Diaspora Akademiyası, Siyasət
11.04.2018 / 18:33

Azərbaycanın bir sıra diplomatik nümayəndəliklərində səsvermə başa çatıb

Azərbaycanın bir sıra diplomatik nümayəndəliklərində səsvermə başa çatıbSaat fərqinə uyğun olaraq, Azərbaycanın Qırğızıstandakı səfirliyi, Qazaxıstandakı səfirliyi, Aktaudakı baş konsulluğu, Almatıdakı diplomatik ofisi və Yekaterinburqdakı baş konsulluğunda yaradılmış seçki məntəqələrində səsvermə başa çatıb.

Bu barədə Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, diplomatik nümayəndəliklərimizdə səsvermə yüksək seçici fəallığı şəraitində keçib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

İnform.az

Baxış sayı: 118