Qonağımız var..., Mədəniyyət
03.04.2018 / 12:00

"Hara gedirəm, deyirlər ki..."- Emil Tağı Rzayev

"Hara gedirəm, deyirlər ki..."-

Dəyərli oxucular!

İnform.az "Qonağımız var"layihəsi ilə yenidən sizin görüşünüzə gəlir.

Layihəmizin növbəti qonağı aktyor, "Günəşim ol" serialının ən "müsbət"obrazı sayılan Natiq-Emil Tağı Rzayevdir.

-Salam, Emil bəy necəsiniz?


-Çox sağ olun yaxşıyam, yaxşı olasınız.

-Söhbətimizə körpü salaq. Baxaq görək "Günəşim ol" serialının Natiqi kimdir?

-Sizə bir daha təşəkkür edirəm, mənə diqqət ayırdığınız üçün.

1985-ci ildə Lənkəran şəhərində doğulmuşam.

Altıncı sinfə kimi 10 saylı məktəbdə oxumuşam. Altıncı sinfi bitirdim, yay tətilinə çıxdıq. Avqust ayında atam rəhmətə getdi. Ona görə, biz qohumlarımızgilə köçməli olduq Lənkəranın Kiçikbazar deyilən hissəsinə.

Ora da 7 saylı məktəbə yaxın olduğu üçün, məcburiyyət qarşısında qalıb 10 saylı məktəbdən çıxası olduq. Mən, qardaşım və bacım təhsilimizi 7 saylı məktəbdə davam etdirdik.

Bu gün mənim kinoda olmağımın səbəbkarı "Günəşim ol" serialının baş prodüsseri Yaşar Əhmədovdur. Yaşar müəllimə bu serailı çəkmək üçün başqa rayonlar da təklif olunubmuş.

Sağ olsun ki, o bizim Lənkəranı seçdi, yəni elə öz bölgəsini. Axı özü də cənubludur. Şahin müəllim də sağ olsun ki, mənə bu serialda önəmli bir rol verdi.

Emil kimdi deyəndə ki, o, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru olub. İndi çox yerdə Emil Natiq kimi tanınırsa, əvvəllər yalnız Lənkəran teatrının tamaşalarında görüblər.

"Hara gedirəm, deyirlər ki..."-

2003-cü ildə İncəsənət Universitetinə qəbula hazırlaşmaq üçün Lənkəran teatrının aktyoru Adil Zeynalova müraciət etdim.

Elə oldu ki, üç il mən İncəsənət Universitetinə sənəd versəm də qəbul ola bilmədim. Qabiliyyət imtahanlarından keçirdim, amma testdən kəsilirdim.

Universitetə hazırlaşdığım dönəmdə teatra tez-tez getdiyim və teatra sevgim olduğu üçün məni yardımçı aktyor ştatına götürdülər.

Mənə tamaşalarda rollar verildi. Əvvəlcə kiçik, epizodik rollardan başladı mənim səhnə həyatım.

Allah rəhmət eləsin, teatrın baş rejissoru Baba Rzayevi. O məni birdən-birə böyük bir sınaq qarşısında qoydu.

Belə ki, B.Nuşiçin "Nazirin xanımı" əsərində mənə məsuliyyətli bir bir rol verdi.

Düzü oncə çox həyəcan keçirdim, narahat idim. Kütləvi səhnələrə çıxan bir aktyor üçün belə bir rol çox məsuliyyətli idi.

"Hara gedirəm, deyirlər ki..."-

"Görən bacararammı", "görən öhdəsindən layiqincə gələ bilərəmmi?" kimi suallar beynimi deşirdi.

Səhnəyə sevgi, qəlbimdəki sənət alovu bu rolun öhdəsindən layiqincə gələcəyimə məndə əminlik yaradırdı. Beləcə böyük uğurla bu rola qalib gəldim.

