Hüquq
12.04.2018 / 11:55

Xidmətdə keçən ömür

Xidmətdə keçən ömür“İnsan harada işləməsindən asılı olmayaraq dövlətinə, xalqına sədaqətlə xidmət etməlidir.

Axı, bu torpağın çörəyini yeyib suyunu içmisənsə deməli, sən də öz vətəndaşlıq borcunu yerinə yetirməlisən. Özü də ləyaqətlə”.

İstefada olan polis polkovniki Vahid Əliyev söhbətə beləcə körpü saldı. Keçdiyi ömür yolunu, ötənləri, bitənləri varaqladı.

Vahid Əliyev 1948-ci ildə doğulub. 1965-ci ildə Şamaxıda orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Texniki Universitetinin mexanika fakültəsinə qəbul olunub. Tələbəlik illərində biliyi, bacarığı ilə tələbə yoldaşları arasında sayılıb-seçilib. 1971-ci ildə texnikumda müəllimlik fəaliyyətinə başlayıb.

Sonradan taleyi onu daxili işlər orqanlarına gətirib. 1977-ci ildə Şamaxı Rayon Daxili İşlər Şöbəsində rəis müavini vəzifəsinə irəli çəkilib. 1979-cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına qəbul olan Vahid Əliyev sistemdə çalışmaqla bərabər təhsilini də davam etdirib. 1984-cü ildə Akademiyanı bitirib. Vahid Əliyev sonradan Qax RPŞ-də müavin, Balakən, Ağdaş rayonlarında rəis müavini işləyib. Daha sonra Ağdaş və Biləsuvar Rayon Polis Şöbələrinin rəisi vəzifəsində ona göstərilən etimadı doğruldub. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Gənclərimizin narkomaniyadan uzaq olması üçün bütün qüvvəsini səfərbərliyə alıb. Cinayətkarlığa qarşı nə qədər barışmaz olsa da, yerli sakinlərlə mehriban ünsiyyət yaradıb, onların qayğıları ilə maraqlanıb, kömək əlini üzadıb.

Bu qayğıkeşlik əhali arasında ona qarşı böyük inam yaradıb, nüfuz qazandırıb. Polkovnik Vahid Əliyev 1996-cı ildən 2006-cı ilə qədər, yəni təqaüdə çıxana kimi Əlahiddə Polis batalyonunun komandir müavini olub. Xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib.

Təqaüdə çıxandan sonra Şamaxı RPŞ-nin Veteranlar Şurasının sədri seçilib. Veteran polislərlə birgə tez-tez məktəblərdə görüşlər keçirir, ictimaiyət arasında olur. Eyni zamanda xidmətə yeni qəbul olmuş gənc polis əməkdaşları ilə mütəmadi əlaqə saxlayır, ünsiyyət yaradır. Öz təcrübəsini böyük həvəslə onlara öyrədir, çətin məqamlarda onlara mənəvi dayaq durur. Vahid Əliyev ömrünün 70-ci baharını yaşasa da gənclik şövqi ilə çalışır. Əvvəllər olduğu kimi indi də yorulmadan dövlətə və xalqına sədaqətlə xidmət edir.

Bu gün 70 yaşlı Vahid Əliyev qayğıkeş ailə başçısıdır. Övladlarından biri-Sabunçu RPŞ-nin rəis müavini Şaiq Əliyev atasının yolunu davam etdirir.

Toğrul Nəsirli/Polis leytenantı

Baxış sayı: 140