Qarabağ
02.04.2018 / 15:19

"Böyük Qələbə günümüzün həsrəti ilə yaşayırıq" - Aprel qəhrəmanları danışırlar -FOTO

"Böyük Qələbə günümüzün həsrəti ilə yaşayırıq" -
Azərbaycanın müasir tarixində parlaq iz buraxan 2016-cı ilin aprel döyüşlərindən bizi iki illik zaman məsafəsi ayırır.

Xalqımıza uzunmüddətli atəşkəs dövründə ilk dəfə qələbənin sevincini yaşadan bu döyüşlər istər ölkə, istərsə də dünya ictimaiyyətində geniş təəssürat yaratdı və nüfuzlu media qurumları bu hadisələri geniş təbliğ etdi. Savaşın baş verdiyi bölgədən hazırlanan bu yazıda isə həmin döyüşlərin birbaşa iştirakçısı olan hərbi qulluqçularımızın düşüncələrini, xatirələrini qələmə almışıq. Onların bir qismini oxuculara təqdim edirik.

Mayor Rəşad İsrafilov:
"Əvvəla minnətdaram ki, aprel hadisələrinin ildönümü ərəfəsində bizi dinləyir, fikirlərimizi qələmə alırsınız. Mən 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra ön xətdə zabit kimi xidmətə başladım və bu günə kimi ən çətin, məsuliyyətli döyüş tapşırıqlarını yerinə yetirməklə özümü Vətənimin əsl övladı sayıram. Cəbhə bölgəsində xidmət edərək ömrümün ən mənalı, dəyərli dövrünü yaşayıram. Əslində, ömür Vətən üçün yaşanmalıdır, məhz belə bir ömrün sahibi olmaqdan qürurluyam.

"Böyük Qələbə günümüzün həsrəti ilə yaşayırıq" -

Aprel döyüşləriylə bağlı xatirələrim dil açanda qeyri-ixtiyari yenidən o odlu-alovlu günlərə qayıdıram. Döyüşün ilk dəfə necə baş verdiyi bir kino lenti kimi gözlərim önündədir. Daim vətənpərvərliyinə, bacarığına, hərbi səriştəsinə qibtə etdiyim yüksək rütbəli zabitlərdən biri bizə düşmənin növbəti güclü təxribatının əks-hücumla dəf olunacağını bildirdi və onun rəhbərliyi ilə döyüşə atıldıq. Aprelin 1-dən 2-nə keçən gecə idi, bir göz qırpımında savaşa girdik. Hamıda qələbə əzmi vardı, hər kəs bir inamla vuruşurdu: qələbə bizim olacaq. Doğru deyiblər, inam böyük qüvvədir, məhz gücümüzə güvənib düşmən üzərinə şığıdıq və qısa bir vaxtda ən məsuliyyətli döyüş tapşırığını yerinə yetirdik.

Müharibənin öz qanunları var, döyüşlər itkisiz olmur. Bir neçə cəsur silahdaşımı, zabit-gizir yoldaşımı itirdim. Xocalıdan olan əkiz qardaşlar - Sarvan və Namiq Mehrəliyevlər də bizim dəstədə döyüşürdülər. Əsl vətənpərvərlər idi, düşmənə olan güclü intiqam hissi onları da sıralarımıza gətirmişdi. Qəflətən düşmən tərəfindən açılan snayper atəşi Sarvanın həyatına son qoydu. Namiqi güclə saxlayırdıq, irəli atılırdı. "Qardaşımın qanını yerdə qoymayacam", - deyirdi. Onu ovundurmaq mümkün deyildi. Dedim ki, Namiq, şəhid olan əsgərimiz tək sənin yox, hamımızın qardaşıdı. Mütləq onun qisası alınacaq.