2003-cü ildən 2006-cı ilə kimi Universitetə sənəd versəm də, qəbul ola bilmədim və rəhmətlik Baba müəllim mənim aktyor ştatında işə alınmağıma dəstək oldu.

2007-ci ildə ailə qurası oldum...

Mən ali təhsili teatrdan mənəvi olaraq aldım, rəsmi diplomum olmadı.

İncəsənət Universitetinin bəlkə də mənə verə bilməyəcəyi çox şeyi mən teatrdan aldım.

Beləcə, mənim Universitet arzum elə arzu olaraq da qəlbimdə qaldı. Çünki, tələbə olmaq, teatrda işləmək, həmdə o vaxtın maaşı ilə heç cür alınmırdı.

- Əsas həyat Universitetinin diplomunu almısınız...Bilmək olmaz, hələ ki gec deyil, yenə də təhsil ala bilərsiniz.


Mən hər yerdə vurğuladığım fikrimi sizə də demək istəyirəm- İncəsənət Universiteti diplom verir, o diplomla çox aktyorlar çox qapıları aça bilirlər.

Mənə teatr diplom vermədi, amma sənət verdi. Mən aktyor sənətiylə bağlı nə öyrəndimsə, teatrda öyrəndim.

Mən o teatrın korifey aktyorlarından çox şey götürdüm...

Baba müəllimdən, tetarın direktoru, istetadlı aktyor Elşad Zeynalovdan aktyor sənətinin sirlərini öyrəndim. Demək olar ki, mən bu sənətdə onların əllərinin altında böyüdüm.

Allah hər ikisini rəhmət eyləsin.

Bu gün hansı teatra üz tuturamsa qapılar açılmır üzümə, çünki diplomum yoxdur.

Təbii qanun, qanundur. Teatr rəhbərlikləri qanuna zidd addım ata bilməzlər axı, diplomsuz aktyorla başlarını niyə ağrıtsınlar?..

Olsun, o qədər diplomu olub, sənəti olmayan "sənətkar"lar var ki...

Ona görə şadam ki, diplomum olmasa da, sənətim var.

Əgər bu gün çölə-bayıra çıxanda kimsə "Emil get bu sənətini dəyiş, sənlik deyil" demirsə, deməli yaşamağa dəyər.

Ailə qurandan sonra teatrda bir müddət fasilələrlə işlədim. Nəhayət, son dəfə keçən ilin sentyabrında qayitdım teatra.

Bir gün esitdim ki, Bakıdan bir kino şirkəti gəlib, burda serial çəkəcək.

Düzünü deyim ki, teatra çox kino çəkmək adı ilə adamlar gəlirdilər. Şəkillərimizi alır, kastinqə çağıracaqlarını vəd edərək gedirdilər.

Amma heç birindən səs-səda çıxmırdı. Bunlar gələndə də dedim ki, "əşşi, bunlar da o biriləri kimi olacaq da..." Çox etinasız yanaşdım, çünki inanmırdım.

Teatrın bütün kollektivi kastinqə getdi. Mən getmədim, çünki boş yerə ümidlənmək istəmirdim.

Mənim seriala getməyim təsadüfən oldu.

Yaşar müəllim söhbət zamanı deyirdi ki, Biləsuvardan Astaraya qədər biz kastinq elan elemişdik, bütün obrazları tapmışdıq, təkcə Natiqdən basqa.Natiqi tapa bilmirdik deyə, çəkilişə start verə bilmirdik.

Bir gün dostum, Orxan Cahangir mənə zəng vurdu ki, Emil mümkünsə gəl də CTV-yə. Mən də bilmirəm ki, niyə çağırır.

Gəldim, məni bir otağa apardı. Gördüm dəyirmi masa ətrafında bizim teatrın aktyorları oturublar.

İki nəfərdə başda tanımadığım insan oturub.

