Araşdırma
31.03.2018 / 11:00

Lənkəranın məscidləri, rus kilsələri- Araşdırma

Lənkəranın məscidləri, rus kilsələri-
Hacı Etibar Əhədov


Rus kilsələri, sinaqoq, katolik kilsəsi...


Əvvəli:http://inform.az/index.php?newsid=29550

Ölkəmizin əksər yerlərində olduğu kimi, Lənkəranda da müxtəlif xalqların nümayəndələri yaşayırlar. Onlar Azərbaycanı özlərinə ikinci Vətən seçmiş, bu torpaqda yerli əhali ilə dinc və anlaşma, dostluq və mehribanlıq şəraitində fəaliyyət göstərirlər.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın etnik xəritəsində Rusiyanın Tambov, Saratov, Orenburq, Voronej quberniyalarından, habelə digər əyalətlərdən köçürülən xeyli miqdarda rus kəndləri meydana çıxıb.

1870-ci ildə Lənkərana əlavə olaraq rus tayfalarından 200 ailə, erməni tayfalarından 40 ailə köçürülüb. Bu proses əsrin 80-90-cı illərinədək davam etmişdir. Azərbaycanın ayrı-ayrı qəzalarında əsrin sonunda artıq 22-dən artıq rus kəndi mövcud olmuşdur ki, burada da 19 min nəfər yaşayırdı. Bu dövrdə Lənkəranda yeddi rus kəndi salınıb, dörd yerdə rus kilsəsi, eyni zamanda yəhudi sinaqoqu, alman və katolik kilsələri tikilib.

Azərbaycan Rusiyaya birləşdirildikdən sonra Lənkəranda daimi məskən salan rus, yəhudi millətindən olanlar və başqa ailələr öz dövrlərinin dini inamlarına uyğun olaraq şəhərin müxtəlif yerlərində kilsələr, sinaqoqlar tikdirmişlər. Bunların əksəriyyətindən bir nişanə qalmasa da, belə tikintilərin yerləri məlumdur.

Almanların Lənkəranda məskunlaşması 1815-1816-cı illərə təsadüf edir. Azərbaycana almanlar Almaniyanın Vurtsmberq krallığından gəlirdilər.

Onların Azərbaycana gəlişinə səbəb Almaniyada baş verən aclıq və dini münaqişələr idi. Əvvəlcə Rusiyaya gələn almanlar, oradan Zaqafqaziyaya, sonra isə Azərbaycana gəlmiblər. Almanlar Lənkəran şəhərinin girəcəyində, "Forştat" deyilən yerdə (indiki Heydər Əliyev prospekti) məskən salıblar.

Şəhərin Firdovsi küçəsi, 19 ünvanda yerləşən Alman kilsəsi XIX əsrin sonlarında tikilib.

Almanlar Lənkəranı tərk etdikdən sonra yerli əhali həmin tikilidən yaşayış binası kimi istifadə edir.

Rus kilsəsi XIX əsrin əvvəllərində indiki "Dostluq" parkında tikilib. Oradakı yay kino-teatrının yerində isə keşişin evi yerləşirdi.

Professor Abbas Talışinskinin məlumatına görə, o, 1937-ci ildə, şəhərdəki 4 nömrəli orta məktəbdə oxuduğu dövrdə kilsəni söküblər, qırmızı kərpiclərindən yeni məktəbin tikintisinə sərf ediblər.

Prezident təqaüdçüsü, şair Hacı Mirhaşım Talışlının yazdığına görə, kilsənin keşişi vəfat etdikdən sonra, onun dəfn mərasimi "Fövcül-füsəha" ədəbi məclisinin üzvü Molla Fəttah Səhbanın rəhbərliyi ilə təşkil olunub.

Müsəlman mollasının dəfn işlərindən narazı qalan xristanlar əhvalatı Bakıya çatdırırlar. Bakıdan gələnlər yerli axundu rus dilində imtahana çəkirlər, sorğu-sualdan məlum olur ki, Molla Fəttah dəfni xristian dini ayinlərinə uyğun təşkil edib.

XVIII əsrin əvvəllərində Lənkəran qalasının cənub bürcündə, eyni zamanda XIX əsrin axırlarında rus qəbiristanlığının yanında və Qumbaşı kəndində rus kilsələri, həmçinin hərbçilər üçün (Qala ərazisində) Batalyon kilsəsi tikilir.

Katolik kilsəsi XIX əsrin axırlarında indiki Koroğlu küçəsində, şəhər 6 saylı məktəbin yanında inşa edilib.

Yəhudi sinaqoqu XIX əsrin sonu, XX əsrin əvvəllərində tikilib. "Qala" xiyabanında, indiki Mirzə Səlim Axundzadə küçəsində yerləşib. Bu gün həmin binada ağırlıqqaldırma üzrə məşq salonu yerləşir.

Tolerantlıq və ya son söz yerinə

İslam dininin geniş yayıldığı cənub bölgəsi öz yüksək tolerantlıq mühiti ilə tanınır. Bu baxımdan bölgədə yaşayan xalqlar, etnoslar daima dini və milli dözümlülükdə bir-birlərinə dayaq və nümunədirlər.

Azsaylı xalqların hüquqları hər zaman qorunub və ərazi bütövlüyümüzün müdafiəsində qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirirlər.

Lənkəranda indinin özündə də babalardan əmanət qalan gözəl bir ənənə yaşadılır. Dinimizi qəbul edən, Azərbaycan dilində sərbəst danışan ruslar və digər xalqların nümayəndələri həmrəylik nümayiş göstərərək Novruz, pasxa bayramlarında qonum-qonşulara, xəstələrə, imkansızlara baş çəkir, bayram sovqatları ilə bir-birlərinə sevinc bəxş edirlər.

Həqiqətən də Azərbaycan dövləti regionda və bütün dünyada sülhün, əmin-amandığın və əməkdaşlığın bərqərar olmasına çalışır. Bu gün ölkəmizdə dini, milli və irqi ayrı-seçkilik yoxdur. Bütün Qafqazın şeyxi, Şeyxülislam Allahşükür Paşazadənin ATƏT nümayəndələri ilə görüşdə qeyd etdiyi kimi, Azərbaycanda olan tolerantlıq modeli digər dünya ölkələri üçün də örnəkdir.


İnform.az

Baxış sayı: 95