Hüquq
16.03.2018 / 16:44

"Azərbaycanda seçki komissiyalarının mühafizəsini 12000-dən artıq polis əməkdaşı təmin edəcək"- Oqtay Kərimov

"Azərbaycanda seçki komissiyalarının mühafizəsini 12000-dən artıq polis əməkdaşı təmin edəcək"-[b]Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkilərinin gedişi, eləcə də qanun pozuntuları barədə daxil olmuş məlumatların yoxlanılaraq zəruri tədbirlərin görülməsi və nəticələrinin vaxtında məruzə olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarələrinin əməkdaşlarından ibarət xüsusi işçi qrupu, Bakı Şəhər Baş Polis İdarəsində isə xüsusi operativ qrup yaradılıb.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov bu gün nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

O. Kərimov qeyd edib ki, seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və bu prosesdə iştirak edən digər subyektlərin təhlükəsizliyinin təmini, hüquqlarının qorunması, vətəndaşlarla ünsiyyətdə polis əməkdaşlarının etik davranış qaydalarına ciddi riayət etmələri kimi məsələlər də diqqət mərkəzində saxlanılır.

Polisin bu mühüm mərhələdə hüquq və vəzifələrinə dair Mərkəzi Seçki Komissiyası ilə birgə hazırlanmış 11.000 ədəd «Yaddaş kitabçası» şəxsi heyətə paylanıb.

Həmçinin bu il fevralın 15-də «Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti» mövzusunda Mərkəzi Seçki Komissiyasında keçirilmiş müşavirədə kurator nazir müavini tərəfindən seçki prosesində polis orqanlarının hüquq və vəzifələri, həyata keçirilən təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat verilib.

Məruzəçi qeyd edib ki, Daxili İşlər Nazirliyinin bütün orqan və hissələri gücləndirilmiş iş rejimində xidmət aparacaq, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin edəcək 12000-dən artıq polis əməkdaşı bütün zəruri xüsusi və digər vasitələrlə tam təchiz olunub, şəhər, rayon polis orqanlarının dislokasiya planlarındakı dəyişikliklər nəzərə alınmaqla ictimai yerlərdə, o cümlədən küçələrdə hüquq qaydasının təmin edilməsinə cəlb olunan naryadarın sayı artırılıb.

Təbliğat-təşviqat kampaniyasının keçirildiyi yerlərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında hüquq qaydasına riayət olunmasının vəziyyəti «Təhlükəsiz şəhər» sisteminin müşahidə kameraları ilə fasiləsiz izlənəcək, bütün hüquqazidd hərəkətlərə dərhal reaksiya verilməklə yaxınlığındakı naryadlar hadisə yerinə yönəldiləcək.

Bildirilib ki, seçki bülletenləri dairə və məntəqə seçki komissiyalarına daxil olduğu andan dairə və məntəqələr polis orqanları tərəfindən 24 saat müddətinə mühafizəyə götürüləcək.

[b]İnform.az[/b]

Baxış sayı: 45