Qəriblikdə kimimiz var?, Diaspora Akademiyası, Dünya
26.03.2018 / 11:30

Vətəndən uzaqlarda bir VƏTƏNPƏRVƏR var- FOTO

Vətəndən uzaqlarda bir VƏTƏNPƏRVƏR var-
Astara tarixən ərənlər, igidlər, qəhrəmanlar yurdu kimi tanınır.

Torpağa bağlılıq, yurdsevərlik, vətənpərvərlik bu elin, obanın övladlarının qəlbinə, ruhuna uşaqlıq, gənclik illərindən hakim kəsilir.

Azərbaycanın bu qədim, əsrarəngiz diyarında dünyaya göz açmış akademik Ziya Bünyadov, Mirzə Cəbiyev, İlya Kaverin Sovet İttifaqı Qəhrəmanı kimi nüfuzlu ada, Ağahəsən Nəhmətov, Rəhmət Hətəmov bu ada bərabər tutulan “Şöhrət” ordeninin hər üç dərəcəsinə, Yalçın Nəsirov isə müstəqil Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.

Astaralılar dünyaya göz açdıqları yurda, azad, müstəqil ölkəmizə bağlılıqları, dövlətimizə, dövlətçiliyimizə sədaqətləri ilə daim seçilirlər.

Qələmə aldığım yazının qəhrəmanı Seymur Nəsirov da gözəlliyilə qəlbləri oxşayan, Astaranın dilbər guşələrindən sayılan Şüvi kəndində dünyaya gəlib. Ömrünün 42-ci baharına qədəm qoyub. Qısa və maraqlı tərcümeyi halı vardır. Orta məktəbi doğma Şüvi kəndində bitirib. Milli Qəhrəman Yalçın Nəsirov onun uşaqlıq dostu olub. Vətənə məhəbbət, təəssübkeşlik hissi onları bir-birinə bağlayıb. Yalçın hərbçi peşəsini seçib. 1995-ci ilin mart hadisələri zamanı şəhidlik zirvəsinə ucalıb.

Seymur Nəsirov 1998-ci ildə Bakı İslam Universitetini, 2002-ci ildə Misirdə Əl-Əzhər universitetinin “İslamşünaslıq və ərəb dili filologiyası” fakültəsini bitirib. O, bu universitetdə təhsil almış ilk azərbaycanlıdır. S.Nəsirov 2006-cı ildə Misir Fətva evində daha dörd il oxuyub MDB ölkələri arasında ilk fətvaçı diplomunu alıb.

2011-ci ildə Qahirədə Açıq Amerika universitetində ərəb dili və ədəbiyyatı ixtisası üzrə magistraturanı əla qiymətlərlə bitirib. Hazırda doktoranturada təhsilini davam etdirir. “Ərəb elminin xidmətlərində azərbaycanlı alimlərin səyləri” mövzusunda elmi tədqiqatlar aparır. 2011-ci ildə hicri tarixi ilə X əsrə qədər ərəb mənbələrində “Azərbaycanlıların həyatı və yaradıcılıqları” adlı kitabı nəfis çəkildə çap olunub.

Seymur müəllim bildirir ki, uzun bir tarixi dövr ərzində Azərbaycan ərəb-islam dünyası ilə bağlı olduğundan islam mədəniyyətinin mərkəzlərindən olan Misirin məşhur və qədim kitabxanalarında, araşdırmalar mərkəzində, arxivlərdə, xüsusən dünyanın ən qədim islam elmi mərkəzi sayılan Əl-Əzhər universitetinin kitabxanasında Azərbaycana dair çoxsaylı mənbələrə rast gəlmək mümkündür.

Sovet dönəmində Azərbaycan alimlərinə ideoloji əsasla məhdudiyyətlər qoyularaq, bu mənbələrlə yaxından işləməyə imkan verilməyib.

Seymur müəllim tədqiqatlar sayəsində 700-ə yaxın ərəb mənbələrindən Azərbaycanın görkəmli şəxsiyyətləri barədə yeni məlumatlar toplayıb, Qurani-Kərimdə Azərbaycan sözünü, böyük sərkərdə Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğunu, Qahirə kitab evində dahi şair Nizami Gəncəvinin “Xəmsə”sinin 6 nüsxəsini üzə çıxarıb.

Seymur Nəsirov “Vətənpərvər”-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, Qahirə universitetinin müəllimidir. Misirin keçmiş baş muftisi və dünyanın ən məşhur alimlərindən biri olan profesor, doktor Şeyx Əli Cümənin xarici tələbələrin işi üzrə köməkçisidir.