Üzümü Orxana çevirib demək istəyirdm ki "məni hara gətirmisən, nə məsələdir?" Bu vaxt Yaşar müəllim (sonra tanıdım) ayağa qalxaraq:"Start, serialımızın çəkilişinə başlayırıq, Natiqimiz tapıldı."

İndi təəccüb dolu baxışlarla ordakılara baxıram ki, ilahi Natiq kimdi, kimi tapıblar?

"Hara gedirəm, deyirlər ki..."-

Məni təqdim etdilər ki, bəs bu da Lənkəran teatrının aktyorudur.Dedi ki, biz nə vaxtdı ki, Natiqə görə qalmışıq.

Ssenarini mənə verib, "get hazırlaş hamı oxuyub, sən də bax"dedi.

Düzü, hələ də inanmırdım.

Beləcə, tərəf müqabillərimi mənə təqdim etdilər. Gördüm yoxe, bu dəfə gercəkdi çəkiliş məsələsi.

Beləliklə, bir vaxtlar teatr səhnəsində aktyor kimi çalışan Emil Rzayev, Yaşar müəllimin, Şahin müəllimin sayəsində oldu "Günəşim ol" serialının ən mənfi obrazı Natıq.

-Yəqin bu deyimlə razılaşarsınız: "İnsan sənətkar doğulur, sənətkar olmur"

-Doğrudur, sənətkar olmaq üçün, istedad doğuşdan olmalıdır.Sonradan istedadlı olmaq mümkün deyil.Sonradan yalnız öz üzərində çalışıb püxtələşə bilərsən.

-Emil belə bir sualım var,sizcə çağdaş zəmanəmizdə aktyor olmaq nə dərəcədə asan, nə dərəcədə çətindir? Bu gün sizə kino sənəti daha çox zövq verir, yoxsa teatr daha maraqlıdı?

-Kamera arxasında çəkilən səhnə, pərdə arxasında oynanılan səhnədən o qədər fərqlidir ki, yerlə-gör qədər.

Düzdür, hər ikisi sənətdir, hər ikisində sənət nümayiş etdirirsən. Amma teatr canlı sənətdir.

Baxın teatrda biz səhnəyə çıxanda tamaşa vaxtı rejissor gəlib deyə bilmir ki, alınmadı, yenidən başla.

Rejissor tamaşaya qədər məşqləri edir, məşq ərəfəsində sənin səhvlərini deyir, rolun düzəlişlərini edir, tamaşaya kimi sən ondan nəyi qavraya bildinsə, onu göztərəcəksən, vəssalam.

Amma kinoda kamera arxasında səhvlərimizə düzəliş edə bilirlər. "Olmadı bir də"-deyib yenidən çəkirlər. Montaj zamanı qüsurları kəsib atırlar.Tamaşaçıya müsbət tərəfləri göstərirlər.

Teatrda isə qüsurumuzu da, yaxşımızı da tamaşaçı canlı olaraq görür, ekran qarşısında deyil.

Bir şeyi də deyim, o səhnənin tozu var ha, tozu unudursan hər şeyi onu hiss edəndə...(kövrəlir)

Bu müsahibənin oxucuları da, digər insanlar da bu tozun nə olduğunu hiss edə bilməzlər. İnanın sanki, uyuşdurucu toz kimi bir şeydir səhnənin tozu...

Yalnız teatra vurğun olub, teatrın əsiri olanlar anlarlar bu tozun ləzzətini.

Səhnədən zala baxanda bəzən dolu, bəzən də boş oturacaqları görəndə aktyorun həmin an keçirdiyi hissləri özündən başqa inanın kimsə anlaya bilməz.

"Hara gedirəm, deyirlər ki..."-


Bir şeyi də deyim, TEATR daimi sənət ocağıdır. Serial, kino bu gün var, sabah olmaya da bilər. Efir elə bir şeydir ki, sən nə qədər orda görünürsənsə, səni hamı tanıyır, elə ki, görünmədin unudulursan.

