İdman
10.04.2018 / 11:59

Döyüş gecəsi üçün biletlər satışa çıxarılıb

Döyüş gecəsi üçün biletlər satışa çıxarılıb
Mayın 4-də Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək WFCA-48 döyüş gecəsi üçün biletlər satışa çıxarılıb.

İnform.az "Report"a istinadən xəbər verir ki, satış iticket.az saytı, şəhərin mərkəzləşdirilmiş kassalarında, həmçinin ASAN mərkəzlərində onlayn aparılır. Qiymətlər isə 5, 10 və 20 manat arasında dəyişir.

Yarışla bağlı mətbuat konfransı mayın 2-də BOS-da, rəsmi çəki mərasimi mayın 3-də "Gənclik Mall" Ticarət Mərkəsində təşkil olunacaq. Turnir "CBC Sport" kanalı tərəfindən "Match TV" üçün siqnal ötürülməsi ilə canlı yayımlanacaq.

Gecədə Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Niderland, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA döyüşçüləri bacarıqlarını göstərəcəklər.

Təşkilatçı ölkəni Bəxtiyar Arzumanov, Mehman Məmmədov, Tofiq Musayev və Vüqar Kərəmov təmsil edəcək.

Saat 19:00-da başlayacaq turnirin təşkilatçıları "Olimpiya" və "Akhmat" döyüş klubları və Bakı Olimpiya Stadionudur.

"Akhmat" klubunun tanınmış nümayəndəsi, çempionu, ən perspektivli rusiyalı döyüşçülərdən biri olan Məhəmmədrəsul "Frodo" Hasbulayev (28-7) turnirin super-döyüşündə Salman Jamaldayev (15-1) ilə görüşəcək.

Ümumilikdə, WFCA-48 turnirində MMA qaydalarına uyğun olan 14 döyüş keçiriləcək. Rinq Bakı Olimpiya Stadionunun əsas meydanında qurulacaq, tamaşaçılar isə 3000 yerlik oturacaqlarla təmin ediləcəklər.

Təşkilatçılar ümid edirlər ki, Azərbaycanda ilk dəfə keçiriləcək turnir tamaşaçıların rəğbətini qazanaraq bir ənənənin başlanğıcı olacaq.

İnform.az

Baxış sayı: 22