Sevimli əsgərim qollarım üstə gözlərini yumanda xəyalım məni 2012-ci ildəki döyüşlərimizin birinə qaytarmışdı. Həmin döyüşdə baş leytenant Fərid Əhmədovu itirmişdim, ən yaxın dostlarımdan biriydi. Amma təsəllim ondadır ki, bu gün 6 yaşlı oğlum Fərid mənə təsəllidir. Həmin hadisədən bir neçə ay sonra oğul övladım dünyaya gəldi və ona dostumun adını qoydum.

Hər gün, hər saat aprel döyüşlərinin yenidən təkrar olunacağı günü gözləyirəm. Son qarış torpağımızı işğaldan azad etməyincə rahat dayanan deyilik. Qələbə mütləq bizim olacaq, çünki biz haqq uğrunda, ata-baba torpaqlarımız uğrunda döyüşürük, başqa heç kimsənin torpağında gözümüz yoxdur".

Mayor Faiq Qasımov: "Müharibənin nə demək olduğunu ata-baba ocaqlarımızı itirəndə, 1992-ci ildə Qubadlıdan didərgin düşəndə hiss etmişəm. Onda qardaşım "Həsən Qorxmaz" təxəllüslü Həsənqulu Qasımov yeni yaranan ordumuzun ilk zabitlərindən idi. Onu qızğın döyüşlərin birində itirdik. Həmin gün and içdim ki, torpaqlarımız yağıların tapdağından azad edilməyənə kimi hərbi formanı əynimdən çıxarmayacam. Bir müddət sonra komandanlığın vəsatəti ilə zabit hazırlığı kursuna göndərildim və taleyim ömürlük orduya bağlandı.

"Böyük Qələbə günümüzün həsrəti ilə yaşayırıq" -

Aprel döyüşləri başlananda, inanın ki, mən uşaq kimi sevinirdim. Deyirdim ki, indi meydan mənimdir, şəhid qardaşımın ruhu şad olsun deyə son nəfəsiməcən döyüşəcəm. Döyüşdən öncə generalımız Mayis Bərxudarov bizi ətrafına toplayıb dedi ki, 25 ildir gözlədiyimiz an gəlib çatıb. Əvvəl tanklar, ardınca biz döyüşə girdik. Hamı bir nəfər kimi yüksək döyüş əzmindəydi. Düşmən heç nə gözləmirmiş kimi çaş-baş qaldı, "dəmir atlarımız"ın nəriltisindən vahiməyə düşdü, nə qədər silah-sursatını atıb qaçdı. Onların mövqelərini tutub möhkəmləndik, səngərləri, yataq yerləri bərbad idi. Bəs harada qalmışdı keçilməz “Ohanyan səddi”?

O günlər daim xatirəmdə yaşayacaq, xüsusən də şəhid zabitlərimiz Elnur kimi, Rasim kimi oğulları, Səyyad Quliyev kimi şəhid əsgərlərimizi xatırlayanda qəhər mənə güc gəlir. Hər biri igid, cəsur, vətənpərvər döyüşçü idi. Onlar qorxu nə olduğunu bilmədən döyüşürdülər. Elə bil gözlərini qan örtmüşdü. Axı, Elnur Əliyev neçə illər idi doğulduğu el-obasına həsrət qalmışdı. Həmişə deyərdi ki, görəsən, doğulduğum kəndimizə dönmək mənə nəsib olacaqmı? Lələtəpə zirvəsindən onların kəndinə gedən yol görünür. Rahat uyu, qardaşım, sənin qisasın yerdə qalmayacaq, yenə də döyüşlər başlanacaq, həsrət qaldığın o yurd yerlərini işğaldan azad edəcəyik, sənin də, şəhid qardaşımın Qubadlının göylərində dolaşan ruhu da şad olacaq. Mütləq o gün gəlib çatacaq. Doğma ata ocağımız düşməndən azad olunmayınca, silahımı yerə qoyan deyiləm. Qohum-qardaşıma da söz vermişəm ki, Qubadlım ruhumun Məkkəsi, qibləsidir.

