Müsahibə, Qarabağ
02.04.2018 / 12:00

“Ən böyük arzum tankların müşayiəti ilə Şuşaya üç rəngli bayrağımızı sancmaqdır” – “Canlı tank”

“Ən böyük arzum tankların müşayiəti ilə Şuşaya üç rəngli bayrağımızı sancmaqdır” –
“Dost dar gündə bəlli olar” deyirlər. İgid isə Vətənin dar günündə… Alın yazısının hər abzasında, hətta hər sətrində belə, döyüş – qanlı savaş yazılan xalqımız neçə-neçə say-seçmə igidlər bəxş edib tarixə. Həmin savaşlardan ən sonuncusuna iki il əvvəl şahid olduq. Tariximizdə “Aprel döyüşləri” kimi qeyd olunan bu döyüş əməliyyatı miqyasca kiçik olsa da, əslində mənəvi baxımdan böyük və gərəkli idi. Bu savaşda da xalqımız xeyli igid Vətən övladlarını tanıdı.

İnform.az-ın xəbərinə görə, ordu.az-ın bu dəfəki müsahibi gizir Əli Eynullayevdir. Aprel döyüşlərinə qədər onu sadəcə öz silahdaşları yaxından, necə deyərlər, dərindən tanıyırdısa, indi o, bütün xalqın sevimlisinə çevrilib. Gizir Eynullayev Əlini, bəlkə də, bir çox insan ad soyadı ilə tanımır. O, hər kəsin yaddaşında “Canlı tank” ləqəbi ilə qalıb. Bizimlə söhbət zamanı qəhrəmanımız özü də yuxarıda qeyd olunan faktları etiraf edərək döyüş zamanı bir anda çıxardığı cəsarətli qərarın ona bu ləqəbi qazandırdığını deyir:

“Ən böyük arzum tankların müşayiəti ilə Şuşaya üç rəngli bayrağımızı sancmaqdır” –

- Eynullayev, bəlkə, müsahibəmizə sizinlə tanışlıqdan başlayaq. Zəhmət olmasa, özünüz haqqında danışın.

- Gizir Eynullayev Əli Hökməli oğlu. 1987-ci ildə Biləsuvar rayonunda ziyalı ailəsində anadan olmuşam. Hər iki valideynim ixtisasca həkimdir. İki qardaşım və iki bacım var. 10 ilə yaxındır ki, Azərbaycan Ordusunun giziriyəm.

- Hərb sahəsinə marağınız necə yaranıb?

- Əmim hərbçi olub. O, Sovet Ordusunun tərkibində Əfqanıstan döyüşlərində iştirak edərkən həlak olub. Onun qoçaqlığı, qorxmazlığı haqqında çox eşitmişəm. Uşaqlıqdan hərbiyə marağım oyandı. Sonra həqiqi hərbi xidmət keçdikdən sonra sənədlərimi gizirlik məktəbinə verərək qəbul oldum və seçdiyim ixtisas üzrə xidmətə başladım.

- Yoldaş gizir, artıq son döyüşünüzdən iki il ötür…

- Son döyüş deməzdim. Nə qədər ki, ata-baba torpaqlarımız düşmən tapdağındadır, bu, bizim, şəxsən mənim son döyüşüm ola bilməz. Hələ qarşıda bizi daha böyük döyüşlər gözləyir. Apreldə biz sadəcə düşmənə kiçik dərs verib, ordumuzun gücünün bir zərrəsini göstərdik.

- Döyüşlərin başlamasına nə səbəb oldu?


- Ümumilikdə danışsaq apreldən öncə düşmən ard-arda təxribatlara əl atırdı. Bu təxribatları hər gün daha da genişləndirməyə çalışırdı. Mövqelərimizlə kifayətlənməyib yaşayış məntəqələrimizi də iri çaplı pulemyotlardan atəşə tuturdular. Hər dəfə layiqli cavablarını alırdılar. Artıq düşməni yerinə oturtmaq adi hala çevrilmişdi. Lakin aprelin 1-dən 2-nə geçən gecə onlar edə biləcəklərinin ən böyüyünü etməyə cəhd göstərdi. O da məlum aprel döyüşləri ilə nəticələndi.

- Həmin gecəni necə xatırlayırsan?

- 1-dən 2-nə keçən gecə həyacan siqnalı ilə qalxdıq. Məlumat verildi ki, düşmənin kəşfiyyat diversiya qrupları cəbhənin bir neçə istiqamətində mövqelərimizə hücuma keçir. Dərhal silahlanıb maşınlarla hərəkətə başladıq. Biz Talış istiqamətində hərəkət etdik. Qısa müddət ərzində düşmənin hücumunun qarşısını aldıqdan sonra düşmən üzərinə əks-həmlə etmək əmri gəldi. Təxminən saat 4-5 radələrində biz əks-hücuma keçdik.

