Şərhlər
14.03.2018 / 13:40

Gənclərin psixoloji sağlamlığı üçün önəmli amil

Gənclərin psixoloji sağlamlığı üçün önəmli amil
Şahin Mustafayevin facebook səhifəsindən:


Dünən Daşkəndə gəldim. Burada Oman Sultanlığının maliyyə dəstəyi ilə tikilmiş Biruni adına Şərqşünaslıq institutu və kitabxanasının yeni, ən müasir avadanlıqla təchiz edilmiş binasının açılış mərasimində iştirak edəcəyəm. Ancaq sözümün canı bunda deyil.

İndi qaldığım oteldə divardan asılmış geniş ekranlı televizoru qoşub kanalları çevirdiyimdə, bir erməni kanalına da rast gəldim. Diqqətimi çəkdi, özəl kanala bənzəyir. Hərbi mövzuda bir serial nümayiş etdirilirdi.

Qarabağda cəbhə bölgəsində erməni hərbçilərinin həyatı haqqında bəhs edilir. Səngərdə keşik çəkdikləri zaman qəflətən Azərbaycan əsgərlərindən ibarət “diversion” qrup hücum edir, döyüş baş verir və s.

Bəzi texniki nüanslardan filmin yeni çəkildiyi hiss olunur. İstər-istəməz iki il öncə aprel döyüşlərində məruz qaldıqları ağır itkilər və məğlubiyyətin onlara həqiqətən xeyli dərəcədə mənfi təsir göstərdiyini düşündüm.

Çox güman ki, bu film erməni cəmiyyətinin ictimai şüurunda psixoloji travmanı aradan qaldırmaq və ruh yüksəkliyi yaratmaq məqsədi ilə çəkilib. Hər halda, görünür, bu sahəyə ciddi diqqət yetirirlər. Yəqin ki, serialın aprel döyüşlərinin iki illiyii ərəfəsində nümayiş etdirilməsi də təsadüfi deyil.

Eyni zamanda, çalışdım yadıma salım – bizim özəl TV kanallarında da səngərdəki əsgərlərimizin həyatı haqqında bir serial nümayiş etdirilirmi? Ümumiyyətlə, belə serial çəkilibmi? (Rəhmətlik Ceyhun Mirzəyevin ürək yanğısı ilə çəkdiyi “Fəryad” filmi istisna). Yadıma düşmədi, bəlkə də mən görməmişəm.

Yaxşı olardı ki, özəl kanallarda bayağı çal-çağır və şou proqramlarının əvəzinə daha çox maarifləndirici veriliş və filmlərə üstünlük verilsin. Cəmiyyətin, xüsusilə gənclərin psixoloji sağlamlığı üçün bu, önəmli amildir.

İnform.az

Baxış sayı: 393