Bu gün ordumuz daha da qüdrətlənib. Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə sıx əhatə olunan ordumuz ən müasir silah-sursatla təmin olunub. Bu gün Azərbaycanın elə bir ucqar bölgəsi tapılmaz ki, orada müasir hərbi şəhərciklər, yeni tipli məişət şəraiti olmasın. Dövlətimizin qayğısı, Ali Baş Komandanımızın, Müdafiə nazirimizin əsgərə, orduya olan yüksək qayğısı bizə daim döyüş ruhu aşılayır. 2016-cı ilin aprelində olduğu kimi, biz yenə də düşmən üzərində zəfər qazanacağıq".

“Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanov:
"Bəzən adam özü-özünə sual verir: Vətənim üçün nə etmişəm? Bu mənada hərbə talelərini bağlayanlar xoşbəxtdirlər, çünki bizim hər birimiz Vətən adlı ömür yaşayırıq, elə seçdiyimiz peşənin də əsl mahiyyəti Vətəni qorumaqdır.

"Böyük Qələbə günümüzün həsrəti ilə yaşayırıq" -

Müddətli hərbi xidmətim ön xətdə keçib və məhz həmin dövrdə hərbi peşəyə sonsuz marağım yaranıb. Taleyimi orduya həsr etdim, məşğələlərdə, təlimlərdə döyüşçü kimi formalaşdım və bir gün də eşitdim ki, bizə döyüşə atılmaq haqqında əmr verilib. Onda 2016-cı ilin ilk aprel gecəsi idi. Hamımız bir nəfər kimi silahlanıb mühüm əhəmiyyətli yüksəkliyi düşməndən azad etmək üçün savaşa girdik. Ermənilər nəyin hesabına olursa-olsun, öz mövqelərindən geri çəkilmək istəmirdilər. Amma ordumuzun bir gecədə qətiyyətli əks-hücumu onları vahiməyə saldı və düşmənlərimiz silah-sursatlarını döyüş meydanında atıb geri çəkildilər. Hər şey elə bil bircə anın içərisində baş verdi. Top-mərmi səsindən çaş-baş qalan düşmən əsgərləri hara gəldi atəş açırdılar.

Lələtəpə yüksəkliyini azad edəndə bəlkə də həyatımın ən gözəl, ən qiymətli bir anını yaşadım. Axı qələbə bizim idi, indi bu vacib mövqelərə bizimkilər nəzarət edir. Dayandığım zirvədən bircə an arxaya, yaxınlıqdakı kəndlərimizə baxanda qürurdan gözlərim doldu. Gör nə qədər adamı təhlükədən xilas etmişdik?!

Aprel döyüşləri barədə düşünəndə mən də neçə şəhid silahdaşımı xatırlayıram. Onlar Vətən naminə şirin canlarını əsirgəməkdən çəkinmədilər, torpaq uğrunda şəhid oldular və insanlığın ən uca, ali zirvəsinə yüksəldilər. Doğru deyiblər ki, torpaq onda Vətəndir ki, onun uğrunda can əsirgəməyən oğulları var. Biz Azərbaycanımızın ərazi bütövlüyünü təmin etmək üçün hər an döyüşə atılmağa hazırıq. Məhz aprel savaşında olduğu kimi, düşmənə qətiyyətimizi sübut edib torpaqlarımızı azad edəcəyik. Bu gün bütün silahdaşlarım da Ali Baş Komandanın "İrəli!" əmrini səbirsizliklə gözləyirlər. Tezliklə işğaldan azad edəcəyimiz ərazilərimizdə üçrəngli bayrağmız qürurla ucalanda şəhid dostlarımızın ruhu şad olacaq. Onda Elnurun da, Xocalıdan olan şəhid əsgərimiz Sarvanın da, şəhid tabor komandiri Rasim Məmmədovun da, tanıdığım və tanımadığım neçə-neçə şəhidimizin ruhu göylərə ucalacaq. Mən də həmin günün - Böyük Qələbə günümüzün həsrəti ilə yaşayıram".