Lap şedevr bir obraz yaratsam belə, bu mövsümdə ekrandayamsa varam, ikinic mövsüm olmasam sakitcə unudulacağam.

Mən teatrı çox sevirəm. Mən indi yarından ayrı düşən bir aşıqə bənzəyirəm inanın...

Məcnun Leyladan ayrı düşən kimi, məndə teatrdan ayrı düşmüşəm. Harada gedirəm deyirlər ki, diplomun yoxdu.

Bir şey deyim, kimsə inciməsin. Mən sözü ürəyimdə saxlamağı sevmirəm, həqiqət nəysə deyirəm.

Mənim əli "uzun" olan yerlilərim var ki, özləri yanlarına apara bilərlər məni, teatrda işləyə bilərəm. Amma nə olsun...Səbəbi bilmirəm.

Əgər Lənkəranda ola-ola,öz doğma teatrımda başıma necə oyunlar açdılarsa, Bakıda olan lənkəranlılardan nə gözləyim ki?

Amma hər şeyə rəğmən mən Lənkəranımı da, onun insanlarını da sevirəm.Olsun, qoy mənə qarşı haqsızlıqlar olsun, təki mənim kimsəyə pisliyim keçməsin.

Nə olur olsun, mən nə Lənkəranımı, nə də məni sevən tamaşaçımı unutmaram.

-Emili aktyor Emil edən Lənkəran tamaşaçısını...

-Əlbəttə, başqa cür ola da bilməz.Kim mənə qarşı necədirsə olsun, mənsə hamını sevirəm.

-Həyat bumeranqdır, Emil bəy...

-Elədir, indi "Laləli saray"da çəkilirəm. Yaşar müəllim sağ olsun, Lənkəranda olanda mənə söz vermişdi çəkəcəyini.

Mən də ailəmi götürüb köçdüm Bakiya. Belə...

Amma gələn il nə olacaq bilmirəm.

-Yaxşılara ümid edək...

-Bəli, bir də şansa...

-Emil bəy, təsəvvür edin ki, rejissorsunuz və sizə illərdir arzusunda olduğunuz xəyallarınızı gerçəkləşdirə biləcək bir ssenari təqdim olunub. Və bu ssenari ilə siz o xəyalların gerçəkləşməsinə imza ata bilərsiniz.Bir rejissor kimi bu filmi uğurla ərsəyə gətirmək üçün əsas nəyə önəm verərsiniz? Bu günədək çəkilən seriallarda rejissorların buraxdıqları hansı səhvləri siz buraxmazsınız?

-Belə deyim, rejissorlardan səhv tutmaq mənim həddim deyil. Taxtanı rəndə ilə yonub formaya salan kimi, aktyoru da rejissor rəndələyib peşəkar aktyor edir.

Rejissor sənətindən əsas vasitə kimdir?-Aktyor.

Əgər aktyor zəifdisə, əgər aktyor tənbəldirsə,əgər aktyor öz üzərində çalışmırsa, deməli nə baş verir?

Rejissor istədiyi tamaşanımı, filmimi ürəyi istədiyi kimi uğurla hazırlaya bilmir. Və yaxud da ki, indi dəb halını alıb, qeyri peşəkar insanlara rol verilir.

Ona görə də, əgər rejissor olsaydım, aktyor olmayan kimsəyə rol verməzdim. İstedadlı aktyor truppası seçərdim. Eybi yox qoy işim bir az gec alınsın, amma keyfiyyətli alınsın.

Aktyorluq potensialı olan, illərdir ömrünü səhnəyə, sənətə qurban verən sənətkarla oturublar evlərində, ümidlə nə vaxtsa qapılarının döyüləcəyi, onlara seriallarda, bədii filmlərdə rol veriləcəyi anı gözləyirlər.

