Şərhlər
10.04.2018 / 11:00

Niyə İlham Əliyev?

Niyə İlham Əliyev?"Birigün xalqımız ilk dəfə dövlət başçısını yeddi illik müddətə seçəcək.
Şübhə yoxdur ki, prezidentimiz yenə İlham Əliyev olacaq."

İnform.az-ın xəbərinə görə bunları hüquqşünas Əkrəm Həsənov öz facebook səhifəsində yazıb. Həmin şərhi olduğu kimi təqdim edirik:

Təbii, buna mənfi yanaşanlar da var (həmişə və hər yerdə narazı insanlar var və olacaq). Bir qismi ona görə ki, sadəcə dəyişiklik istəyirlər. Yəni dəyişiklik naminə dəyişiklik. Necə ki, “ərəb baharı” zamanı bunu Misirdə, Liviyada, Suriyada və s. ölkələrdə istəmişdilər. Acı nəticəsini gördük.

Narazıların bir qismi isə ölkədəki bütün problemləri iqtidarın ayağına yazaraq onun getməsini və hakimiyyətə digər şəxslərin gəlməsini arzulayırlar. Lakin bu zaman həmin şəxslərin ölkədəki problemləri konkret necə həll edəcəyini söyləyən yoxdur. Yalnız ümumi sözlərdir: demokratiya güclənəcək, qanunçuluq hökm sürəcək, korrupsiyaya son qoyulacaq və s. və i.a. Bunları necə edəcəklər? Deyən yoxdur! Konkret və real proqram yoxdur! Yalnız populizm var.

Yəni həqiqətən kimsə inanır ki, İlham Əliyev bütün bunlara nail olmaq istəmir? Mən əminəm ki, ölkədəki problemlərin həll edilməsini ondan çox istəyən yoxdur! Sadəcə bu, göründüyü kimi, asan məsələ deyil. Söhbət yalnız obyektiv səbəblərdən getmir: məsələn, xarici faktorlar, torpaqlarımızın işğalı və s.

Subyektiv səbəblərin rolu da az deyil. Məsələn, insanlarımızın təhsil və mədəniyyət səviyyəsi, haqlarını tələb etməməsi və s. Mən vəkiləm. Məlum olduğu kimi, son 3 il ərzində əsasən vətəndaşlarımızın bank problemləri ilə məşğulam. Həm borcluları, həm də əmanətçiləri müdafiə edirəm. Tam əminliklə deyirəm ki, bu insanların probleminin əsas səbəbkarı elə özləridir.

Əvvəla, problemin yaranmaması üçün daha məlumatlı və tədbirli olmaq lazım idi. Ən əsası isə problem yaranandan sonra birləşərək və ardıcıl şəkildə haqlarını tələb etməli idilər. Amma mütləq əksəriyyəti etmir, sanki “göydən üç almanın düşməsi”ni gözləyirlər. Demokratiya və hüquqi dövlət mitinqlərlə qurulmur. Hər kəsin öz haqqını qanun çərçivəsində tələb etməsi yolu ilə qurulur.

Tələbə olarkən mən Respublika Tələbə Şurasının sədri idim (1998-1999-cu illərdə). Tələbələrin hüquqlarını müdafiə edirdik (şüarımız belə idi: “Tələbə tələb etməyi bacarmalıdır!”), qrup başçılarının (“starosta”ların) seçkilərini təşkil edirdik və s. Naxçıvanadək getmişdim. İnanırdım ki, bu yolla təhsil sistemindəki bir sıra problemlər, o cümlədən korrupsiya aradan qalxacaq. Lakin çox zaman əksini görürdüm. Hətta bir də xəbər tuturdum ki, ətrafımda olan fəal tələbələr az qala özləri də korrupsiyaya qurşanmağa başlayıb. Əsas bəlamız da elə budur. Əhalimizin əksəriyyətinin bir əsas arzusu var: “yağlı” vəzifə tutub rüşvət almaq. Belə şəraitdə prezidentin kim olmasının əhəmiyyəti varmı? Yoxdur! Axı dövlət başçısı ölkəni tək idarə etmir, ona savadlı və dürüst kadrlar lazımdır. Hardan toplasın onları?

Əlbəttə, mən demək istəmirəm ki, mövcud problemlərdə iqtidarın suçu yoxdur. Təbii, var. Demək olar ki, hər gün bu və ya digər savadsız və/və ya nadürüst dövlət məmuru ilə mübarizə aparıram. Onlar prezidentin belə əleyhinə gedir, onun göstərişlərinə əməl etmirlər.

