Din, Araşdırma
13.04.2018 / 11:00

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri- Araşıdrma

Azərbaycan Xalq Cümhuriyyəti dövründə  dövlət-din münasibətləri-
Murad Əzizov/Lənkəran rayonu Tükəvilə kənd məscidi dini icmasının sədri


Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub.

100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə idi. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırırdı.

Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq müstəqil demokratik respublika yaranmışdı.

Ulu Öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”-deyib.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib: “Müsəlman Şərqində ilk parlament respublikası– Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”.

Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı bir daha təsdiqlədi ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Sərəncamda Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyəti də öz əksini tapıb. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası müsəlman dünyasında ilk dəfə olaraq müstəqil və demokratik respublikanın yaradılmasını elan etdi.

1918-ci il iyunun 17-də təşkil edilən ikinci hökumət kabinetində, milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail oldu. Azərbaycanın müstəqilliyinin elan olunmasına qədər bu idarələr Tiflisdə yerləşirdi. Lakin bölgədə cərəyan edən son dərəcə mürəkkəb hadisələri nəzərə alaraq, hər iki ruhani idarəsinin rəhbərləri Şeyxülislam Məhəmməd Pişnamazzadə və müfti Mustafa Əfəndizadə Azərbaycana köçmək qərarına gəldilər. Həmin dövrdə Demokratik respublikada dini liderlərin rolu artdı, təcili milli ordu yaradıldı, hərbi hissələrdə “hərbi molla” vəzifəsi təsis olundu. Hərbi din xadimlərinin fəaliyyətinə nəzarət isə Müdafiə Nazirliyi və dini idarə tərəfindən həyata keçirilirdi.

Həmin dövrdə dini təyinatlı məkanların əksəriyyəti xalqın məşvərət yerinə çevrilmişdi, din xadimləri isə milli oyanışa dəstək verirdilər. Təzəpir məscidi və İsmailiyyə binası bu qəbildən olan mərkəzlərdən hesab edilirdi.

1918-ci ilin mart qırğınları günlərində və ondan sonrakı dövrdə soyqırımına məruz qalmış on minlərlə müsəlmanın dəfn mərasimlərinin təşkilinə, müsəlmanların təşkilatlanmasına və müxtəlif önləyici tədbirlərin görülməsinə Təzəpir məscidi rəhbərlik etdi.

Azərbaycan xalqına qarşı həyata keçirilən bu müsibətlərdə milli ruhlu ziyalıların əksəriyyəti Təzəpir məscidinə gələrək əhalini səbirli və dözümlü olmağa çağırdılar. Qeyd etmək lazımdır ki, o dövrün din xadimləri arasında Təzəpir məscidinin axundu Ağa Əlizadə xüsusi fəallığı və milli təəssübkeşliyi ilə seçilirdi.

Sentyabrın ortalarında Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı Nuru Paşa Bakı şəhərini bolşevik və daşnaklardan azad etdi. Bakı əhalisinin xahişi ilə Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət etdi.

Nuru Paşa Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxdı. Cəmi üç pillə qalxdı. Minbərin hər iki tərəfində iri qara ələm sancılmışdı. Nuru paşa ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söylədi. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı, məscidin axundu Ağa Əlizadənin təbirincə desək, “Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün Osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərmişdi”.

Ardı var...

İnform.az

Baxış sayı: 409