-Doğru deyiriniz. Məncə ildə 10-15 yarıtmaz serial çəkib tamaşaçının zövqünü, əsəbini korlamaqdansa, ildə 2-3 normal serial çəksələr daha yaxşı olmazmı?

-Niyə də olmaz ki, əlbəttə olar. Mən rejisoosr olsaydım o aktyorların haqqına girməzdim.

-Emil Rzayev populyar deyildi, Emil Rzayev əyalət teatrının aktyoru idi, amma reytinqi qazandı.Yaşar Əhmədov kəşf elədi Natiqi, Emil Rzayev də öz imzasını qoydu bu rola.Artıq Emil digər rejossorlarında hədəfindədir.

"Hara gedirəm, deyirlər ki..."-

-İnşallah...

-"Günəşim ol" serialında sizi baxışlarınızdan anlayan, hər işarənizdən ne dəmək istədiyinizi hiss edən ən rahat tərəf müqabiliniz kim oldu?


-Gözəl sualdır. Məni yormayan, mənə kamera arxasında bir sənət məktəbi keçən Elxan əmi(Pespublikanın Əməkdar artsiti Elxan Quliyev)oldu.

Onunla heç narahat olmadım, özümü itirmədim. Bəzən elə səhnələr olurdu ki, ssenaridə 5 dəqiqə nəzərdə tutulan dialoqu 15 dəqiqəyədək uzadırdıq. Çünki Elxan əmi elə maraqlı məqamları tuturdu ki, o məqamı iki kəlmə ilə bitirmək mümkün olmurdu.

"Hara gedirəm, deyirlər ki..."-


-Emil bəy, keçək şəxsi həyatınıza. Evlisiniz. İki övladınız-bir oğlunuz və bir qızınız var. Xanlmınızın sizi qısqanmaq dərəcəsi nə qədərdir?


-(Gülür) Bilirsiniz, mən bu gün uğur qazanıramsa inanın bunun bir hissəsi həyat yoldaşımın əməyidir.

Qısqanmaq...Təbii ki, sevən insan sevdiyini qısqanar.

Amma baxır harda və hansı səbəblə. Mənim xanımım mənə sənətimdə sevgisiylə, mənə olan inamıyla böyük dəstəkdir.

Mən qazandığım hər uğurun arxasında duran onun məhəbbətinə ,onun sevgisinə minnətdaram.

-Sənət adamısınız, gündəlik mətbuatı izləyirsiniz. Bir oxucu kimi, KİV-də daha çox hansı mövzulara yer verilməsini istərdiniz?

-Ürəyimdən xəbər verdiniz bu sualınızla. Bilirsiniz, çox vaxt məşhur, çox tanınmış sənətçilərdən yazırlar.

Ya da ki, sənətçilərin özəl həyatlarına müdaxilə edir, olur-olmazı ortaya tökür, insanların əsəbləriylə oynayırlar.

Sənətə yeni gələn, istedadlı sənət adamları haqqında yalnız maqazin xəbərləri üçün dedi-qodu xarakterli yazılar yazılır, bəzən də elə sənətçilər olur ki, heç yada düşmürlər.

Mətbuatda bunlara diqqət ayrılsa, yaxşı olar. Əsil aktyorun, müğənninin sənəti haqqında yazmaq, onları daha da yaxından tanıtmaq lazımdır.

Bu bizlərə, sənətdə olan cavanlara daha da ilham verər, məsuliyyətimizi artırar.

-Bu gün doğum gününüzdür.Biz də İnform.az ailəsi olaraq sizi təbrik edir, sənətinizdə tükənməyən uğurlar və tezlikləə sevdalısı olduğunuz teatr səhnəsinə qayıtmağınızı arzulayırıqb.

-Təşəkkür edirəm bir daha. Hər zaman tamaşaçımın mənə olan inamını doğrultmağa çalışacağam.

"Hara gedirəm, deyirlər ki..."-



Xalidə XALİD/İnform.az

Baxış sayı: 5552