Ədəbiyyat
13.03.2018 / 14:15

Sevgi bitərsə...

Sevgi bitərsə...
Günel Emin


Sevgi bitərsə,

bir gün külək kimi saçlarınla oynasın deyə uzatdığın saçları "uf" demədən kəsərsən, uzanmağa qoymazsan ki, yadına düşməsin xatirələrin...

Sevgi bitərsə,


bir gün hər yerdə gözlərinlə axtardığın, minlərlə insanın içində tanıyıb üzərinə qaçıb qucaqladığın insanı görməmək üçün yolunu dəyişərsən, ya da arsızlığına salıb susaraq gözlərinin içinə baxıb yanından yel olub ötərsən...

Sevgi bitərsə

ilk silinən birgə şəkillər, yazdığı ismarıclar, zəng tarixçəsi, telefon nömrələri olacaq, unutmaq üçün...

Sevgi bitərsə,


sevilsən də başqaları tərəfindən, sevgiyə, insanlara güvənin bitdiyi yerdən baxaraq təkrar sevməkdən ehtiyat edərsən, sevmək istəsən belə...

Sevgi bitərsə,


"Hər başlanğıcın bir sonu var" fikir, nəzəri və praktiki teoremdən iki əlli yapışıb, başlamadan bitirərsən hər şeyi...

Sevgi bitərsə,

ayrılığı belə azadlıq, xilas kimi qəbul edərsən, göz yaşlarını gizlədərək yalançı gülüş maskasını geyinib gəzərsən, xoşbəxtsən axı...

Sevgi bitərsə,


onun geri dönməsini istəmədiyin zaman geri dönərsə, bağışlamaq, barışmaqdan qaçmağa çalışırsan... Bacardığın qədər soyuqqanlı olmağa çalışarsan...

Sevgi bitərsə,


onunla birlikdə olduğun məkanlardan uzaq durarsan, rastlaşa biləcəyin yerlərdən kənar gəzərsən, üzləşməkdən, hisslərinin yenidən alovlanmasından ehtiyat edərsən...

Sevgi bitərsə,


hər kəsi onun kimi bilərsən, vicdansız, yalançı, əclaf, xəyanətkar, etibarsız...

Sevgi bitərsə...


İnform.az

Baxış sayı: 198