Kiçik gizir Zaur Xancanov: "Aprel hadisələrində qazanılan qələbədən söz düşəndə iftixardan qəlbim dağa dönür, çünki bu zəfərdə mənim də xidmətim olub. Həmin vaxt müqavilə əsasında xidmət edən əsgər idim, amma qələbəmizdən sonra komandanlığın təşəbbüsü ilə gizir rütbəsinə təqdim olundum. Hərdən dostlarımla aprel döyüşlərindən danışanda zarafatımdan da qalmıram. Deyirəm ki, bu qələbəmiz mənə rütbə qazandırıb. Ümumiyyətlə, dövlətimiz, Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq sağ olsunlar, hər kəsin xidməti yetərincə qiymətləndirildi. Amma düşünürəm ki, Lələtəpə zirvəsi azad olunandan sonra 24 illik həsrətə son qoyub doğma ocaqlarına qayıdan Cocuq Mərcanlı camaatının alqışı, duası ən böyük mükafatımızdır. Prezidentimiz bu kəndin abadlaşdırılması haqqında sərəncam imzalayandan sonra kənd müasir görkəminə qayıdıb. Yüzlərlə qaçqın ailəsi doğma yurduna yığışıb, insanlar əmin-arxayın təsərrüfatlarını bərpa ediblər. Bir dəfə televizorda bu kəndi göstərəndə Şuşa məscidinin bənzərini orada gördüm. Məncə, bu tikilinin rəmzi mənası çox böyükdür. Qoy düşmənlərimiz bilsinlər ki, biz yenə də savaşa qalxıb başqa əzəli torpaqlarımızı da azad edəcəyik.

"Böyük Qələbə günümüzün həsrəti ilə yaşayırıq" -

Bu günlər aprel zəfərimizin ikinci ildönümünü qeyd edirik, ürəyim sözlə doludur. Hərbi bölmənin kollektivi yenə də şəhid döyüşçülərimizin xatirəsini yad edəcək, onların uyuduğu məzarlar ziyarət olunacaq. Lələtəpə yaxınlığında aprel şəhidlərinin xatirə kompleksinin yaradılması ürəyimizdən xəbər verdi, indi bu abidə hərbi xidmətə gələn gənclərin müqəddəs ziyarətgahı, and yeridir. Onlar gənc əsgərlərin hazırlığı mərhələsini bitirdikdən sonra döyüş növbətçiliyinə burada and içərək yola düşürlər. Bəli, aprel zəfəri müasir Azərbaycan gəncliyinə ən dəyərli örnək, bir qəhrəmanlıq nümunəsidir. İllər ötüb keçəcək, amma qələbə üçün canlarını qurban verən igidlər unudulmayacaq, onlar zaman-zaman yaddaşlarda xatırlanacaq. Bir daha şəhid dostlarımın ruhu qarşısında baş əyirəm, and içirəm ki, onların qisası yerdə qalmayacaq".

Kapitan Şamil Əliyev: "Zabit və gizirlərimizin peşəkarlığı Azərbaycan Ordusunun gücünü təsdiqləyən əsas amillərdəndir. Ordu sıralarına qədəm qoyan bir gəncin müqəddəs və şərəfli peşənin vərdişlərinə yiyələnməsində, müasir hərbi texnikaların sirlərinə yaxından bələd olmasında, vətənpərvər bir əsgər kimi formalaşmasında zabit və gizirlərin rolu böyükdür. Onlar Vətən sevgisinin, Vətənə bağlılığın, Vətən müqəddəsliyinin nə olduğunu əsgərlərə xidmətləri boyunca aşılayırlar. Azərbaycan əsgəri bu sevgi ilə xidmət edir.

"Böyük Qələbə günümüzün həsrəti ilə yaşayırıq" -

Hərbi sahədə kökündən dəyişən yeniləşmənin, ardıcıl və yorulmaz fədakarlıqların yolu ilə gedən zabitlərimizdən biri kimi mən də hərbi xidməti təkcə vəzifə deyil, həm də amalım hesab edirəm.

