Hüquq
06.04.2018 / 21:30

Şəhidlərin xatirəsi daim əziz tutulur

Şəhidlərin xatirəsi daim əziz tutulur
Azərbaycanın bütövlüyü, torpaqlarımızın qorunması yolunda həlak olan şəhid polislərimizin ömür yolu gənc əməkdaşlara örnəkdir. Hər birimiz xalqın bu fədakar, qəhrəman övladlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməliyik.

Valeh Müslümov 1968-ci il sentyabrın 2-də Lerik rayonunda dünyaya göz açıb. 1983-cü ildə Lerik rayon 2 saylı tam orta məktəbinin 8-ci sinfini bitirərək Sumqayıt şəhərində 17 nömrəli peşə məktəbinə daxil olub. 1986–1988-ci illərdə ordu sıralarında xidmət edib.

1991-ci ilin avqustundan daxili işlər orqanlarında xidmətə başlayıb. O, Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində gedən döyüşlərdə fədakarlıq və şücaət göstərib. 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşevan kəndində gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərərək düşmən mühasirəsində qalan döyüşçü yoldaşlarını xilas edib.

Düşmənlə qeyri-bərabər döyüşdə ondan çox ermənini məhv edib və yaralanmış 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz əraziyə çıxarıb. Bu zaman aldığı ağır yaradan qəhrəmancasına həlak olub. Onun bu igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Adı təhsil aldığı orta məktəbə və Lerik şəhərinin küçələrindən birinə Valeh Müslümovun adı verilib, büstü ucaldılıb. Adını daşıyan məktəbdə qəhrəmanın xatirə muzeyi yaradılıb. Milli Qəhrəmanın həyatı və döyüş yolundan bəhs edən “Onu Vətən çağırdı” kitabı nəşr edilib.

Məhəmməd Rzayev/polis leytenantı

Baxış sayı: 307