Şərhlər
28.03.2018 / 11:00

Rusiya çökür, yoxsa inkişaf edir?

Rusiya çökür, yoxsa inkişaf edir?
Firuz Mustafa

Bu barədə bir neçə dəfə yazmışam. Yazmışam ki, Rusiya çöküşdədir.

Mənim dediklərimi təsdiq edənlər də olub, təkzib edənlər də. Hətta, çox obyektiv mövqe sərgiləyən dostlardan bəziləri haqlı sual da veriblər: “Bəyəm buna görə sevinmək lazımdır?”
Bəli, sual yerində verilib.

Əvvəla, gəlin görək “çökmək” necə olur? Məsələn, ayrıca bir fərdin, bir adamın çöküşü nədən bilinir? Məncə, bu, özünü daha çox üç cəhətdən göstərir: fiziki, mənəvi və iqtisadi cəhətdən.
Elə cəmiyyətin çöküşü də bu amillərlə bağlıdır. Bu günkü Rusiyanın fiziki durumu ürəkaçan deyil. Mənəvi aşınma göz önündədir. Ən əsası iqtisadiyyatdır ki, o da faciəvi durumdadır.

Gəlin, qısaca da olsa hər üç “amilə” nəzər salaq.

Bu gün Rusiyanın hətta 19-cu əsr səviyyəsində intellektual şəxsiyyətləri yoxdur. Varsa adını çəkin. Hal-hazırda Puşkin, Tolstoy, Getsen, Turgenev, Nekrasov, Çexov, Qorki, Bunin, Blok səviyyəli söz adamı varmı Rusiyada? Varsa deyin.

Yenə söhbəti o konuda davam edirəm. Bu gün Rusiya musiqisində 19-cu əsrdə yaşamış Qlinka, Borodin, Çaykovski, Skryabin, Raxmaninov səviyyəli bəstəkar varmı? Varsa deyin, adını xatırladın.
Bəlkə yenə həmin dövrdə yaşamış Brüllov, Ayvazovski, Repin, Şişkin, Surikov səviyyəli rəssamlar var Rusiyada? Varsa, zəhmət olmasa adını deyin.

Keçək elm sahəsinə. Zatən indi, yəni 21-ci əsrdə, vaxtilə, yəni iki əsr öncə (19-cu əsrdə) yaşayib fəaliyyət göstərmiş Labaçevski, Piroqov, Pavlov, Mendeleyevi, Butlerov, Seçenov, Zinin səviyyəli elm adamları da yoxdur Rusiyada. Varsa, adlarını yada salın.

Gəlin, indi “mənəvi” və “fiziki” duruma belə kiçik “ekskursiyadan” sonra, ötəri də olsa bu gün dünya iqtisadiyyatı, daha doğrusu dünyanın bəzi ölkələrinin büdcəsi fonunda Rusiya iqtisadiyyatına nəzər salaq.

“Kiçik” İsveçrənin büdcəsi 275 milyard, “kiçik” Avstriyanın büdcəsi 198 milyarddır.

Hələ Amerikanın büdcəsi: 3,5 trilyon, “kiçik” Yaponiyanın büdcəsi 2 trilyona yaxın. Almaniyanın büdcəsi 1,7 trilyon. İtaliyanın büdcəsi isə 1 trilyona yaxındır.

Rusiya ilə Türkiyənin büdcəsi eynidir: 190 milyard civarında.

Bu gün Rusiyada silah-sursat və araq-çaxır istehsalından başqa nəzərə çarpan istehsal sahəsi yo kimidir.

Dediyim kimi, soruşulur və ya soruşula bilər: “Bəyəm buna görə sevinmək lazımdır?”

Cavabım qısadır: Xeyr. Sevinmək lazım deyil.

Əvvəla, Rusiya ilə biz qonşu ölkəyik.

İkincisi, bizi çoxəsrlik bağlar birləşdirir.

Üçüncüsü, Rusiya mədəniyyətinin daimi müsbət təsirini hiss etmişik.

Sevinmək lazım deyil. Təəssüf etmək lazımdır. Ona təəssüf etmək lazımdır ki, Rusiyada demokratik cəmiyyət qurulmadı. Axı bu böyük ölkənin “küləyi” bizi daim tutur. Həm soyuq, həm də isti küləyi.

Təəssüf etmək lazımdır ki, Rusiyada şovinizm meylləri qalmaqdadır.

Təəssüf etmək lazımdır ki, Rusiya az qala bütün dünyanı silahla hədələyir.

Təəssüf etmək lazımdır ki, Rus ziyalıları başqa ölkələrə axın edir. Yeri gəlmişkən Sovet hakimiyyəti çökəndən sonra Rusiyadan 5 milyon, təkcə ötən ilsə (2017-ci ildə) yarım milyona yaxın adam xarici ölkələrə köçüb gedib. Rus miqrantları dünyanı başına götürüb.

Çökmək təkcə ərazi itirməkdən ibarət deyil ki. Çökmək elə budur.

İnform.az

Baxış sayı: 324