Din, Araşdırma
26.03.2018 / 10:30

Lənkəranın məscidləri, rus kilsələri- Araşıdrma

Lənkəranın məscidləri, rus kilsələri-
Hacı Etibar Əhədov


Ön söz yerinə


Müxtəlif dövrlərdə Lənkəran məscidləri haqqında bu yerlərdə olmuş səyyahların, ayrı-ayrı müəlliflərin əsərlərində, tam da olmasa, bir sıra məlumatlar əldə etmək mümkündür.

Dindarlar üçün həm ibadət yeri, həm də mədəniyyət nümunəsi olan məscidlər tarixən Azərbaycanın qədim tikililəri sırasında memarlıq üslubu xüsusiyyətləri baxımındın diqqəti çəkir.
Mənbələrdə göstərilir ki, Naxçıvan Muxtar Respublikası və işğal olunmuş rayonlar istisna olmaqla bu gün Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq mövcuddur.

Müstəqillik dövründə ölkəmizdə 814 məscid inşa olunmuşdur. Sovetlər dönənimdə isə cəmi 17 məscid fəaliyyət göstərirdi. 2003-2016-cı illərdə ölkədə 219 məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Heydər Əliyev Fondu tərəfindən 8 məscid və ziyarətgah inşa və əsaslı təmir edilib.

İbadət yeri,mədəniyyət nümunəsi

Mənbələrdə səyyah İ.Lerxin 1869-cu ildə yazdığı qeydlərində Lənkəranın Boladi kəndində qoşa minarəli məscidin olması xəbər verilir (İ.Xankişiyev, E. Əhədov, Boladi, B., 2003, səh. 14).
1879-cu ildə Tiflisdə nəşr edilmiş "Qafqaz haqqında məlumat" məcmuəsində yazılır ki, XVIII əsrin 70-ci illərində Lənkəranda 66 məscid olub.

2017-ci ildə Lənkəranda 76 məscid, 7 ziyarətgah, 1 pir qeydə alınıb.

Bir vaxtlar Lənkəran şəhərinin dindarları bünövrəsi Qacarlar dövründən qoyulmuş Sütəmurdov kənd məscidinə yığılardılar.

1864-cü ildə isə Kərbalayı Qulu, Kərbəlayı Ağaqulu, Hacı Mirağa və digər dindarların və xeyriyyəçilərin vəsaiti hesabına Böyük bazar məscidi tikilib. 1929-cu ilədək məscidin altı təkyəsi olub. Həmin təkyələrə onu bina edənlərin adı verilib.

Kərbalayı Hüseynin, general Hacı Mir Abbas xan Talışınskinin (Yaranal xan), Kərimovların, Hacı Manafın və Hacı Ələsgərin təkyələri XX əsrin 30-cü illərində dağıdılmışdır. Hacı Hacağa Əkbərovun təkyəsi bu günə kimi qalıb. Məscid 1995-1997-ci illərdə yenidən qurulub.

Usta Hacı Ağamirzə Mirzəyev tərəfindən hündürlüyü 36 metr olan yeni minarə ucaldılıb. El arasında Böyük bazar məscidinə "Cümə məscidi" də deyilir.

Nəriman Nərimanov 1922-ci ilin oktyabr ayında Lənkəranda olarkən Böyük bazar məscidində camaat qarşısında çıxış edib (B.Hüseynbalaoğlu, M. Talışlı. Lənkəran, B., 1990, səh. 78).

General Səmədbəy Mehmandarov, böyük demokrat-jurnalist C.Məmmədquluzadə və digər görkəmli şəxslər də məsciddə camaatla görüşərdilər.

Mübariz Atakişibəylinin məlumatına görə, şəhərin Alboxça məhəlləsindəki məscid XVIII əsrin əvvəllərindən 1937-ci ilədək fəaliyyət göstərib. Şəhərin yeddi küçəsinin birləşdiyi, indiki Səməd Vurğun və Şəkər Aslan küçələrinin kəsişdiyi yerdə yerləşib. 30-cu illərdə məscidin xidmətçisi (xüddamı) - Cavad adlı dindar olub. Görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli yerli ziyalı Hüseyn Atakişiyevlə Lənkəranda mərasim nəğmələrini toplayarkən Cavadın evində qalıb.

Böyük bazar və Kiçik bazar məscidlərinin dindarları aşura gecəsində Abbasiyyə məscidinin həyətinə toplaşaraq şəbeh çıxarardılar.

Məscid otuzuncu illərdə dağıdılsa da, minbəri bu gün də qorunur, Sütəmurdov kənd məscidindədir. Onu məscidə poçtalyon Nəsirin verdiyini deyirlər.

Lənkərandakı məscidlər adətən birmərtəbəli, paralelopiped formasında tikilıb. Divar materialları bişmiş kərpicdən hörülüb, kümü suvallarla örtülüb.

Məscidlərin içərisində əsas yeri namaz qılmaq üçün iri, geniş zal tutur.

Şəhərin XIX əsr memarlığını özündə əks etdirən dini abidələrindən biri Kiçik bazar məscididir. Üzərində olan kitabədən məscidin hicri tarixi ilə 1904-cü ildə tikildiyi qeyd olunur.
Tarix elmləri namizədi Ə. Abbasov məsciddəki kitabələrin oxunmasında böyük zəhmət çəkib. Bu barədə "Elm və həyat" jurnalının 1991-ci ilin ikinci sayında dərc olunan "Bir məktubun izi ilə" sərlövhəli yazıda məlumat verilir.