İrsi canlandırma üzrə "Halqa” fondunun təsisçilərindən biri və baş direktorudur. Hazırda dünyanın 58 ölkəsindən gəlmiş 1000-dən çox tələbəyə rəhbərlik edir. Seymur müəllim Azərbaycanla Misir arasinda əlaqələrin bugünkü vəziyyətindən söhbət açaraq dedi:

- Dünyanın ən qədim dövlətlərindən biri olan Misir bu gün yeni inkişaf mərhələsini yaşayır. Afrika qitəsi ilə Yaxın Şərqi birləşdirən bu ölkə Süveyş kanalı kimi dünyada olduqca əhəmiyyətli dəniz keçidinə sahibdir. Əsrlər boyu Azərbaycanla Misir arasında əlaqələr yüksək səviyyədə olub. Bunu apardığım tədqiqatlar da sübut edir. Azərbaycanlı alimlərin həyatlarına nəzər saldıqda görürük ki, ən məşhur alimlər Misirdə təhsil alıblar.

Ölkələrimiz arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Misir Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü tanıyan ilk ölkələrdən biridir. İslam Konfransı Təşkilatı çərçivəsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Azərbaycan cənubi Qafqazda yerləşən güclü və müasir dövlətdir. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, onun sürətli inkişafı Misiri cəlb edir. Ölkəmiz son illər ixrac potensialını artırmaq istiqamətində uğurlu addımlar atıb. Misir vasitəsilə Azərbaycan Afrika və Yaxın Şərq bazarlarına çıxış əldə edə bilər. Hər iki dövlətin qarşılıqlı maraqlarının mövcudluğu əlaqələrin də inkişafına stimul yaradır. Bu gün həm Misir, həm də Azərbaycan iqtisadi inkişaf mərhələsini yaşayırlar. Bu əlaqələrin genişləndirilməsi əməkdaşlığın böyük perspektivlərindən soraq verir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi getdikcə möhkəmlənir, müstəqil Azərbaycan dünyada tanınır. Uzaq Misirdə də ölkəmizi yaxşı tanıyır və sevirlər.

2016-cı ilin iyun ayında Bakıda Dünya azərbaycanlılarının dördüncü qurultayı keçirildi, -deyə Seymur Nəsirov bildirir. Cənab Prezident qurultayda diaspor təşkilatları qarşısında Azərbaycan həqiqətlərini, dilini, mədəniyyətini və Dağlıq Qarabağ problemini beynəlxalq ictimaiyyətə yüksək səviyyədə çatdırmaq kimi mühüm vəzifə qoydu.

Misirə qədəm qoyduğum gündən diaspor fəaliyyətinə başladım. Hər zaman Vətənimizi ləyaqətlə təmsil etməyə çalışırdım. Misirin nüfuzlu universitetlərində Azərbaycanla bağlı çıxışlarım çox diqqətlə, maraqla qarşılanırdı. Misirdə yaşayan azərbaycanlılar diaspora sədrliyi ilə bağlı seçki keçirdilər və mənə yekdilliklə səs verdilər. Doğrusu, bu çox böyük məsuliyyət idi. Qısa vaxtda Misirdəki Azərbaycan səfirliyilə birgə çoxlu tədbirlər keçirdik.

Misirin aparıcı televiziya kanallarında müstəqil Azərbaycanın tarixi, iqtisadi, mədəni inkişafı mövzusunda silsilə söhbətlər apardım. İlk dəfə olaraq Azərbaycan mətbəxini diasporun fəal xanımları vasitəsilə Misir dövlət televiziyası vasitəsilə təqdim etdik. Azərbaycan-Misir tarixi əlaqələri haqqında qəzetdə məqalə dərc etdirdik. Səfirliyimizlə universitet tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqə təşkil etdik.

“Vətənpərvər” birliyi diaspor təşkilatı olaraq yerli və beynəlxalq tədbirlərdə, görüşlərdə, eyni zamanda universitetlərdə keçirilən tədbirlərdə Azərbaycan həqiqətləri, Qarabağ problemi barədə informasiyaları Misir xalqına və beynəlxalq ictimaiyyətə çatdırır. Gənclərin iştirakı ilə həqiqətləri yaymağa üstünlik veririk. Ermənilərin bir neçə jurnalı var ki, ölkəmizlə bağlı hər zaman uydurma, yalan məlumatlar yayırlar. Odur ki, medianın imkanlarından daha çox bəhrələnirik.

Qarabağ mövzusunda, 20 Yanvar, Xocalı faciəsi barədə Misirin nüfuzlu kütləvi informasiya vasitələrində çıxışlarımız böyük maraq doğurur. Ölkəmizin zəngin tarixi, mədəniyyəti, turizm potensialı, coğrafi mövqeyi, unikal təbiəti, mətbəxi geniş təbliğ olunur.

Misir televiziyasında ilk dəfə Azərbaycanın mətbəxi, turizm potensialı və coğrafiyası ilə bağlı video çarxlar nümayiş etdirilib. Bunun nəticəsidir ki, son illər Azərbaycana səfər edən misirli turistlərin sayında artım müşahidə edilir.