Əlbəttə, İlham Əliyev ideal rəhbər deyil. Xatırlayıram, 1993-cü ildə parlamentin spikeri seçilərkən mərhum Heydər Əliyev ondan vədlər verilməsini istəyənlərə qısaca dedi: “Mən peyğəmbər deyiləm!” Həqiqətən də ideal rəhbər yalnız peyğəmbərlərdir. İlham Əliyev isə nəinki peyğəmbər deyil, o, heç Heydər Əliyev də deyil!

İlham Əliyev Azərbaycan üçün optimal rəhbərdir! Xüsusən də xarici siyasət müstəvisində. Azərbaycan kiçik ölkədir. Qonşularımız Gürcüstan və Ermənistana baxın: onların xarici siyasəti müstəqildirmi? Xeyr! Hərəsi bir tərəfə əyilib. İlham Əliyev isə uzun illərdir ki, atası tərəfindən əsası qoyulmuş balanslaşdırılmış xarici siyasəti uğurla həyata keçirir. Bu, yalnız kənardan asan görünə bilər. Lakin əslində çox çətin bir işdir. Böyük məharət tələb edir.

Hazırda dünya böyük sarsıntılar ərəfəsindədir. İri dövlətlər arasındakı ziddiyyətlər pik həddə çatıb. Qarşıdakı illər həlledici olacaq. Bu dövrdə ölkəmizə məhz İlham Əliyev lazımdır. Yoxsa həqiqətən də kimsə inanır ki, hipotetik də olsa populist şüarlarla prezident seçiləcək digər şəxs müstəqil xarici siyasət həyata keçirə bilər? Xeyr, kiçik dövlətlərdə izafi demokratiya yalnız bir şeylə nəticələnir: siyasi partiyalar və onların liderləri xaricdən idarə olunur.

Qərbsayağı demokratiya hər yerdə mövcud ola bilməz və buna heç ehtiyac da yoxdur. Xatırlayıram, 1992-ci ildə müstəqillik tariximizdə keçirilmiş ilk prezident seçkilərinin qalibi mərhum Əbülfəz Elçibəy (adətən qərbsayağı demokrat kimi təqdim edilən) də bütün namizədlərin iştirak etdiyi teledebata gəlməmişdi. Yəni bu məsələnin əsası belə qoyulub. Azərbaycana güclü prezident hakimiyyəti lazımdır və bunu hamı başa düşür. Sadəcə hər kəs güclü prezident ola bilməz!

Ümumiyyətlə, insanların rifahı üçün demokratiya ilkin şərt deyil. Əsas, hüquqi dövlətin mövcudluğudur. Məsələn, Sinqapurda demokratiya Qərbdəki kimi deyil (əslində, Qərb demokratiyası sadəcə inhisarçı maliyyə dairələrinin tamaşasından başqa bir şey deyil, lakin bu, başqa mövzunun predmetidir), amma çox uğurludur, hüquqi dövlət mövcuddur.

Azərbaycana da məhz hüquqi dövlət lazımdır. Savadlı və səmərəli qanunlar, habelə onların dürüst icrası, müstəqil və ədalətli məhkəmələr. Təəssüf ki, bunların heç biri bizdə yoxdur. Ümumiyyətlə, hüquq məktəbimiz, elmimiz, dərsliklərimiz belə yoxdur. Növbəti 7 il ərzində İlham Əliyevin qarşısında duran əsas məsələlərdən biri də məhz budur.

Nəzərə alsaq ki, neft erası bitmək üzrədir, ölkəmizdə hüquqi dövlətin qurulması qaçılmaz zərurətdir. İqtisadi inkişafımız qeyri-neft sektorunun inkişafından, sahibkarlara dəstəkdən, müsbət investisiya mühitindən asılıdır. Üç sütunu bərqərar etməliyik: mülkiyyət hüququnun müdafiəsi, müqavilələrin icrası və sağlam rəqabət.

Bütün bunların həyata keçirilməsi üçün də savadlı və dürüst kadrlar, vahid komanda şəklində çalışan Nazirlər Kabineti tələb olunur. Böyük ehtimalla artıq seçkilərdən bir qədər sonra bu istiqamətdə ilk addımları görəcəyik.

Bir sözlə, qarşıda İlham Əliyevi böyük işlər gözləyir. Bu işlərin müsbət nəticələri üçün hər birimiz ona dəstək olmalıyıq

İnform.az

Baxış sayı: 58