Diaspora Akademiyası, Siyasət
11.04.2018 / 18:21

Ən yaşlı Azərbaycan vətəndaşı ilk səs verənlər sırasında olub- İspanyada

 Ən yaşlı Azərbaycan vətəndaşı ilk səs verənlər sırasında olub-
Azərbaycanın İspaniyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə seçici fəallığı ilə davam edir.

İnform.az
-ın AZƏRTAC-a istinadən məlumatına görə, səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 34 saylı məntəqəsində seçicilərin sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılıb. İspaniyada yaşayan ən yaşlı vətəndaşımız - 87 yaşlı Gülbacı Axundova ilk səs verənlərdən biri olub.

Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və digər müvafiq qanunvericilik aktlarına uyğun aparılan səsvermə yüksək seçici fəallığı ilə fərqlənir.

Səsvermədə İspaniyanın 17 bölgəsində daimi və müvəqqəti yaşayan, həmçinin təhsil alan və qısamüddətli səfərdə olan həmvətənlərimiz fəal iştirak edirlər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Baxış sayı: 27