Səfirliyin yaxından köməyilə tələbələrin Qəlubiyyə bölgəsində yerləşən Azərbaycan parkına və bu parkda ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsinə ziyarəti təşkil olunur. Misirli gənclərə ölkəmizin ulu keçmişi, zəngin təbiəti, müasirliyi, qazandığı uğurlar barədə məlumat verilir. Həmçinin parkdakı kitabxanaya Azərbaycan həqiqətlərini əks etdirən ərəb dilinə tərcümə edilmiş yeni kitablar verilib.

“Vətənpərvər”-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb. Universitetin IV kurs tələbələri üçün keçirilən Azərbaycan dili dərslərində 130-dan çox tələbə iştirak edir. Dərslərdə ölkəmizin tarixi, mədəniyyəti və Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə məlumatlar verilir.

Ana dilimizə böyük maraq göstərən gənclərin dili daha yaxşı mənimsəməsi üçün Qahirədəki diaspor mərkəzində əlavə kurslar təşkil olunur. Bu sahədə Azərbaycanın Misirdəki səfirliyinin xidmətini xüsusi qeyd etmək istərdim.

Həmçinin Əl-Əzhər və Ayn Şəms Qahirə universitetinin 500-dən çox tələbəsi Azərbaycan dilini öyrənir. Təhsil Nazirliyinin müvafiq qərarı ilə Azərbaycan dili universitetlərdə dərs proqramına daxil edilib. Gələn ildən digər universitetlər də bu proqrama daxil ediləcək. Bundan əlavə xəttatlıq və dekorasiya fənni də tədris edirik. Bu, dünyada çox sevilən sənətlərdən biridir. Misirdə də buna maraq böyükdür.

Yaxın gələcəkdə Misir-Azərbaycan Dostluq Cəmiyyətini təsis etməyi nəzərdə tutmuşuq,-deyə Seymur müəllim bildirir. Bu cəmiyyəti yaradandan sonra Azərbaycan həqiqətlərini daha geniş şəkildə beynəlxalq ictimaiyyətə çatdıra bilərik.

Bu yaxınlarda Misir televiziyası ilə çıxışımda Azərbaycan xalçasından söhbət açdım və Azərbaycan xalçasının dünyanın ən gözəl xalçası olduğunu, Bakı şəhərində xalça muzeyinin fəaliyyət göstərdiyini söylədim. Hətta Qurani Kərimdə də cənnət xalçalarının Azərbaycan xalçalarına bənzədiyini qeyd etdim.

Misir televiziyasında müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti, dahi Nizaminin Azərbaycanın Gəncə şəhərində olduğunu sübut edən elmi araşdırmalarım, şərqdə ilk operanın müəllifi, görkəmli bəstəkar Üzeyir Hacıbəyov, muğam ustası Alim Qasımov haqqında çıxışlarım olub.

Bu il ökəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd oluncaqdir. “Vətənpərvər” birliyi səfirliklə birgə tədbirlər keçirməyi planlaşdırıb. Artıq bu mövzuda mediada müəyyən informasiyalar yayılır.

Seymur müəllim deyir ki, ərəb mənbələrinə istinad edərək Azərbaycanla bağlı böyük bir ensiklopediya hazırlamaq, Misirdə Azərbaycan universiteti yaratmaq barədə düşünür. Yaxın gələcəkdə Azərbaycan Misirdə daha da yüksək səviyyədə təbliğ olunacaq.

Uzun illər Misirdə səmərəli fəaliyyət göstərən, diasporumuzun rəhbəri, dəyərli araşdırmaçı alim Seymur Nəsirov 2017-ci il dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Seymur Nəsirov minnətdarlıqla qeyd edir ki, cənab Prezident hər zaman xaricdə yaşayan azərbaycanlıların fəaliyyətini yüksək qiymətləndirir. Göstərilən bu diqqətə və etimada görə Misirdə yaşayan bütün azərbaycanlılar adından möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Seymur müəllim həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Misirin Aynu Şəms universitetinin dillər fakültəsinin ərəb dili bölməsinin məzunudur. Diaspora Mərkəzində və bir neçə universitetdə xarici tələbələrə Azərbaycan dilini tədris edir. Övladları 11 yaşlı Əli və 9 yaşlı Mustafa orta məktəbdə ərəb və ingilis dillərində təhsil alır.

Qəriblik, həsrət duyğuları onun Vətənə olan sevgisini, məhəbbətini daha da artırır. Azərbaycan haqqında ərəb mənbələrini oxuyanda qürur hissi keçirir. Müstəqil Azərbaycanın hər guşəsi, eyni zamanda doğulduğu Astara torpağı onun üçün doğma və əzizdir. Uzaq Misirdə çoxlu uğur və dostlar qazansa da, Vətəni heç vaxt unutmur. Qəlbi daim Vətən eşqi, Vətən sevgisi ilə döyünür.

Vətəndən uzaqlarda bir VƏTƏNPƏRVƏR var-


Vətəndən uzaqlarda bir VƏTƏNPƏRVƏR var-


Əlisəfa Həsənov/Astara

Baxış sayı: 435