Mədəniyyət
06.04.2018 / 17:14

Xalça muzeyində bir gün- FOTO

Xalça muzeyində bir gün-
Təəssürat-reportaj

Xalça muzeyinə dəvət alanda hələ nə ilə qarşılaşacağımı bilmirdim. Heydər Əliyev fondunun bir neçə qədim xalçamızı xaricdəki şəxsi kolleksiyalardan aldığını eşitmişdim. O möhtəşəm muzeyə zaman-zaman memarlığına yaraşan xalçalar alınacağı da ağlıma gəlmişdi...

Azərbaycan Mədəniyyətindəki oyanış və sıçrayışın qədim istedadımızın nümunələrini aşkara çıxartmadan, həm milli, həm aborigen varlığımızı bu vacib kimliklə təsdiqləmədən hədəfə doğru gedə bilməzdi. Təbii ki, min illik məişətimizə, yaradıcılığımıza qovuşmadan, bugünki inkişafımızın kənardangəlmə deyil, ozümüzünkü olduğunu müasir dünyaya anlatmaq, bəzən də (bizim olanlara utanmadan sahib çıxmaq istəyənlərin ucbatından) inandırmaq çətin olardı. Azərbaycan Respublikası yaranmasının 100 illiyini qeyd etməyimizə baxmayaraq imkanları və təcrübəsi baxımından hələ çox gəncdir, hər sahədə güclənməsi və möhkəmlənməsi lazımdır. İncəsənət bu mənada dünyaya ən tez açılan qapıdır. Muğamlarımız kimi xalçaçılıq da bizi təmsil etməlidir...

“Xətayi” və “Şamaxı” xalçalarını mən nə qədər vəsf etsəm də az olar. Gərək insan özü görsün, hiss etsin. Hiss etsin ona görə ki, xalçalar nağıllarda deyildiyi qədər sehirlidir. Üzərindəki naxışların, rəmzi işarələrin, totemlərin rabitəsində bir emosional hərəkətlənmə var. Sanki sən boylandıqca onlar nəyisə ciddi-cəhdlə səndən gizlətmək istəyirlər. Bəlkə qan yaddaşından, bəlkə oxuyub-eşitdiklərinin pərakəndə parçalarından gələn siqnallar bu xalçaları sənə daha da doğmalaşdırır. Bu sentimentallıq ruhunla üzbəüz yaşaya biləcəyin nadir gözəlliklərdən biri olacaq, getmək və görmək istəsən...

“Zirə” Mədəniyyət Mərkəzinin xalçaçıları da diqqətimizi çəkməklə qalmadılar, məni və nazirdən tutmuş tələbəyə qədər hər kəsi yaxşı mənada təəccübləndirdilər. Qədim Bakımızı yada saldılar, bizi o qədimliyə apardılar, tariximizi, xasiyyətimizi, məişətimizi xalçaların dili ilə bizə danışdılar. Bakının ətraf kəndlərinin hər birini simvolizə edən bir xalça toxunmuş və ən əsası itib batmış, unudulmuş çeşnilər yenidən həyata və bizə qaytarılmışdı. Bu mənzərə həm heyrətamiz, həm ibrətamiz idi. Böyük İskəndərdən Rus imperiyasına qədər onlarla təcavüzkar ordunun qətliyamına, talanına məruz qalmış, ancaq dizə gəlməmiş, böyüklüyünü, vüqarını qorumuş rəşadətli bir şəhərin bədii heykəli yaradılıb, özü də ən zərif əllərlə...

Bu gün tarixi bir gündür, tarixin Bakı xalçaçılığını öz səhifələrində tapdığı və möhkəmlətdiyi gündür. Azərbaycana təşrif gətirən hər turistin bu muzeydən aparacağı hər təəssürat Şərqdə və Qərbdə mədəniyyətimizin dərinliyinin və çoxşaxəliliyinin carçısı olacaq. Yadımdan çıxmamış onu da deyim ki, bütün bu dediklərimi daha ətraflı deyən və göstərən bir nəfis kitab-kataloq da nəşr olunub ki, sirlər xəzinəsinə bənzəyir. Detallardakı nəciblik, tilsim, gözəllik, hərəkət...

Mən mütəxəssis deyiləm, hansı simvolun harda və necə işlənməli olduğunu bilmirəm, yeni çeşnilərin nə qədər dəqiqliklə köçürüldüyünü, alletrik quruluşun doğru olub-olmadığını deyə bilmərəm, amma onu deyə bilərəm ki, bu qədər fərqli sahələrdə böyük istedadlar yetirmiş bakılıların İpək yolu üzərində yaşayıb xalçaçı olmamaları mümkün deyil. Qədim Xilə-Suraxanı-Nardaran xalçaçılıq məktəbi bir zamanlar bütün dünyanı tutmuş Bakı xalçaçılığının müasir mirasıdır.

Bu gün Zirədən - Abşeron yarımadasının ən uc nöqtəsindən uçan xalçalar Azərbaycan Mədəniyyətini yüksəklərə qaldırmağa davam edəcək.

Bu yüksəlişə çiyin verən hər kəs sağ olsun!


Xalça muzeyində bir gün-


Xalça muzeyində bir gün-


Xalça muzeyində bir gün-


Arif Buzovnalı

Baxış sayı: 262