Ədəbiyyat
14.03.2018 / 12:00

Kişidə taktika, qadında strategiya…

Kişidə taktika, qadında strategiya…
Günel Emin



(Hekayə)


Gözəl bir qızı görmüşdü oğlan. Cəlb edirdi qız gözəlliyi və enerjisi ilə. O, tədbir başlamamış dostları ilə deyib gülür, çox səmimi, təbii, komplekssiz görünərək ətrafındakı kişiləri bilərəkdən, qəsdən, bəlkə də bilməyərəkdən cəlb edirdi.

Onun baxışı, hərəkətləri, gülüşü, səsi, duruşu çox məsum və səmimi idi. Özündə cəsarət tapıb ona yaxınlaşdı. Özünü təqdim etdi. Tanış olmaq və onunla dostlaşmaq istəyinə rədd cavabı aldı, ona kəskin şəkildə «yox» deyilmişdi. Bu cavabla barışa bilmirdi. Qızın qolundan tutub qulağına pıçıldadı:

-Niyə yox?! Axı siz məni hələ tanımırsınız!

-Çünki kişilər taktikadır, qadınlar strategiyadı...

Kişilər uzağı görməz, qısa zaman üçün düşünər, davranarlar, qadınlar isə uzağı görər, orta və uzun müddətə düşünər, davranarlar. Fərq budur. Tutaq ki, tanış olduq. Sonra biz nömrələrimizin, sosial şəbəkədəki səhifələrimizin mübadiləsini apardıq.

Bir müddət zəngləşib, yazışıb danışdıq. Sonra bu sizə bəs etməyəcək, görüşəcəyik, lap çay, kofe içib pizza, dönər yeyəcək, sonra açıq havada gəzəcəyik. Bu da sizə azlıq edəcək, daha çox darıxacağınızı deyib, daha çox vaxt ayırmağımı, görüşməyimizi istəyəcəksiniz. Lap buna da razı olub tez-tez görüşəcəyik. Sonra deyəcəksiniz ki, xətrimi çox istəyirsiniz, yaxın dostum olmaq, sizə güvənməyimi istəyəcəksiniz.

Bəlkə də məni sevəcək, aşiq olacaqsınız. Amma dərdləşəndə, boşandığımı və tək yaşadığımı biləndə mənə olan sevgi, ciddi münasibətiniz bitəcək. Sonra bu bir maneə deyil, sizi sevirəm, ailə, uşaq istəyirəm, mənə kim nə deyəcək vacib deyil, arzularımın qadınısan nağılını danışacaqsınız, mən də guya aldanıb hər sözünüzə inanacağam. Hələ deyəcəksiniz ki, səni çox sevirəm, seks mənim üçün önəmli deyil. Amma beyninizdə ilk istək məni yatağa salmaq olacaqdır...

Kişidə taktika, qadında strategiya…


Burada və bu andan etibarən oyun, yalanlar doğulacaq. Tutaq ki, buna da aldanmaq istədiyim üçün aldanacağam. Sonra dostluq sevgiyə çevriləcək. Sevgili olacağıq, dostluq bitəcək, unudulacaq. Sonra seks istəyəcəksiniz, bir dəfə sevişəndən sonra ya mənə maraq və sevginiz bitəcək, ya mənlə sevişməkdən həzz aldığınız üçün münasibəti ancaq buna görə quracaq, görüşəndə ancaq sevişmək istəyəcəksiniz, dostluq, ünsiyyət yaddan çıxacaq, ya da mənimlə sevişməyi bəyənməyib, başqa birisini axtaracaqsınız. Ən pis halda, mən sizi ilk sevişmədən sonra bəyənməyib uzaqlaşacağam, siz ayrılıq üçün səbəbi axtaracaqsınız, soruşduqda, susacağam.

Ya da məndən sevişib doyandan sonra başqa qadın axtarışında olacaqsınız. Məndən ayrılıb başqa qadın tapacaqsınız. Mən sizə istədiyiniz hər şeyi vermiş olacağam, arzularınızın qadını. Siz hər yeni qadında məni və arzularınızın və təxəyyülünüzün gerçəkləşməsini istəyəcəksiniz, amma tapa bilməyəcəksiniz.

Hər yeni qadında tapa bilmədikcə, geri dönmək istəyəcəksiniz, gec olacaq. Dost qalmaq istədiyinizi bildirib, bəlkə də üzr istəyəcəksiniz, mənsə rədd edib deyəcəyəm ki, dostluqdan sevgiyə keçərkən dostluq bitdi, sevgi də bitdi, təkrar dostluq başlaya bilməz. Yəni barışıq və dostluq təklifinizi rədd edəcəyəm. Siz isə arxamca danışacaqsınız, məni əxlaqsız kimi tanıdacaqsınız. Beləcə daha bir kişi haqqımda yalan şaiyələr buraxacaq. Ona görə bütün bu proseslər müəyyən zamanımızı əlimizdən alacaq. Bəri başdan rədd edirəm ki, bir-birimizi və özümüzü aldatmayaq.

Bax beləcə daha bir kişi bir qadını növbəti dəfə aldatmış olacaqdır. Bax beləcə sevgiyə inanmayacaq aldadılmış qadın. Nifrət etdiyi kişilərin siyahısına daha bir ad əlavə olunacaq və beləcə düşünəcək və əmin olacaq ki, bütün kişilər eynidirlər, əclafdırlar. Bax bu zaman qurunun odunda yaş da yanacaq. Gəlin, özünüzü yandırmayın.

Kişilər haqqında bu düşüncəmi təsdiq edəcəksiniz:

"Kişilər mənə hosteli xatırladır. Ucuz, əlçatan, balaca olurlar, simaları sakinləri kimi çox və dəyişkəndir..."

Bunu deyib qız ondan uzaqlaşıb dostları dayanan yerə tərəf addımladı.

-Bəs onlarla mənim aramda nə fərq var axı? Onlarla dostluq edirsən axı?

-Onları sınamışam, onlar əsl kişilərdir.

İnform.az

Baxış sayı: 243