Azərbaycan xalqının güvənc yeri Azərbaycan Ordusudur. Zabit və əsgərlərə dəyanət verən, əminlik bəxş edən o inamdır. Ordumuzu aprel zəfərinə aparan həm hərbi qulluqçularımızın yüksək döyüş və mənəvi hazırlığı, dövlətə, dövlətçiliyə sədaqəti, həm də bu inam oldu. Xoşbəxt hərbçilərdənəm ki, həmin qələbə anını yaşayanların sırasında oldum. Üçrəngli Azərbaycan bayrağının Lələtəpə yüksəkliyində dalğalanmasının qürurunu yaşadım. Lələtəpədə yaşadığım duyğular heç bir zaman yaddaşımdan silinməyəcək.

Aprelin 1-dən 2-nə keçən gecə ermənilər artilleriya vasitəsilə kəndləri atəşə tutdular. Düşmən geniş təxribatlar törədəndə hərbi hissələrimiz əks-həmlə əmri aldı.

Hər bir əsgərdə, gizirdə, zabitdə çox yüksək döyüş ruhu var idi. Hər kəs inamla, ürəklə savaşırdı. Düşmənə sübut etdik ki, onlar bizim kimi döyüşə bilməzlər. Çünki biz torpaqlarımızın azad edilməsi üçün vuruşurduq. Əsgərlərimiz cəsarətlə və yüksək əhval-ruhiyyədə döyüşürdülər.

Biz aprel döyüşlərində sübut etdik ki, lazımi qədər texnikamız var. Lakin biz onların hamısından, daha uzaq mənzilli silahlardan istifadə etmədik. İstifadə etdiyimiz silahların bir qismi hələ onları vahiməyə salmışdı, düşmənin yanına düşən hər bir mərmi onların əsgər və zabitlərini qorxuya salırdı. Silah-sursatlarını atıb qaçırdılar ki, canlarını qurtarsınlar.

Ali Baş Komandanımızın vurğuladığı kimi, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə, torpaqlarımızı işğaldan azad etməyə hər an hazırıq".

Leytenant Emil Mərdanoğlu: "2016-cı ilin aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı və Azərbaycan Ordusunun döyüş əzmini sübut etdi. Həmin zəfər nəticəsində qəhrəman Azərbaycan əsgəri düşmənə layiqli cavab verməklə yanaşı, işğal altında olan mühüm əhəmiyyətli yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Uzun illərin ayrılığından sonra düşmən tapdağında olan torpaqlarımızın bir qismi tarixi sahibinə qovuşdu.

Biz döyüşə böyük ruh yüksəkliyi ilə başladıq. İnanırdıq ki, hər şey yaxşı olacaq. Uzun müddət idi ki, düşmən yaşayış məntəqələrini, bir sıra obyektləri, eləcə də döyüş mövqelərimizi müxtəlif növ silahlardan atəşə tuturdu. Qarşı tərəf cavab atəşi ilə susdurulurdu. Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri təxribat hazırladı. Biz hər an belə hallara hazır idik və buna görə də onların təxribatı baş tutmadı. Ordumuz əks-həmlə ilə düşmən qüvvələrini susdurdu. Ermənilər bizim torpaqlarda qurduqları postlarını tərk edib qaçırdılar. Biz həmin mövqelərdə düşmən üzərinə gedərək canlı qüvvələrini məhv etdik. Torpaqlarımızda yeni postlarımızı qurduq və möhkəmləndik.

Döyüşlərin gedişi zamanı zabitlərimiz, gizirlərimiz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımız və əsgərlərimiz yaralansalar da döyüşü davam etdirirdilər. O anlarda hamı Vətən üçün ölümün gözünə dik baxmağı bacardı. Biz çox yaxın zamanda öz torpaqlarımıza geri dönəcəyik və döyüşdə şəhid olmuş yoldaşlarımızın ruhu rahatlıq tapacaq.

