Hərbi, Qarabağ
02.04.2018 / 12:55

O, hələ bilmirdi ki...- FOTO

O, hələ bilmirdi ki...-
Ata olmuşdu yenicə, sevinirdi, sevincini sosial şəbəkədə dostlarıyla paylaşırdı.

Atalıq hissini sonadək yaşamayacağını bilmirdi. Hələ ki, sevinirdi...

O, hələ bilmirdi ki, xəstəxanadan çıxacağını gözlədiyi oğlunun süd qoxulu nəfəsini içinə çəkə bilməyəcək.

O, hələ bilmirdi ki, oğlu böyüdükcə, onun boyuna baxıb bir ata kimi qürurlana bilməyəcək.

O,hələ bilmirdi ki, oğul toyunda qol götürüb, bəy atası kimi oynaya bilməyəcək...

O, hələ bilmirdi ki, onu sevərək gəldiyi, zabit adı aldığı bu şərəfli peşədə ən uca rütbəni-General rütbəsini almağa qədər yaşaya bilməyəcək...

O, hələ qarşısında onu nələrin gözlədiyini bilmirdi...

Kim idi bu nələri bilməyən?

Aprel döyüşlərində şəhid olan zabitimiz, leytenant Qabil Orucəliyev...

Qabil Naxçıvan şəhərinin Xıncov məhəlləsində doğulmuşdu. Ailədə tək idi...

Taleyin hökmünə bax...Özü atasız böyümüşdü, övladı da atasızlığın qoynunda nəfəs alacaqdı...

Qabil aprel döyüşlərində Tərtər istiqamətində ağır yaralanaraq şəhid oldu.

Şəhidlik zirvəsinə qalxan oğlum, sənin məkanın cənnətdir.

Səni sevən, səni unutmayan xalqın var...

Haqqında hələ çox yazılacaq, çox deyiləcək...

Biz isə, sənin məzarın üstə gəlib, buz kimi soyuq başdaşının qarşısında dayanıb, həsrətli baxışlarına baxaraq QƏLƏBƏ müşdəsini verəndə rahat nəfəs ala bilərik...

Hələ ki, sənin və şəhid olan bütün övladlarımızın ruhu qarşısında üzü qarayıq...

O, hələ bilmirdi ki...-


O, hələ bilmirdi ki...-


O, hələ bilmirdi ki...-


Xalidə XALİD


Baxış sayı: 2276