Hüquq
06.04.2018 / 21:00

"Atam mənə "əsgər oğlum"deyərdi"- Kamran Abdulhəkimov

"Atam mənə "əsgər oğlum"deyərdi"-
“Mənim 3-4 yaşım olardı. Atam döyüş bölgələrində ezamiyyətdə olduğu üçün mən onu gec- gec görürdüm. Evə gələndə isə bir daha məni tək qoyub getməməsi üçün ağlayardım. O da məni qucaqlayar və ağlama, sən gələcəyin əsgərisən. Əsgərlər ağlamaz -deyərdi”.

Kamran danışdıqca kədərlənsə də, ancaq qəhrəman atası barəsindəki söhbətdən qürurlanırdı. Atası kapitan Kamal Abdulhəkimov DİN-in Daxili Qoşunlarında xidmət edib. Ona göstərilən etimadı daim doğruldan Zaqatalada hərbi hissə komandirinin şəxsi heyət üzrə köməkçisi vəzifəsində çalışıb. Doğma Qarabağımızın Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 1994-cü ildə Kamal Abdulhəkimov öz xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Kamran atasını hələ kiçik yaşlarında itirmişdi, ancaq bir qədər böyüdükdən sonra çiyinlərindəki ağır və məsuliyyətli yükün fərqində idi. Hələ balaca olanda ona vətənini sevməyi, qorumağı öyrədən, özünün nümunəvi həyat davranışını, intizamını oğluna da aşılayan atası “ mən işdə olanda evin komandiri sənsən” -deməklə gələcəkdə sanki onu özünün davamçısı kimi görmək istəyirdi.

Bu sözlər Kamranın qulağında səslənir, xalqa, vətənə xeyir vermək istəyi onu daim irəli getməyə ruhlandırırdı. Həm atasından ona miras qalan vətən sevgisi, həm də DİN rəhbərliyinin şəhid övladlarına göstərdiyi diqqət və qayğı Kamranı da daxili işlər orqanlarına gətirdi. 2015-ci ildən polis serjantı Kamran Abdulhəkimov xidmətə qəbul olundu. Hal-hazırda Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şəki regional mərkəzinin kiçik inspektoru vəzifəsində çalışır. Öhdəsinə düşən tapşırıqları böyük məsuliyyətlə, ciddi nizam-intizamla yerinə yetirir.

DİN-in Polis Akademiyasında ali təhsil alır. Hələ desən, təbi gələndə şer də yazır. Evdə böyük kitabxanası var. Deyir, boş vaxtı olanda oxumaq, yazmaq ən sevimli məşğuliyyətidir...

Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 304