Mədəniyyət
06.04.2018 / 23:55

Başlanğıcı və sonu olmayan TEATR

Başlanğıcı və sonu olmayan
İstər adi tamaşaçı, istər peşəkar teatr mütəxəssisi üçün Teatr və ya Azərbaycan Teatrı ya məbəddir, ya məktəb, ya mədrəsə, yada ki sadəcə Teatr.

Teatr geniş anlamda “dünyaya yaxşılıq, xeyir aşılayan” səhnədir. Biz Teatrın müxtəlif zamanlardan bu günə qədər necə baxıldığına, hansı mahiyyət daşıdığına, konkret Zamanla uzlaşmasına baxacağıq.

Uzun dövrlər teatrın inkişafı gizli-səssiz səhnə qutusunda baş verib. Teatr bu səhnə qutusuna meydandan, küçədən gəlib. Bu dövrün ən aktual səhnəsi “pageants” adlanırdı. Bu sözün başqa dillərə dəqiq tərcüməsi yoxdur. Nə idi pageants? XVI əsrdə bu söz İngiltərədə qurulan teatr meydançalarına deyilirdi.

Və artıq teatr sənətində intibah baş verir. Bu proses tədricən oldu. Fransız teatrı ilə ingilis teatrındakı intibahın bir ümumi cəhəti var idi: teatr az-çox mədəni müəssisəyə (sekulyar) çevrilməyə başlayır, dram janrı orta əsr teatr formasından qopur və bunlar səhnə məkanının konstruksiyasını, mahiyyətini dəyişdirir.

Zamanın ən vacib hadisəsi Rixard Vaqnerin eksperimentləri olur ki, onun sayəsində orkestr üçün səhnə dəliyi yaradılır, o, dirijorun kürəyini tamaşaçıya çevirir-diqqət!- ilk dəfə tamaşaçı zalını qaranlıq edir. Vaqner bunları səhnə və zal arasında Mystischer Abgrund – “mistik həll” adlandırır. Paradoks bundan ibarətdir ki, məhz Vaqner sekulyar teatr prosesinə əks olan əfsanəni yaradanlardandır.

Bundan sonra artıq səhnədə sonuncu addımın atılması lazım idi, simvolik dördüncü divarın yaradılması. Uzun zaman gözləməyə ehtiyac qalmır – Vaqnerin ölümü ilə Bədaye teatrının açılması arasında 15 il zaman olur. Məhz burada “Qağayı” tamaşasında aktrisa Nina Zareçnaya monoloqunda kürəyini tamaşaçı zalına, yəni dördüncü divara çevirir.

Bununla da faktiki olaraq dördüncü divar hazır olur. Lakin uzun zaman keçmir ki, teatrda fırtına kimi yeni bir proses başlayır. Bu proses əvvəlcə səhnə qutusundan, sonra isə teatr binasından kənara çıxdı. Bu avanqard partlayış təkcə bütün ənənələri və qaydaları dağıtmaq üçün deyil, bu avanqard təkcə aktyorları və tamaşaçıları demokratik ekztazda birləşdirmək üçün deyil, səhnə reallığı ilə həyat həqiqəti arasındakı sərhədi dağıtmaq üçün aparılan mübarizə idi. Səhnənin hüdudlarından kənara çıxış ilk növbədə “teatr-həyatın özüdür” demək üçün sübut idi.

Təsadüfi deyil ki, bu günə qədər və bundan sonra da bütün teatr quruluculuğunun əsasında səhnə qutusunun dağıdılması durur.
Buna nümunələr üzərində də baxmaq olar:

Nümunə 1. İzləmə…


Dreamthinkspeak inglis truppasının tamaşası “İzləmə” adlanır. Truppa mahiyyət etibarilə bir aktyordan, keçmiş aktyor, bu gün isə klassik əsərlərin süjeti əsasında qoyulan tamaşaların müəllifi, Avropa mədəniyyətinin tanınmış mifi, teatr yazarı Tristan Şarpsdan ibarətdir. Şarpsın vətənində (London) “İzləmə” tamaşasını Somerset Xausedə oynayıblar. Bu tamaşa üçün onların seçdiyi məkan işlək olmayan sex, köhnə karidorlar, texniki kağızların istehsal olunduğu fabrik idi. Burada Orfey əfsanəsindən əsər-əlamət yoxdur. Sadəcə bizim qarşımızda Evridik və Orfey var. Sadəcə tamaşaçıya imkan yaradılır ki, mifoloji personajlarla birgə o dövrə səyahət etsinlər. O dünyaya səyahət. ORA tamaşaçıları 3-3 buraxırlar. Heç kəs səni tələsdirmir. Bir tərəfdə yerdə uzanan ağ gəlinlikli qız, digər tərəfdə qutular, oyuncaq ev olan bu səyahətdə səni insanlar müşayiət edir. Burada sən meditasiya edə bilərsən. Sən yerdə qara meyitə baxıb, özünü təsvir edə bilərsən. Sən özünü ingilis qotikasının personajı kimi hiss edə də bilərsən.
Şarpsın tamaşası mahiyyətcə düşünməmək üçün yaradılıb. Əgər mövzusunu dəqiqləşdirsək, bu bir attraksiondur. Və burada insanı nə heyrətləndirir: aman Allah, O dünya necə də bu dünyaya bənzəyir!

