Mədəniyyət
27.03.2018 / 12:40

“Aldanmış kəvakib” və ya “dəmir intizam qaydaları”...

“Aldanmış kəvakib” və ya “dəmir intizam qaydaları”...

Bu gün Beynəlxalq Teatr gününüdür. Öncə ömrünü TEATR adlı müqəddəs məbədə bağlayan bütün sənətkarlarları təbrik edirik. Canınız sağlam, uğurunuz bol olsun, düşməniniz heç olmasın.

İndi isə...İndi isə keçək mətləbə...


“Əgər səmada ulduzlar görünürsə, bunun səbəbi var...”


Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş verənlərsə əsrlərlə özünü doğrultmuş bu və bir çox atalar sözlərinin dürüstlüyünə şübhə oyadır.(Əcdadlarımızın ruhu qarşısında baş əyir,dönə-dönə üzr istəyirəm!)

Söhbət Respublikanın Əməkdar artisti, “Ən yaxşı kişi rolunun ifaçısı(Ukraynanın Dneprodzerjinsk şəhəri, 2011) bir çox obrazların-o cümlədən on minlərlə “Vicdan haqqı” izləyicisinin “düşmən”i İmran obrazının məharətli ifaçısı İlham Hüseynovdan gedir.

Saytlardan əldə etdiyim məlumatlara görə aktyorun çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram teatrının direktoru A.Nemətov keçən ilin mart ayında xəbər göndərib(məhz xəbər göndərib) ki, onu öz komandasında görmür və İ.Hüseynov "öz xahişi" ilə işdən getməsiylə bağlı ərizə yazmalıdır.

Bu keçən il olub, "proqul"larsa bu ilin yanvar-fevral ayında "qeydə alınıb".

Maraqlıdır, keçən il direktor hardan bilirdi ki, İ.Hüseynov bir ildən sonra “proqul”edəcək?

Qayıdaq keçən ilə, aktyor keçən ilin yayında keçiriləcək cərrahiyyə əməliyyatına qədər möhlət istəyərkən "xeyirxah" direktor "onda avqust ayından ərizəsini yazsın” deyə xəbər göndərib.
(Yəqin ki, oxucu “xəbər göndərib” ifadəsinin vurğulandığını sezdi.)

A.Nemətov aktyoru bir dəfədən artıq kabinetinə dəvət etməyib və onunla dəhlizdə üzbəüz gələrkən "Sən kimsən? Mən səni tanımıram!" deyə soruşub.

Onun yerinə cavab veririk: "tanımırsınızsa, tanış olun- Azdramanın(eləcə də başqa sənət məbədlərinin) səhnəsində müxtəlif obrazlar canlandıran, səhnəyə çıxarkən tamaşaçıları tərəfindən bəzən İlham, bəzən İmran deyə alqışlarla qarşılanan, ölkə başçısının fərmanı ilə Əməkdar artist fəxri adına layiq görülən İlham Hüseynov!
"Tanımaq istəmirəm"-desəydiniz daha düzgün olmazdımı?

Əməkdar artist bu günə kimi ona bəslədiyiniz nifrətin səbəbini öyrənə bilmir.

Bəlkə bizə izah edəsiniz? Fəxri adlardan söz düşmüşkən, 13.08.2017-ci il tarixində 70 illik yubileyini qeyd edən A.Nemətov Respublika Prezidenti tərəfindən “Vətənə xidmət” ordeni ilə təltif olunub.

Vətənə beləmi xidmət edirlər?

Yalnız bircə dəfə kabinetində İ.Hüseynovun nə vaxt ərizə yazacağını soruşarkən "Hansı kanalı açıramsa səni görürəm" deyə hörmətsiz şəkildə fikrini bildirib.

Qeyd edək ki, Respublikanın Xalq artisti əfsanəvi Fuad Poladovun çəkildiyi və ikincinin həmin filmdəki ifasına görə "Son 10 ilin ən yaxşı kişi rolunun ifaçısı" adını qazandığı "Aktrisa" filmindən sonra İ.Hüseynov Mədəniyyət nazirinin müavini Ə.Vəliyevin təşəbbüsü ilə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.

O, "Aktrisa" ki, Nemətovun senzuradan kənar sözlərilə alçaldılıb və direktor bu filmi bəyənmədiyini nümayişkaranə surətdə bəyan edib.

Yeri gəlmişkən, Azərpaşa müəllimin senzuradan kənar nitqi teatr aləmində heç kəs üçün sirr deyil.

Qeyd edək ki,hazırda səhhətində ciddi problemlər yaşanan və istedadlı aktyor Hikmət Rəhimovun direktor tərəfindən işdən azad edilməsinə etiraz olaraq Azdramanı təəssüf ki,birdəfəlik tərk edən Fuad Poladovla son söhbətim zamanı mənə demişdi: "İlham həm gözəl insan,həm də istedadlı aktyordur" (ŞƏRHSİZ).

İ.Hüseynovun ATV kanalı tərəfindən keçirilən 50 illik yubileyinə təkrarən baxdım və onun ehtiyatla danışan aktyor yoldaşlarından öyrəndim ki, o, rəhbərlik və kollektiv arasında "adamayovuşmaz" və həyalı bir şəxs kimi tanınıb və nəinki rəhbərlik-heç texniki personalla da adicə bir mübahisəsi olmayıb.

Onu da öyrəndim ki, A.Nemətovun direktor olduğu bu iki il ərzində İ.Hüseynov dəfələrlə onun qəbuluna gedib özünə qarşı olan bu münasibətin səbəbini öyrənməyə çalışsa da "möhtərəm direktor" onu kabinetinə layiq bilməyib. Maraqlıdır, niyə?

Tabeçiliyində olan işçilərin qayğısına qalmaq, onları ən azı dinləmək direktorun vəzifə borcu deyilmi?

