Qarabağ, Hüquq
27.03.2018 / 17:13

Hünər yolu

Hünər yolu
Azərbaycanın Milli Qəhrəmanı Tabil Həsənov 4 iyul 1960-cı il Xocalı rayonunun Kosalar kəndində anadan olub. Burada məktəbi bitirib, hərbi xidmətdən sonra əmək fəaliyyəti ilə məşğul olub.

T. Həsənov daşnaqların Xocalıya hücumu zamanı kənd sakinləri ilə birgə özünümüdafiə dəstəsi yaradılmasında, döyüşlərdə iştirak edib. 1992-ci ilin yanvar ayında Şuşa Rayon Polis Şöbəsinin post-patrul xidmətində xidmətə başlayıb. Qəhrəman polis serjantı Xocalının Meşəli və Cəmilli kəndlərinin müdafiəsində də qəhrəmanlıq nümunələri göstərib.

Erməni daşnaqları böyük qüvvə ilə Cəmilli kəndinə hücuma keçib. Köməyə gələn Tabilin olduğu polis dəstəsi erməni hərbçilərindən ibarət dəstəni əks həmləylə geri oturdub və onların sıralarını pərən-pərən salıb. Bu uğurlu əməliyyatdan sonra onu el arasında “Qırxqız qartalı” adlandırıblar. Onun iştirakı ilə keçən daha bir əməliyyatda Meşəli kəndi də mühasirədən xilas edilib. Ermənilərin Kosalar kəndinə növbəti hücumu zamanı Tabil Həsənov ön sıralarda mərdliklə vuruşub. Kənd uğrunda gedən ağır döyüşdə onlarla erməni yaraqlısını məhv edib. Özü isə bu döyüşdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra 1995-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Hal-hazırda qəhrəmanın oğlu Nəsir də atasının şərəfli yolunu sıralarımızda davam etdirir. 2010-cu ildə Şuşa Rayon Polis Şöbəsinin post-patrul bölüyünə polis nəfəri kimi qəbul olunub. Nəsir asayişin qorunmasında göstərdiyi qüsursuz xidmətə görə seçilir. Atasının adına layiq hünər, mərdlik yolunu ləyaqətlə doğruldur.

Aslan Qiyaslı/Polis leytenantı

Baxış sayı: 258