Fasad üzərindəki kitabədə məscidin tarixi göstərilir. Orada yazılıb: "Tarix məscid şod sənə 1322 məmur kəşt və be malu ğəfur və dud (man)". Tərcüməsi: "Məscidin (bina) tarixi 1322-ci (1904-müəl.) ildə oldu. O, Allahın və bağışlayanın malı (pulu) ilə bina oldu".

Məscidin sağ qapısı ornamentlidir, kitabəsizdir. Sol qapı üzərində isə gözəl xətlə ayinlər və nəzm ilə qapının düzəldilməsi haqqında məlumat verilir. Qapının yuxarısında "Ya Allah! Lə İlahə iləl-lah, Məhəmmədən Rəsulallah, Aliyyu vəliyyul-lah! (Ya Allah! Allahdan başqa varlıq yoxdur. Məhəmməd Allahın elçisidir, Əli Allahın (yer üzündə) valisidir)" sözləri yazılıb.

Məscidin tikintisinə "Ziyai" təxəllüsü ilə şeirlər yazmış din xadimi Hacı Məhəmməd axund Axundzadə rəhbərlik etmişdir. Məscidin bünövrəsi qoyularkən çar hökumətinin Lənkərandakı nümayəndəsi binanın tikintisinə icazə verməmişdir. Buna görə də Hacı Məhəmməd axund təsadüfən İrandan Lənkərana Qurbanovların evinə qonaq gəlmiş bir mötəbər şəxsə məsələni çatdırır. Bir neçə vaxtdan sonra iranlı qonaq Lənkərana gələrək, məscidin tikintisinə icazə verilməsi qərarını Hacı Məhəmməd axunda təqdim edir.

“Məlumata görə, məscidin nəccarı usta Rəhim və onun atası olub. Məscid inşa edilərkən onun yanında güldəstə adı ilə məşhur olan möhtəşəm minarə vardı. 30-cu illərdə Sovet rejimi dövründə bu əzəmətli minarə dağıdılmışdır (S.Abdullayeva. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Lənkəranın yeri və rolu, "525-ci qəzet", 12-13.11.2015).

2010-cu ildə burada Hacı Məmmədhüseyn Mirabutalıb oğlu Cəfərovun və digər dindarların xeyriyyəçiliyi ilə hündürlüyü 24 metr olan minarə ucaldılıb.

Ramiz Atakişiyevin yazdığına görə, Lənkərandakı Kiçik bazar məscidinin mühən-disi lənkəranlı Mirzə Muxtar Qasımov olub. O, Varşavada təhsil almışdı. Azərbaycan Sənaye İnstitutunun dosenti idi.

Məscidin sol qapısını XIX əsrdə Lənkəranda fəaliyyət göstərmiş "Fövcül-füsəha" ədəbi məclisinin üzvü usta Məmməd¬həsən Nəccar, sağ qapısını usta Məmmədəli tərəfindən hazırlanıb.

Memar Cahid Həsənovun yazdığına görə, Kiçik bazar məscidini Lənkəranda tikilən digər məscidlərdən fərqləndirən cəhətlər var. Bu cəhət əsasən fasadda və yan fasadlarda enli, hündür pəncərələrin ensiz, hündür və şəbəkəsiz olmasındadır.

Məscidin hündürlüyü 11,17 metr, ibadət zalının uzunluğu 26,53 metr, eni isə 10,8 metrdir. Məscidin fasadında 7 ensiz, hündür, simmetrik pəncərələr yerləşdirilib.

Məscid fəaliyyətə başlayan gündən ona axundlar - Molla Mirəhməd, Şeyx Hüseyn, Molla Ağabala, Molla Vəli, Mirzə Məmmədhüseyn, Axund Sədi, Hacı Əliağa Ağayev, Hacı Möhübbət Əliyev və başqaları başçılıq etmişlər (M.Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat, B., 2017, səh. 292).

Kiçik bazar məscidi memarlıq baxımından bölgənin məscidlərindən seçilir. Bu məscidə həm yerli, həm də başqa yerlərdə olan memarlıq üslubları gətirilib.

Məsələn, bu məscidin başqa məscidlər kimi qırmızı kərpicdən tikilməsi görünmür. Giriş hissələrində dəmir örtmələr, pəncərələrin dar şəkildə hörülməsi onun fərqləndirici əlamətlərindəndir.

Tarixən Lənkəranın əksər yaşayış məntəqələrində dövrə görə məscidlər olmuş və onların çoxu bugünədək qorunub saxlanılıb.

Sütəmurdov (XVIII əsr), Viyən (1883), Xolmili (1886), Şağlakücə (1904), Rvo (1906), Cil (1906), Gərmətük (1906), Aşağı Nüvədi (XIX əsr), Vilvan (1922), Veravul, Şağlaser məscidləri XIX-XX əsr tikintiləri içərisində diqqəti çəkən dini abidələrdəndir. 1990-cı ildən sonra məscidlər və ziyarətgahlar əsaslı bərpa edilərək dindarların istifadəsinə verilib.

Vilvan kəndində ilk məscid 1848-ci ildə, köhnə gübrə anbarının yanında tikilib. Məscid əvvəllər bir otaqdan ibarət olub, tuneli də vardı. Onun sağ tərəfində qadınlar üçün arakəsmə düzəldilib.

Qadınlar buraya yalnız özlərinə məxsus olan giriş yolundan gəlib-çıxırdılar.

Əhali artdıqca ikinci məscidin tikilməsinə ehtiyac yaranıb. İndiki məscid 1922-ci ildə veravullu Məlik Ağayev tərəfindən savabına qızıl pulla alınan torpaq sahəsində tikilib.

1992-ci ildə kəndin molloba məhəlləsində Kərbəlayı Bəhlul Axundovun rəhbərliyi ilə daha bir məscid inşa edilib.


Ardı var...


İnform.az

Baxış sayı: 601