlənən əməkdaşlardandır. Uşaq yaşlarından idmana xüsusi marağı olan Vətən İsgəndərov karatenin WKC və kontakt karate növləri ilə məşğul olub. 2011-ci ildə yeniyetmələrin respublika yarışında 1-ci yeri, 2012-ci ildə Ukraynanın Odessa şəhərində keçirilən beynəlxalq yarışda isə 2-ci yeri tutub. Sonradan kiqboks, yüngül atletika və digər idman növləri ilə məşğul olan gənc polis əməkdaşı bir neçə dəfə DİN İdman Cəmiyyətində polis çoxnövçülüyü yarışının qaliblərindən olub. 100 metr məsafəyə qaçışda 1-ci yeri, gimnastik hərəkətlərdə isə 2-ci yeri tutub.

O idmanın yüngül atletika növündə gələcək yarışlarda da yaxşı nəticələr əldə etməyi hədəfləyib. 2010-cu ildən Daxili işlər orqanlarında xidmətdə olan Vətən İsgəndərov daim bilik və bacarıqlarını artırmağa səy göstərir. Məhz xidmətdə əldə etdiyi yüksək nəticələrə, cinayətkarlığa qarşı mübarizədə qarşıya qoyulan tapşırıqların icrasında xüsusilə fərqləndiyinə görə ötən il DİN-in rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilib.

Məhəmməd Rzayev/polis leytenantı

Baxış sayı: 168