“Ən böyük arzum tankların müşayiəti ilə Şuşaya üç rəngli bayrağımızı sancmaqdır” –

- Əks-hücum necə başladı? Düşmənin illərdir işləyib hazırladığı və mifləşdirdiyi məhşur “Ohanyan səddi”ni yarmaq çətin idimi?

- Əks-hücuma əsasən tankların himayəsi ilə başlanıldı. Bəli, reallıq budur ki, döyüş yalnız kənardan baxana asan görünür. Nəzərə alsaq ki, həmin istiqamətdə düşmən hakim yüksəkliklərdə mövqelənmişdi, bu, bizim işimizi bir qədər çətinləşdirirdi. Lakin komandanlığın yüksək səviyyəli hərbi biliyi və bacarığı sayəsində həmin “sədd”in yarılması o qədər də çətin olmadı. Qısa zaman ərzində biz düşmənin müdafiə xəttini yararaq döyüş açılımını həyata keçirdik. Həmin vaxt düşmən çaşıb qalmışdı. Nə edəcəyini bilmirdi. Ağır döyüş başladı. Bir tərəfdə yüksək peşəkarlıqla idarə olunan ordunun yüksəkliklərə doğru irəliləməsi, digər tərəfdə isə idarəetməni itirmiş ordunun müdafiə olunması. Səhər açılanda biz döyüş tapşırığını yerinə yetirərək növbəti əmri gözləyirdik.

- Yoldaş gizir, həmin zamanlar sizi sosial şəbəkədə məhşur edən bir videonuz yayılmışdı. Siz tankların önünə düşərək düşmən postuna hərəkət edirsiniz və həmin postu ələ keçirirsiniz


- Bəli. O anlar mənim də heç vaxt unutmayacağım döyüş səhnəsiydi. Talışın sol cinahı istiqamətində hərəkət etmək əmri almışdım. Orada tanklar da var idi. Lakin tanklar həmin postu tam dəqiqliyi ilə tanımadığı üçün bu, bizə zaman itkisi verə bilərdi. O post strateji əhəmiyyətli idi. Artıq döyüşün qızğın çağlarıydı. İstəmirdim ki, dayanaq. Mən tank komandiri ilə qısa dialoqa girib arxamca gəlmələrini bildirdim və düşmən postuna tərəf qaçmağa başladım.

- Sizin bu qərarınız həyatınız bahasına başa gələ bilərdi

- Şəhid olmaq şərəfdir. Biz hər birimiz canımızı bu torpağa borcluyuq. Bəli, hər saniyəmin təhlükəli olduğunu bilirdim. Ancaq illərdir içimdə düşmənə qarşı yaranan nifrət məni bu qərardan çəkindirmədi. Atışa-atışa düşmənin üstünə getdim. Arxamca da tanklar… Və biz düşmən postunu ələ keçirdik.

- Həmin postda düşmən nə qədər itki verdi?

- Həmin postda düşmənin sursat dolu yük maşınları heyəti ilə birgə məhv edildi. Bundan başqa, onlar gücləndirilmiş rejimdə olduqları üçün postlara daha çox şəxsi heyət yığmışdılar. Buna görə orada 15 nəfərdən artıq hərbçi meyiti qalmışdı.

“Ən böyük arzum tankların müşayiəti ilə Şuşaya üç rəngli bayrağımızı sancmaqdır” –

- Təbii ki, xidməti davam etdirirsiniz. Bəs gələcək üçün başqa planlarınız var?

- Mənim gələcək üçün bir planım var. Cənab Ali Baş Komandanın əmrini gözləmək və o əmri son damla qanıma qədər icra eləmək. Bu, hər bir azərbaycanlının müqəddəs borcudur. Həmin günü səbirsizliklə gözləyirəm.

- Ali Baş Komandan demiş, xidmətinizin layiqincə qiymətləndirildiyini hesab edirsiniz?

- Bəli, mən komandanlıq tərəfindən layiqincə qiymətləndirildim. Aprel döyüşlərindəki xidmətimə görə isə cənab Prezidentin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görüldüm. Digər silahdaşlarımla birlikdə ölkəmizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən qəbul edildim. Həmin günü fəxarətlə xatırlayıram.

- Sonda ən böyük arzunuzu eşitmək xoş olardı

- Ən böyük arzum tankların müşayiəti ilə Şuşaya üç rəngli bayrağımızı sancmaqdır. Bundan böyük arzum yoxdur.

İnform.az

Baxış sayı: 694