Aprel döyüşləri yenilməz, şanlı Azərbaycan Ordusunun gücünü və qüvvəsini düşmənə bir daha göstərdi və sübut etdi ki, Azərbaycan xalqı, Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, heç vaxt işğalla barışmayacaq, nə yolla olursa-olsun, torpaqlarımızı düşmən tapdağından azad edəcəyik!".

Gizir Cavid Hüseynov: "Vətən sevgisi mənim üçün ən ülvi hissdir. Ürəyim hər zaman Vətənim üçün döyünür, Qarabağ nisgili ilə sızlayır. Torpaqlarımızın bütövlüyü uğrunda tökülən qanlar, verilən canlar Vətən sevgimi, Vətən bağlılığımı daha da artırır.

"Böyük Qələbə günümüzün həsrəti ilə yaşayırıq" -

Bizim nəslimizdə də Vətən uğrunda canından, qanından keçənlər olub. Əmim Hüseynov Saleh İsi oğlu hərbi xidmətdə olarkən Qarabağ müharibəsi dövründə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Hələ uşaq yaşlarımdan babam və nənəm əmimdən danışır, Qarabağ uğrunda gedən döyüşlərdə həlak olduğunu qəmgin səs tonu ilə dilə gətirirdilər. Lakin bunun adi ölüm olmadığını başa salırdılar. "Saleh əmin ölümün ən uca zirvəsi olan şəhidlik məqamına yüksəlib" - deyirdi nənəm. Şəhid ailəsi olmaqla hər zaman qürurlanardılar. Çünki üzərində yaşadıqları torpağın köksündə canlarından bir parçanın qanı vardı. Düşmənə nifrət edərdilər. Onları Saleh balasından düşmən gülləsi ayrı salmışdı.

Müasir dövrümüzdə azad, müstəqil və firavan yaşamağımızda əmim və onun kimi şəhid olmuş qəhrəmanlarımızın, döyüş meydanında düşmənə gözdağı olan qazilərimizin ömür yolu bizlərə əsl örnəkdir. Atam da mütəmadi olaraq Saleh əmimdən, onun döyüşçü yoldaşlarından danışır, Azərbaycanın igidlər məskəni, cəngavərlər oylağı olduğunu bildirirdi. Mən də bilirəm ki, ömür Vətən üçün yaşanılmalıdır, lazım gələrsə, canından da keçməlisən. Amma bizlərə candan keçmək tezdir. Qarabağımızı azad etmədən ölmək niyyətində deyiləm.

Müddətli həqiqi hərbi xidmətimi ön xətt hərbi hissələrindən birində başa vurduqdan sonra müxtəlif işlərlə məşğul oldum. Amma hər zaman hərbçi olaraq ordu sıralarına qatılmaq arzum vardı. Bir gün qərara aldım və gizir hazırlığı kursuna sənədlərimi təqdim etdim. Seçdiyim yoldan, tutduğum vəzifədən qürur duyuram. Tank komandiri olaraq məsuliyyətlə xidmət etməyi torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olmaq üçün döyüş vərdişlərimi mükəmməl öyrənməyi qarşıma məqsəd qoymuşdum.

Aprel döyüşlərində öndə gedənlərdən biri də mənim komandiri olduğum tank idi. Düşmən üzərinə əks-hücum edərək onların döyüş texnikasını, zirehli maşınlarını məhv etməyə müvəffəq olduq. Müharbə anlayışı çoxlarına ağır gələ bilər, lakin təlimlər zamanı qazandığımız vərdişlər döyüş meydanında rahatlıqla qələbə qazanmağımıza gətirib çıxardı.

Aprelin ilk günlərindən hamı kimi Vətən torpağının müdafiəsi, eləcə də tarixi torpaqlarımızı geri qaytarmaq məqsədilə irəli atıldım. Bu gün ailəm, eləcə də mənim üçün qürurverici haldır ki, aprel döyüşlərindən sonra təşəkkür elan olunanlar sırasındayam. Eləcə də Novruz bayramı ərəfəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən fəxri fərmana layiq görülmüşəm. Bütün bunlar hər bir hərbi qulluqçunun xidmətində stimuldur. Mən və bütün xidmət yoldaşlarım hər birimiz Vətənimizə candan bağlıyıq".

