Sağlamlıq
03.04.2018 / 15:21

"İmkanı olmayanlar evində sakitcə ölürlər..."- Fazil Mustafa

"İmkanı olmayanlar evində sakitcə ölürlər..."-"Tibbi sığorta ilə bağlı bir çox məsələ insanları narahat edir. Əmək müqaviləsi ilə bağlı məsələ hüquqi müstəvidə çözülməzsə, tibbi sığorta ilə bağlı məsələnin həllini gözləmək real deyil".

İnform.az axar.az-ın xəbərinə istinadən bildirir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında “Tibbi sığorta haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, iki rayonda icbari tibbi sığorta ilə bağlı pilot layihənin nə zaman bitəcəyi bəlli deyil:

“Pilot layihənin də bir müddəti olmalıdır. Bir binanı sanki 5-10 nəfər tikir, digərləri ilə əmək müqaviləsi imzalanmır”.

F.Mustafa icbari tibbi sığortanın bütün Azərbaycan ərazisində tətbiq edilməli olduğunu deyib:

“Başa düşürəm ki, sahibkarların problemləri var. Lakin dövlət də bu məsələyə dəstək göstərməlidir. Bayaq mən medallar haqqında çıxış edərkən millət vəkilləri etiraz etdi, lakin bir sıra filmlərdə rol almış Ənvər Həsənov əməkdar artistdir, amma bütün toy müğənniləri əməkdar və ya xalq artistidir. Bu gün Azərbaycan kinosunun korifeyinin heç bir titulu yoxdur, məcburi tibbi sığortası da yoxdursa, o, müalicə ala bilmir. Bizə bu mövzuda müraciətlər olur. İcbari tibbi sığorta ilə bağlı məsələni bütün ölkədə tətbiq etməliyik ki, vətəndaş bu sıxıntının içərisində ən azından bir az gec ölsün. Bu gün qurumlar anlamalıdır ki, vətəndaş tibb xərclərini ödəmək iqtidarında deyil. İmkanı olanlar Türkiyəyə, İrana gedir. Gedə bilməyənlər evində sakitcə ölür. Hər yanda dərmanların pulsuz olduğu yazılır, bir çox tibb müəssisələrində dərman tapılmır. Bu, tək nazirliyin günahı deyil. Bu məsələni həll etmək lazımdır”.

Millət vəkili Tibb Universitetinə alternativ müəssisənin yaradılmasını təklif edib:

“Ölkədəki tibb təhsilinin vəziyyəti xeyli aşağıdır, özümüzü aldatmayaq. Təklif edirəm ki, ayrıca bir təhsil müəssisəsi açılsın Türkiyədən gələn mütəxəssislər həkim yetişdirsin. Rəqabət mühiti yaransın ki, tibb təhsili inkişaf etsin”.

Millət vəkili Əhliman Əmiraslanov Fazil Mustafanın tibb təhsili ilə bağlı fikirlərinə cavab verib:

“Bu fikirləri söyləyəndə əsaslandırmağa çalışın. Tibb təhsilində alternativ müəssisə var. Bilmirsinizsə, öyrənin. Bir dəfə Tibb Universitetinə gedib kadr potensialı ilə maraqlanın. Xahiş edirəm, bilmədiyiniz mövzuda ehtiyatla danışın. Bu il Ağdaş rayonunda da icbari tibbi sığorta ilə bağlı pilot layihə həyata keçiriləcək. Bu işlər heç də ləng həyata keçirilmir”.

İnform.az

Baxış sayı: 246