Nümunə 2. Tapmaca dünyası

Sən zala tələsirsən ki yaxşı yer tapasan, birdən görürsən ki, heç bir yer yoxdur. Və səhnə də yoxdur. Kiçik dairələr var və burada nələrsə baş verir. Sən göz gəzdirirsən ikinci yarusa, o tərəf bu tərəfə ki, əsas hadisənin baş verdiyi yeri tapasan. Hələ də anlamırsan ki, əsas hadisə yoxdur. Yəni elə gördüklərin əsasdır. Susuz akvariumda insana bənzəməyən iri personaj, Yaponiya mədəniyyətini təmsil edən personaj, özünü vitrinlərdə satan personajlar, soyuducu konteynerində donan oğlan, rəqs etmək istəyən qəhrəman.
Tamaşanın qurucusu Valç bu tamaşada müasir insanın dünya dərkini nümayiş etdirir. İnternetdə oturan, internetdə otura-otura Orta Asiyada zəlzələni görən, Madonnanın şəxsi həyatının təfərrüatlarını öyrənən müasir insan. Bu insanın mərkəzi və periferiyası yoxdur, onun koordinatları məhv edilib, onun yaşadığı dünya haqqında qorxunc düşüncəsi var. Müasir teatrda və müasir dünyada insideout məntiqi səviyyəyə gətirilib. Burada hərəkətlər o qədər mərkəzləşdirilib ki, sən bilmirsən burdan keçən bu insan aktyordur, yoxsa tamaşaçı. Burada TEATR istənilən yerdən və istənilən zaman başlaya bilər. Söz yoxdursa, demək başlanğıc və son da yoxdur, səhnə və zal da yoxdur. Mərkəz yoxdursa, periferiya da yoxdur. İyerarxiya yoxdursa, subordinasiya da yoxdur. Demək, bütün mövcud olanlar qanunlara əsaslanır.

Nümunə 3. Oynayan məkan


Rimini Protokollun hər tamaşası teatrın sərhədlərinin dışındadır. Xüsusilə Situation rooms. Biz yəqin düşünürük ki, gələcək teatr necə olacaq? Situation room bu suala cavabdır. Bu teatrın qəhrəmanları biz özümüz olacağıq. Biz oyunun qaydalarını tamaşa prosesində özümüz yaradacağıq.

Oyunun 20 iştirakçısı var. Nə az, nə çox. Bir oyunçunun yoxluğu hər şeyi dağıda bilər. Bir nəfərin artıq olması da. Xuber tərəfindən yaradılmış otağın, dəhlizin, pilləkanın və həyətin labirinti qurulub. Tamaşadan əvvəl hər iştirakçıya iPad, qulaqcıqlar verilir. iPad naviqator rolunu oynayır. O göstərir ki, hansı qapıdan girməlisən, hansından çıxmalısan, harada dayanmalı, harada oturmalısan, hətta harada uzanmalısan. Bu həm də başqa dünyaya pəncərədir. Bütün otaqların və dəhlizlərin dekorasiyaları bayaqdan lövhədə gördüyümüz videonun davamıdır. Ekrana diqqətlə baxanda yeni gözlənilməz tərəfllər görükür. Tamaşanın zahiri süjeti müasir dünyanı əhatə edən silahların 10 əsas faktıdır. Sənin rolun hansı süjetə və hansı ölkəyə düşməyinlə dəyişir. Süjet budur. Süjet oyunun özüdür. Süjet teatrın özü haqqındadır. Tamaşanın alınması üçün sən vaxtında təlimatlara əməl etməlisən.

Bu nümunələrin hər birində sən özün həqiqəti yaradırsan. Özgəsinin təlimatları ilə öz düşüncənlə. Məncə XXII əsrin TEATRı elə budur… Bu gün ki teatrın davamı…

Aygün Süleymanova/teatro.az

Baxış sayı: 435