Aprel döyüşləri nəticəsində mühüm əhəmiyyətə malik olan mövqelər ələ keçirildi. Şəhidlərimizlə yanaşı, yaralılarımız da oldu. Qürurla qeyd etməliyik ki, yaralılar sağlamlıqlarına qovuşub şəhidlərimizin qisasını almaq üçün öz xidmət yerlərinə geri döndülər.

Döyüşlər zamanı qəhrəmanlığı ilə seçilən və hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalla təltif olunan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Taleh Səbuhi oğlu Hüseynovdur:

O, tank heyətinin tuşlayıcısıdır. Goranboy rayonunda sadə kəndli ailəsində dünyaya göz açıb. Məktəbi bitirdikdən sonra yaşıdları kimi hərbi xidmətə yollanır. 2012-2013-cü illərdə ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçir. Vətənpərvərliyi və nizam-intizami ilə seçilir. Taleh xidmətini başa vursa da, daim Vətəninə, xalqına, millətinə sadiq olur. Sonda Vətən sevgisi onu yenidən ordu sıralarına qatılmağa vadar edir. Gizir hazırlığı kursuna qatılan gənc tank heyətinin tuşlayıcısı kimi təhsilini başa vurur. Ön xətt hərbi hissələrindən birində xidmətə başlayır. Aprelin ilk günlərindən döyüşlərə qatılır, öz bacarığı və şücaəti ilə seçilir. Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Yoldaşlarına dayaq, düşmənə göz dağı olur. Döyüşlərin birində əl, üz və bel nahiyələrindən yanıq, sağ ayağından qəlpə yarası alır. Yaralı əsgər hospitala çatdırılır. Tez bir zamanda sağalan qəhrəman öz xidmət yerinə qayıdır.

"Böyük Qələbə günümüzün həsrəti ilə yaşayırıq" -

- Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, bizlərin Vətən sevgisinin göstəricisi idi. Hər birimizin illərcə gözlədiyimiz gün gəlmişdi. Ermənilər özləri atəşkəsi pozmuş, torpaqlarımıza basqın etmişdilər. Lakin bir anda qarşılarında bizləri görəndə təşviş içində geri çəkilməyə, qaçmağa başladılar. Biz irəlilədikcə düşmən geri çəkilir, torpaqlarımızı boşaldırdılar. Bunlar hər birimizin görmək istədiyi mənzərəydi. Düşmən Azərbaycan Ordusunun gücünü dadmış, torpaqlarımızın bir hissəsini boşaltmışdı. Bu gün də onlar o gecənin acısını çəkir, mühüm əhəmiyyətli yüksəklikləri əldən verdikləri üçün özlərinə yer tapa bilmirlər. Aprel döyüşləri ərəfəsində şəhid olan hərbçi yoldaşlarımız oldu. Biz onların ruhunu şad etmək üçün torpaqlarımızı tam azad edəcəyik. Bunu etmək hər birimizin övladlıq borcudu. Bu gün döyüş texnikası ilə tam şəkildə komplektləşdirilmişik. Məişətimiz yüksək səviyyədədir. Azərbaycan Ordusunun nümayəndəsi olaraq Ali Baş Komandanıma güvənir və döyüş əmrini gözləyirəm. Vətən torpağının bir hissəsinin azad edilməsində yaralandım, lakin torpaqlarımızın tam azad edilməsi uğrunda canımdan keçməyə hazıram.

Vətənini canından üstün tutan, onun uğrunda varlığından keçən döyüşçülər olduğu halda ermənidə nəinki bir qarış torpaq, alınmamış qisas qalmayacaq.

Arif Pənahov, Məhəmməd Əliyev, Ceyhun Cəfərli
"Azərbaycan Ordusu"

Baxış sayı: 391