Azərpaşa müəllim Əməkdar artistə qarşı olan bu ikrah hissinin səbəbini açıq söyləsəydi, pis olmazdı.

Bəlkə on minlərlə izləyicinin sevimlisi, səhnəyə hər çıxanda alqışlar və çiçək dəstələri ilə qarşılanan İlham Hüseynovdur qarşısı boş qalan bilet kassalarının məzlum görünüşünün səbəbi?
Bəlkə “şəhərdə tıxaclar yaradanlar” İlham Hüseynov kimi "gəlmə"lərdir?

Yazımın əvvəlində özümə söz verdim ki, heç kəsin adını çəkmədən oxucunu mətləbdən agah edim.

Sözümün üstündə dururam, amma ixtiyar sahibi olub teatrın "turniket" aparatını açsaq sual yaranacaq-ayda(hətta ildə) bir dəfə teatra ayağı dəyməyən aktyorların "proqul"larının İlhamın "intizamsızlığı"ndan fərqi nədədir?

Ümumiyyətlə teatra yalnız tamaşa və məşq günü gələn aktyor barədə "proqul" sözünü işlədən təcrübəli teatr xadimi qarşısındakını nə hesab edir?

İlham Hüseynovun aktyor yoldaşları çəkinə-çəkinə başqa mətləbləri də açdılar.

Belə ki, "proqul"lara inandırıcı don geydirmək istəyən direktor, sən demə Həmkarlar İttifaqı haqqında Nizamnamədən və "Profsoyuz"un rəhbərliyə deyil, işçilərin hüquqlarına xidmət etməsini "unutmazdı" və teatrın 100-dən yuxarı üzvü olan bu təşkilatının 5-6 adamını bir otağa yığıb gözdən pərdə asan "iclas" sifariş verməzdi.(Təbii ki,direktor özü bu iclasda iştirak etmirdi)

Bir aktyorun püxtələşməsi üçün onilliklər tələb olunur. Belə "qurma" iclaslarda isə sənətkar gələcək rollarında iz qoyacaq əsəb sarsıntılarına məruz qalır.

Açığını deyim ki, bu hər hansı bir gənc rəhbər tərəfindən edilsəydi, anlamaq olardı.

Tanınmış rejissor, Teatr Xadimləri İttifaqına uzun illər rəhbərlik etmiş ağsaqqal insanın –açıq deyək-səbəbsiz olaraq bir istedadlı aktyorla "intriqa" aparması və belə haqsızlığa imza atması heyrət doğurur.

Ən azı ona görə ki, İ.Hüseynova "məsuliyyətsiz" sözü sadəcə "yapışmır."

Səhhətində- konkret desək hərəkətlərində müəyyən müvəqqəti məhdudiyyətləri olan aktyor səhnədə oynayarkən məsələni bilməyən tamaşaçı bunu hiss etmir və İlham xəstəlik müddətində də "intizamsızlıq" göstərib rollarını ifa etmək üçün səhnəyə çıxırdı.

Əldə etdiyim qeyri-rəsmi məlumatlarsa məni təəccübləndirməkdə davam edirdi. Belə ki, İ.Hüseynov onun istedadına qiymət verən insanlardan direktorla onun arasında ünsiyyət yaratmasını xahiş edib, və adlarını çəkmək istəmədiyim həmin sənət adamları direktora əməkdar artistlə bağlı "minnətçi düşsələr" də o, "nə ağsaqqal sözü eşidib, nə qarasaqqal"

Hörmətli Azər Paşa müəllim!

Nədir bu nifrətin səbəbi?

İllərin təcrübəsini qazanmış insanlar bilirlər ki, belə münasibət , necə deyərlər "prinsip aparmaq"zərurəti rəhbəri saymayan, ona ağır söz deyən işçiyə qarşı olur.

Ya da istedadsız insandan azad olmağa çalışan başçı heç kimin sözünü dinləmədən dövlətin pulunu boş yerə xərcləməmək üçün "xalqın və incəsənətin mənafeyi naminə" o insandan azad olmağı lazım bilir.

Etiraf edin ki, bunların heç biri olmayıb.Aktyor da deyilsiniz ki, deyək qısqanclıqdır səbəbi. Bəs onda bütün bunlara səbəb nədir?

Teatr aləmində özünəməxsus yeri olan, rejissor kimi öz sözünü demiş müdrik yaşlı bir insanın belə bir haqsızlığa-özü də istedadlı aktyora qarşı atdığı addıma inana bilmirəm.

Amma İ.Hüseynov istəməsə də bir sirri açmalıyam, "bülleten" deyilən sənədi vaxtında təqdim etməməsi onun məsuliyyətsizliyindən irəli gəlmir, sadəcə xəstəlik vərəqəsinin müddəti bitdikdə o, yazmağa məcbur edildiyi artıq bir yaşlı ərizəsinin işə düşəcəyindən ehtiyat edib və məsələnin sülh yolu ilə həll olunmasına qədər gözləmək istəyib.

Direktor deyə bilər ki, bu səbəb deyil və qanun hamı üçündür-HAMI ÜÇÜN?

Düzmü "eşitdim"?

O ki, qaldı ərizəyə- ərizə "köhnəlsə" də "problem" köhnəlmədi və köhnə ərizəni yenisi ilə əvəz etmək istəməyən İlham Hüseynov MADDƏ ilə işdən azad olundu.

...Ulduzlar hələ bir il öncə İ.Hüseynovun işdən azad olunacağından soraq vermişdilər, deməli ulduzlar səbəbsiz də sayrışarmış və bundan yerdəki ulduzlar da sığortalanmayıb...

BELƏ İŞLƏR...

Gülər Eldarqızı/şair-publisist

Baxış sayı: 2855