Qarabağ, Hüquq
09.04.2018 / 10:50

İndi nəvəsi qəhrəman babasının adını daşıyır...

İndi nəvəsi qəhrəman babasının adını daşıyır...
1962-ci il iyun ayının 27-də Yevlax rayonunun Havarlı kəndində Əsədovlar ailəsində bir oğlan övladı dünyaya gəldi.

Ata-anasının arxa-dayağı olan Malik zamanla doğmalarının, dostlarının da sevimlisinə çevrildi.

Böyük qardaşı Əsəd deyir ki, Malik elə uşaq yaşlarından çox mehriban və həssas idi. Kiçik yaşlarından özünə hörmət qoymağı bacarırdı.

-Qəribə uşaq idi. İstər məktəbdə, istərsə də qonşuluqdakı digər həmyaşıdlarından fərqlənirdi. Ailəsini və dostlarını çox sevərdi. Böyük qardaş olduğum üçün həmişə gəlib mənimlə həmsöhbət olar, məsləhət alardı. Heç kimə sirr verməzdi.”

Vətənə məhəbbət Malikin qəlbində, ruhunda idi...

Valideynləri ona doğma torpağa, xalqa sevgidən o qədər danışırdılar ki, bu fikirlər artıq onun yaddaşında birdəfəlik həkk olunurdu.

1979-cu ildə orta məktəbi bitirdikdən sonra sovet ordusunda hərbi xidmətə yollanır.

Qayıtdıqdan sonra Mingəçevir şəhərində Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Xidmətində sıravi əməkdaş kimi xidmətini davam etdirir.

Torpaqlarımıza erməni təcavüzü başlanan vaxtlardan Xocalı, Əsgəran, Ağdam, Şuşaya ezam olunur və döyüşlərdə fəal iştirak edib. O, bölük komandiri təyin edilir.

1992-ci il yanvarın 18-də ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçirlər. Bu döyüşlərdə erməni gülləsindən yara alanların biri də Malik olur.

Amma buna baxmayaraq Malik bir neçə düşməni məhv edərək şəhid olur.

Malik Əsədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Ailəli idi. 3 övladı yadigar qalıb. İndi nəvəsi qəhrəman babasının adını daşıyır.

Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 167