---
06.04.2018 / 17:25

Bilmədik

“Qəlbinizdə varsa kin, qəzəb,
Çixardın, atın çürük bir diş kimi.”
Rəsul Rza

BİLMƏDİK

Çıxarda bilmədik, bilmədik ustad!
Çürük dişlərimiz hələ də qalıb.
Qurtula bilmədik kindən, qəzəbdən,
Elə bil ruhumuz tələdə qalıb.
Girib içimizə şeytan balası,
Girib içimizə səssiz, səmirsiz.
Özünə yurd salıb,
Bizdən xəbərsiz.
Bəzən də şeytan olur,
Ruhumuzun hakimi.
Bəzən də xırda,
cılız,
Hislərə qapılırıq.
Hər kim özündən razı,
Hər kim kinli, qəzəbli.
Bəzən haqsız olanlar,
Durub haqqı qınayır.
Ağsaqqallar da susur,
Həyasızdan utanır.
Qorxur ki, sağ olanlar,
üzünə ağ olarlar.
Bəzən də elə olur,
Həqiqət acı olur.
Bəzən də düz deyilən sözə əsəbləşirik.
Bəzən əyri oturub, düz deyəndən küsürük,
Bir az da inciyirik,
Bir az da hirslənirik.
Qəzəbi içimizdə, əkib kin bəsləyirik.
Kinimiz dostumuza,
Qəzəbimiz qardaşa.
Düşmənə qəzəbimiz fərqlidi, təzadlıdı.
erməni dığaları Qarabağı qəsb etdi.
daşnaqlar Xocalıda,
Soyqırım törətdilər.
Qəlbimiz yaralandı,
Ürəyimiz göynədi,
Göz yaşımız sel oldu.
Kinimiz soyuq oldu,
Qəzəbimiz çoşmadı.
Düşmənə kin bəslədik,
Amma,
amma silaha sarılmadıq.
Qisası məqamə yox,
Qiyamətə saxladıq.
Çıxdıq söz bazarına.
Güllə, mərmi yerinə,
Dinsiz, imansız olan,
Düşmənə də söz atdıq.
Sonra baş-başa qalıb qınadıq özümüzü.
Vaxt keçdi,
zaman keçdi,
Hirsimiz də soyudu.
Buz kimi buza döndü,
kinimiz, qəzəbimiz.
Amma o kin, o qəzəb,
çıxmadı içimizdən.
Apreldə günəş doğdu,
Əritdi o buzları.
Ayaq tutdu yeridi,
Qəzəbimiz, kinimiz.
Düşməni qova-qova qalxdıq Lələ təpəyə.
Gəldi şəhid ruhları,
O zəfər təpəsinə.
Qəhrəman Mübarizlər,
O aprel şəhidləri şirkələdi, oyatdı,
İçimizdə çağlayan o kini, o qəzəbi.
Mənə elə gəlir ki,
Kinimiz, qəzəbimiz düşmənə olmalıdı.
Düşmənə qalib gəlsək,
Çıxacaq içimizdən,
O coşan qəzəbimiz,
Qaysaqlanan kinimiz.
Heç də uzaqda deyil, o qələbə günümüz.
Qarabağı görəndə
ruhumuz təzələnər,
Göylərdən yer üzünə,
Eləcə nur ələnər.
Bax onda qəlbimizdən kini, qəzəbi,
Çıxardıb atarıq, çürük bir diş kimi.

06.04.2018

Baxış sayı: 132